“Ermənistan milli azlıqların hüquqlarını müdafiə etməklə bağlı cinayət işi açılan Yezidi İnsan Haqları Mərkəzinin qurucusu Saşik Sultanyanı təhdid etməyi sonlandırmalıdır”.
AzNews.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları müdafiəçiləri tərəfindən yayılan bəyanatında deyilir.
Fəallar vurğulayıb ki, Ermənistan hökuməti Saşik Sultanyanı keçən il verdiyi onlayn müsahibə ilə əlaqədar nifrət və zorakılığa təhrikdə ittiham etməyi dayandırmalıdır.
"Azlıqların hüquqları ilə bağlı narahatlığını ifadə etmək nifrət və ya şiddətə təhrik deyil. Əksinə, bu, ifadə azadlığıdır”, - deyə onlar bildiriblər.
Saşik Sultanyan ötən il Yezidinews.am saytına Ermənistandakı yezidilərin problemləri ilə bağlı müsahibə verib. Günahı sübut edilərsə, ona 3 ildən 6 ilə qədər həbs cəzası verilə bilər.
"Ermənistan hökuməti cəmiyyətdəki iştirakları ilə bağlı şikayətləri birbaşa Yezidilər və digər azlıqlarla müzakirə etməlidir, onları susdurmaq üçün saxta cinayət ittihamlarından istifadə etməməlidir", - ekspertlər qeyd edib.
Üç ekspert bu mövzu ilə bağlı Ermənistan hökuməti ilə dialoqdadır.