Canlı, zəiflədilmiş peyvəndlər. Bu peyvəndlər virusun genetik zəiflədilmiş versiyasını almaq yolu ilə hazırlanır. Virusun zəiflədilmiş ştammı, ya virusun əlverişsiz şəraitə adaptasiya olunması (məsələn, virusun çox aşağı temperaturda və ya insan hüceyrəsi deyil, başqa canlı hüceyrədə inkişafı), ya da virusun rasional yolla modifikasiyaya uğradılması, məsələn, kodonların (genetik kod vahidi), deoptimizasiyası və ya təbii immunitetin tanınmasına əks olan genlərin çıxarılması nəticəsində alınır. Bu halda virus çox zəif dərəcədə replikasiyaya məruz qala bilsə də, bir qayda olaraq xəstəlik törətmir. Lakin orqanizmdə təbii virusun törətdiyi immun cavaba tam uyğun, immun reaksiyaya səbəb olur. Yəni əmələ gətirdiyi immunitet praktik olaraq xəstəlikdən sağalmışlarda əmələ gələn immunitetdən fərqlənmir. Potensial fəallıq və dözümlülük əmsalı isə, hətta inaktiv peyvəndlərdən belə yüksək olur.
Bu peyvəndin mühüm üstünlüyü, orqanizmə intranazal (burundaxili) yolla təyin edilə bilməsidir. Nəticədə virusun giriş qapısı olan yuxarı tənəffüs yolunun selikli qişasında güclü immun reaksiya (toxunulmazlıq) yaranır ki, bu da, hətta infeksiyaya yoluxmanı belə statistik olaraq azaldır. Virusun vaksinasiya olunmuş şəxslərdə də replikasiyaya məruz qaldığını (təkrar yoluxma) nəzərə alsaq, bu peyvəndlərin yaratdığı erkən antitel və formalaşmış hüceyrə immun reaksiyası həm də bu halın qarşısını nəzərəçarpacaq dərəcədə alır.
Söylədiyim müsbət xüsusiyyətlərilə bərabər bu peyvəndlərin mənfi cəhəti, təhlükəsizliyinin təmin olunması və virusun modifikasiyaya uğradılması üçün uzun zaman müddətinin tələb olunmasıdır. Başqa sözlə, ciddi tədqiqat və nəzarət tələb edən bir proses olmasıdır. Bu cür peyvəndlərə vərəm əleyhinə BCG-ni (Melburun universiteti) misal göstərmək olar. Hazırda COVİD - 19 əleyhinə COVİ-VAC adlı belə bir peyvənd ABŞ və Hindistanın birgə əməkdaşlığı ilə Hindistanın Peyvəndlər İnstitutunda hazırlanmışdır və klinik sınaqlar mərhələsindədir".