Sərhəd postlarının qurulması Rusiya FTX-nin səlahiyyətində olan məsələdir - Ruaiya XİN

5 Avqust 2021 18:58 (UTC+04:00)

“Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiya olunmasının və tez bir zamanda bu işə başlanmasının tərəfdarıdır”.

Aznews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi brifinqdə Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədi boyu Rusiya sülhməramlılarının yerləşdirilməsinin təklifinə münasibət bildirərkən deyib.

"Ümumilikdə, sərhəd postlarının qurulması Rusiya Federal Təhlükəsizlik Xidmətinin səlahiyyətində olan məsələdir. Amma biz də öz tərəfimizdən deyə bilərik ki, Rusiya bu mövzuya böyük diqqət yetirir, sərhədyanı mübahisənin nizamlanmasına istiqamətlənən aktiv vasitəçilik səyləri göstərir. Sərhədçilərin sərhəd boyu yerləşdirilməsinin həyata keçirilməsinin problemlərindən biri sərhədlərin beynəlxalq-hüquqi formalaşmasının olmamasıdır. Hesab edirik ki, sərhəddə dayanıqlı deeskalasiyanı yalnız Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiya işinə təxirə salınmadan başlanılması prosesi təmin edə bilər. Rusiya bu prosesə tezliklə başlanmasının tərəfdarıdır”, - deyə rusiyalı diplomat qeyd edib.