Qazaxlı Alik: “Başıma pul qoyan erməni generalını elə başından vurmaq nəsibim oldu” - FOTOLAR

24 Avqust 2021 09:14 (UTC+04:00)

Əziz oxucular, bu dəfə sizi əfsanəvi komandir, Qazax elini düşməndən qoruyan igid döyüşçü ilə tanış edəcək, 61 yaşlı Arif Muradovun yaratdığı könüllü batalyonla keçdiyi döyüş yolu və düşmənə vurduğu sarsıdıcı zərbələrdən danışacağıq.

AzNews.az Ordu.az-a istinadən müsahibəni təqdim edir:

- Salam, komandir. Zəhmət olmasa, özünüzü təqdim edin.

- Salam. Əvvəla xoş gəlmisiniz. Mənimlə maraqlandığınız üçün çox təşəkkür edirəm. Mən, Muradov Arif Fuad oğlu 1958-ci ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşam. Hamı məni “Qazaxlı Alik” kimi tanıyır, siz də elə müraciət edə bilərsiniz. Hərbi xidmətimi SSRİ dövründə Uzqorodda Hava Hücumundan Müdafiə bölmələrində başa vurmuşam.


- Komandir, necə oldu ki, könüllü dəstə yaratdınız? Ümumiyyətlə döyüşə qatılmağınıza hansı hadisə təkan verdi?

- İndi deyirlər ki, ermənilər 1988-ci ildə Sumqayıt hadisələrindən sonra fəallaşdılar. Əslində onların bizə və türklərə qarşı torpaq iddiası bir az da əvvələ gedib çıxır. Hələ 1962-ci ildə Xankəndində azərbaycanlı iki qardaşı öldürüb, küçədə yandırmışdılar. Çünki vəhşilik bu varlıqların xislətində var. Beləliklə, 1987-ci il noyabrın 25-də mən əlimə silah aldım. Həm də tək... Başladım qisas almağa... Məni buna vadar edən isə ard-arda baş verən hadisələr oldu ki, indi hər şeyi demək mümkün deyil. Barışmadığım çox şey var idi. Düşmən arxada işini görüb, üzdə “dostluq” edirdi.


Beləliklə mənim ətrafıma 15-20 nəfər də toplaşdı. Biz olduq kiçik bir dəstə. Həm də tüfəng, xəncər, balta ilə silahlanmışdıq. Amma hər birimiz əlimizdəkini ən müasir silah bilirdik. Çünki onu vuran, atan ürək var idi. Şah İsmayıl demişkən qılınc həmin qılıncdır, vuran qol o qol deyil. İndi o qol bizdə idi deyə hər əlimizə keçənlə ancaq qisas almağı, düşməni geri oturtmağı düşünürdük. Sonradan dəstəm böyüdü, olduq 200 nəfər. 1991-ci ilin noyabr ayında bizə hərbi hissə verdilər. Biz də nizami ordu olaraq formalaşıb, rəsmi qaydada vuruşmağa başladıq. Mən mayor rütbəsi ilə komandir oldum. 930 nəfər rəsmi qeydiyyata alındı. Artıq bizim rezerv batalyonlarımız da yarandı. Hər gün 30-40 nəfər sıralarımıza qatılırdı. Demək olar ki, hər kəndən, hər rayondan var idi.

- Komandir, ilk əməliyyatınızı harada reallaşdırdınız?


- Könüllü batalyonun vaxtında ilk əməliyyatımızı düşmən arxasında reallaşdırdıq. Düşmənin hərbi sursatının bir hissəsinin xalça sexində saxlanıldığını öyrəndik. Nəticədə İcevan rayonunda yerləşən xalça sexinə od vurduq. Geri qayıdanda 8, qəbirstanlıq və şaftalı bağının ətrafında isə 60-dan çox silahlı ermənini məhv etdik. Deyəsən onlar bizim keçdiyimizi hiss etmişdilər. Sonra rayona gəldik. Xeyrimli, Əskipara və digər kəndlərin mərd oğlanları ilə bir çox əks-həmlə əməliyyatları həyata keçirdik. Təcrübəsi az olan döyüşçülərimlə erməni “nayomniklərinə” qarşı uğurlu döyüşlər reallaşdırırdıq. Çünki mən döyüşçülərimə demişdim ki, şəhid olmaq gözəl hissdir, amma siz öldürməlisiniz. Ona görə də səbrlə gözləyirdik ki, ancaq öldürək. Elə əməliyyat olurdu ki, qayıdanda döyüşçülərim uşaq kimi didişirdilər. Səbəbini soruşanda deyirdilər ki, “o imkan vermədi mən də birini vuram, hamısını öldürdü”. Bax məni də ruhlandıran belə şeylər idi.

