Rövnəq Abdullayev iqtisadi forumda iştirak etdi

22 İyun 2013 21:52 (UTC+04:00)
İyunun 20-22-də Rusiyanın Sankt-Peterburq şəhərində ``Lenekspo`` sərgi kompleksində ``Peterburq Beynəlxalq İqtisadi Forumu-2013`` keçirilib.

AzNews.az ARDNŞ-in rəsmi saytına istinadən məlumat verir ki,1997-ci ildən ənənəvi olaraq Petereburqda təşkil olunan və Rusiya Federasiyasının əsas iqtisadi sammiti sayılan Forumda Azərbaycan Respublikasının geniş tərkibli nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyətinin tərkibində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, İqtisadi İnkişaf Nazlirliyi və bir sıra digər dövlət qurumlarının məsul əməkdaşları təmsil olunublar.

Forumda həmçinin 70-dən artıq xarici və 500-dən çox Rusiya nümayəndə heyəti iştirak edib. Forumun açılışında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakçılara müraciəti oxunub.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Forum çərçivəsində ``Enerji şirkətlərinin sammiti: dünya neft bazarlarında dəyişikliklər`` mövzusunda keçirilmiş dəyirmi masanın iclasında da iştirak və çıxış edib.

Dəyirmi masada ARDNŞ-in prezidenti Rövnəq Abdullayev iştirak edib. Həmin iclasda Rusiya və Xəzər hövzəsi ölkələrində, o cümlədən Azərbaycanda həyata keçirilən neft-qaz layihələri haqqında bəhs olunub. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Forum çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb, digər ikitərəfli görüşlər keçirib.

AzNews.az