Akif Muradverdiyevin evində axtarış oldu

22 İyun 2013 15:44 (UTC+04:00)
"Akif Muradverdiyevin evində aparılan axtarış nəticəsində heç nə tapılmayıb".

Bu sözləri modern.az saytına açıqlamasında vəkil Fuad Ağayev bildirib. Onun sözlərinə görə axtarış Muradverdiyevin və qohumlarının 3 mənzilində aparılıb.

"Bu axtarışlarla Akif Muradverdiyevin və onun qohumlarının mənzil toxunulmazlığı hüququnu kobud şəkildə pozulub. Vəkillər və qohumları iki ünvanda keçirilən axtarışlarda iştirak etdik. Amma heç nə tapılmadı, çünki axtarışların iş üçün heç bir əhəmiyyəti olmadı".

F.Ağayev vurğulayıb ki, axtarışla bağlı məhkəmə qərarları tamamilə qanunsuz olduğunu və bununla bağlı müvafiq şikayətlər verəcəklərini vurğulayıb. "Bu insanların mənzil hüququnun, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin açıq və kobud pozuntusudur. Qanun pozuntusuna görə istintaq və prokurorluqla yanaşı, Səbail rayon məhkəməsinin hakimləri Rauf Dəmirqan oğlu Əhmədov və Elşad Yaquboviç Səmayev məsuliyyət daşıyır".

Qeyd edək ki, Muradverdiyev iyunun 20-də Moskvaya uçarkən Bakı aeroportunda saxlanıb. Milli Təhlükəsizlik nazirliyinin İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Prezident Administrasiyasının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin evində axtarış aparılıb.

AzNews.az