- Qazaxdan başqa hansı bölgələrdə vuruşmusunuz? Neçə şəhidiniz olub?


- Münaqişə cərəyan edən hər yerdə - Ağstafa, Tovuz, Qazax, Kəlbəcər, Laçın, Goranboy, Gədəbəy, Qarabağın bir çox hissəsində. Nə vaxt dayanırdıq ki? Haraya yetirdik, düşmən toparlananda da biz hücuma keçirdik. Erməni zabitlər həmişə rabitə əlaqəsində rus dilində deyirdi ki, müharibənin də qanunları var. Siz yorulmursunuz? Onun sualına isə həmişə 400 nəfərin “Odinoçka” tək atışı ilə cavab verirdik. Səsdən başa düşürdü ki, ümumi dəstə döyüşə hazırdır. Bizim düşmən üzərində qələbələrimizə təkan verən amillərdən biri də o idi ki, hara gedirdik məhz həmin rayondan, kənddən özümüzə qeyrətli oğullardan bələdçi götürürdük. Biz sözlə haray deyənin dadına yetirdik. Başqa bölgələrdən də bizim kimi oğullar bizə dəstək olurdular. Allah ölənlərə rəhmət eləsin, qalanlara da can sağlığı arzulayıram.


İlk şəhidimi isə Xocalı faciəsindən sonra verdim. Ermənilər kiçik dəstələrlə hücum edirdilər. Amma 1992-ci il martın 14-də daha böyük dəstə ilə Qazax tərəfdən, Aşağı Əskipara Xeyrimli kəndinin üstündən hücuma başladılar. Bax o döyüşdə ilk şəhidimi verdim. Həmin döyüşdə qüvvələr qeyri-bərabər idi. Ruslar ermənilərə dəstək verirdi. Qızğın döyüş zamanı mən yaralandım. Hüseynov Telman adlı döyüşçüm məni yaralı halda güllədən mühafizə olunan əraziyə təxliyyə etdi. Telman özü də qolundan yaralandı. Həmin ərəfədə bizi mühasirəyə aldılar. Rasim Bayramov adlı döyüşçüm də ayağından yaralandı. Onu yaralı ələ keçirib BTR-ə qoyub apardılar. Bilirdilər ki, mənim dəstəmdəndir. Ona görə də onu şəhid etdilər.

- Komandir, könüllü olanda silah təchizatını necə təmin edirdiniz?


- Əvvəllər ov tüfəngi ilə başladıq. Sonra da kimin imkanı nəyə çatdısa, pul yığdıq silah aldıq. Rusiyadan özüm gedib gətirirdim. Həm də məhv etdiyimiz düşmənin silahlarını da götürürdük. Deməli, Ermənistan tərəfdə, İcevanda Rusiyanın Xüsusi Təyinatlıları, biz tərəfdə isə Xeyrimli kəndinin üstündə Rusiyanın alayı var idi. O tərəfdən onlar atanda, mən də məcbur edirdim, biz tərəfdən də bunlar atırdı. Həm də bizə silah verirdilər. Bilirsən niyə verirdilər? Çünki onlara da bu lazım idi ki, münaqişə tərəflərini meydana cəlb eləsinlər, məqsədlərinə də çatdılar. Biz isə xalqımızı qorumalı idik. Buna görə də əlimizə nə keçdi, silah kimi istifadə edirdik. Kustar üsulla hazırladıqlarımız da olurdu. Bir məsəl var: “əlindəki çəkicdirsə, gözünə hər şey mıx kimi görünəcək”. Yəni oğul qarşındakı düşməndirsə, gözünə hər şey silah kimi görünəcək.

- Dəstənizdə xaricilərdən kimlər döyüşürdü? Türklər, Çeçenlər, Əfqanlar…?


- Mənim dəstəmdə əfqan ümumiyyətlə olmayıb, hardasa 40-a yaxın çeçen vardı, çox döyüşkən millət idilər. Allah çeçen şəhidlərimizə də rəhmət eləsin, onlardan 4 itkim olub. Türklərdən isə cəmi bir nəfər var idi dəstəmdə, o da Məmməd Çətin Qurd, çox milliyətçi, vətənpərvər insan idi, çox sınaqlardan alnı ağ çıxdı. Başqa qeyri-millətdən heç kimi dəstəmə almırdım. İranlılardan da gələnlər çox idi, amma mən bir nəfər götürmüşdüm. O, da (sapyor) minaaxtaran idi. Adı Mahmud idi. Mənim dəstəmdə döyüşmək həm çətin idi, həm də şərəfli idi.

- Komandir, Qazaxın kəndləri necə oldu ki, işğal altına düşdü?


- Bəli, 3-ü anklav, 4-ü isə ərazilərimizə bitişik olmaqla 7 kənd işğal altındadır. Bilirsiniz, anklavda olan kəndlərlə bağlı vəziyyət fərqli idi. Məsələn, Soflu kəndini qeyd edək. O kəndə Böyük Cəfərlinin üst tərəfindən, Didivan gölünün sağ tərəfindən erməninin ərazisindən keçib getməliyik. Gərək biz ermənin içərisindən magistralı, Voskeparı keçib Əskiparaya gedək. Əgər biz oranı dəhliz kimi və ya bufer zona etmək istəyərdiksə, o zaman gərək İcevandan tutmuş Kaynavan da daxil təmizləyib, o kəndlərin təhlükəsizliyini təmin edərdik. Bu isə qeyri-mümkün idi. O kəndlər əvvəldən də ermənilərin içərisində idi. Amma bir vaxt qayıdacaq ki, o kəndləri də azad edəcəyik.

- Düşmən də “Qazaxlı Alik”i yaxşı tanıyırdı... Bildiyim qədəri ilə başınıza pul qoymuşdular.


- Bilirsənmi oğul, ermənilərin arasında hərə bir məqsədə qulluq edirdi. Onlar işğalçılıq, talançılıq üçün vuruşurdular. Ona görə də aralarında fikir ayrılığı, satqınlıq mövcud idi. Mən də dəstəmdən rahat idim. Çünki buna qarşı əvvəlcədən tədbirimi görmüşdüm. Bəli, erməni general Seno var idi ki, o özü rabitədə, həmçinin əsir götürdüyüm erməni döyüşçülər də deyirdi ki, məhz Seno mənim başımı və ya meyitimi ona aparana bir milyon rubl pul mükafatı verəcək. Günlərin birində həmin o Senonu da aradan götürdük (gülür).

- Necə götürdünüz?

Orası qalsın. Əsas odur, başı bədənindən tez ayrıldı, pulu da cibində getdi, mükafat da sahibinə çatmadı.

- Ənənəvi sualımızı ünvanlayıram: “Qazaxlı Alik” yenidən silaha sarılmağa hazırdırmı?

- Oğul, mənim evimin böyük qapısı həmişə açıq olur. Gecə-gündüz. Döyüşçülərim demək olar ki, hər gün məni ziyarət edir. Mən o qapını ona görə açıq saxlayıram ki, onlar məni döyüşə səsləyəndə qapını döyməyə belə vaxt getməsin. Həmişə Allahdan arzu etmişəm ki, mənə yataqda deyil, döyüş meydanında ölüm nəsib etsin. O qapıdan sonuncu dəfə belimdə silah çıxıb əllərimlə bağlayıb gedəcəm. Allah o günü nəsib etsin. Dəlilərimlə (döyüşçülərini nəzərdə tutur) gözləyirik…