İLHAM ƏLİYEV AZƏRBAYCANIN HƏDƏFLƏRİNİ MİLLİ İRADƏDƏN GÜC ALARAQ MÜƏYYƏN EDİR

28 Avqust 2021 19:16 (UTC+04:00)

44 günlük Vətən savaşı öncəsində ermənilər hərbi strateji baxımdan bizdən qat-qat güclü mövqelərə malik idi. Ancaq cəmi bir həftə ərzində erməni ordusunun dizi yerə qoyuldu, sonrakı savaş günlərində isə Azərbaycan ordusu Xankəndinin ağzına dirəndi. Tarixi və möhtəşəm qələbəni ən müxtəlif aspektlərdən şərh etmək olar, amma bütün şərhlər metodologiya sarıdan eyni nəticəyə gələcək: Biz Ermənistanla savaşı ona görə udduq ki, müharibəni ənənəvi, ermənilərə tanış olan qaydada aparmadıq. Biz bu gün Ermənistanla diplomatik və psixoloji savaşı da ənənəvi və ermənilərə tanış olan qaydada aparmırıq. Ermənistanın nə iqtisadi, nə sosial və demoqrafik, nə siyasi, nə də geopolitik gücü Azərbaycana qarşı innovativ xarakter nümayiş etdirməyə imkan verir. Erməni cəmiyyəti bir tərəfdən xəyallarından qopmaq istəmir, digər yandan isə Qarabağdan qurtulmağa can atır. Erməni başa düşür ki, Qarabağ münaqişəsi ona xeyir gətirmədi, itkilər verdi, tərəqqidən geri qaldı, SSRİ-nın dağılmasını gerçək müstəqilliyə çevirə bilmədi və sonda Azərbaycanın diqtəsi altına düşdü.

44 günlük savaşdan təxminən bir ilə yaxın- 11 ay vaxt keçir. Bu 11 ay ərzində emosiyalar istər-istəməz səngiyib, Azərbaycan hakimiyyətinin başda Prezident Əliyev olmaqla post-münaqişə dövründə atdığı addımları, qəbul etdiyi qərarları daha soyuq başla təhlil etmək imkanları artıb. 10 noyabr 2020-ci ildən bəri hər gün cürbəcür internet kanallarında və “Facebook” səhifələrində narazı görkəmləri ilə alt dodağı yer, üst dodağı göy süpürənlər Prezident İlham Əliyevi "səhv çıxarmaq" üçün "clickbait" fəndləri ilə dil boğaza qoymurlar. Bütün "verilişlər"ində, "rəylər"ində, çıxışlarında belə bir qənaət yaratamağa çalışırlar ki, İlham Əliyevin atdığı bütün addımlar yanlışdır, az qala milli maraqları tapdalamaqdır. Amma nədir o səhv? Hansı addımdır "səhv" olan? Hansı qərardır yanlış çıxan? Bunu bütün səmimiyyətimlə deyirəm: Azərbaycan xalqına TARİXİ QƏLƏBƏ qazandırmış İlham Əliyevin post-münaqişə dövründə verdiyi heç bir qərarda, sərgilədiyi heç bir mövqedə, atdığı heç bir addımda ən xırda miqyasda belə NÖQSAN tapmaq mümkün deyil.

İlham Əliyev ilk növbədə bir azərbaycanlıdır. Bizim hər birimiz kimi, onun da ermənilərin fitnələri, rusların ikibaşlı oyunları qarşısında bəzən emosiyaya qapılmasını, hiddətlənməsini, yaxud Şuşada olduğu kimi, işğaldan azad etdiyimiz torpaqlarda sevincdən qəhərlənməsini qəribçiliyə salmaq olmaz. Amma hiddətlə qəhər arasındakı emosional təlatümlər onun qərarlarında rol oynayıbmı? Gəlin, buna baxaq. Necə deyərlər, heç bir qram da! Tam əksinə, İlham Əliyev hər şeyi zərgər dəqiqliyi ilə ölçüb- biçir, 44 günlük savaşda arxası üstdə çevirdiyi Qafqazın tısbağa dövlətini və bu tısbağanı yenidən ayaqları üstünə çevirmək istəyənləri yeni reallıqla hesablaşmağa məcbur edir.

Ermənistan İlham Əliyevin liderlik etdiyi Azərbaycana hər sahədə uduzur. Cəngdə də, diplomatiyada da, təşəbbüskarlıqda da. Amma bir dəfə demişdim, indi yenidən təkrarlayım. Ermənistanın siyasi elitasında nə qədər istəniz maymaq tapa bilərsiniz, amma "erməni refleksi" maymaqlıqdan qidalanmır. Ermənistanın istər kəşfiyyat qurumlarında, istər diplomatik korpusunda, istərsə də diasporal beyin mərkəzlərində "erməni refleksi"ni idarə edən kifayət qədər ağıllı və soyuqqanlı fiqurlar var. Bu fiqurlar çox yaxşı başa düşür ki, sovet Azərbaycanın miqyasından dəfələrlə böyük bir müstəvidə formalaşan, SSRİ kimi nəhəng imperiyanın 1-ci şəxsi olmaq şansını ancaq və ancaq azərbaycanlı mənşəyinə görə qaçıran Heydər Əliyevin genlərini daşıyan prezident İlham Əliyev qarşısına qoyduğu, elan etdiyi məqsədləri reallaşdırmadan toxtamır. Erməni analitikləri elə-beləcə də yazırlar: "Zəngəzur təhlükədədir. Əgər İlham Əliyev deyibsə, edəcək". Bənzər rəy bu günlərdə xarici KİV-lərin birində sadə bir Ermənistan vətəndaşının dilindən də səsləndi. Deməli, İlham Əliyev qalib Azərbaycanın dövlət başçısı olaraq düşmən toplumunda bizim milli maraqlarımız baxımından çox ciddi bir uğura imza atıb, sözünə, vədinə sadiqliyini hasmlarımıza qəbul etdirib. Yadınıza salın, bir neçə il əvvəl Azərbaycan torpaqlarını işğaldan hərbi yolla azad edə biləcəyini bildirəndə, bütün erməni mediası xorla deyirdi: "Bu, mümkün deyil, İlham Əliyev hədələyir". Ancaq indi heç bir erməni İlham Əliyevin İrəvanın, Qərbi Zəngəzurun, Göyçənin tarixi Azərbaycan torpaqları olmasını söyləməsini "hədə", "ritorika", "blef" kimi qarşılamır, "bir gün reallaşa bilər" əndişəsi ilə İlham Əliyevin zəhminə düşürlər.

Belə bir vəziyyətdə "erməni refleks"lərini idarə edənlər hansı tədbirlər tökməlidir və tökə bilər?

Lap əvvəldə dediyimiz kimi, erməni cəmiyyəti və elitası innovativ deyil, köhnə metodlarla işləyəcəklər. Ermənilərin son 30 ildə bizdən daha yaxşı və təsirli bir fəaliyyət sahəsi olub. Onlar dolayı yollarla Azərbaycan cəmiyyətində bizim Ermənistanın daxilində apardığımız işdən (ən müxtəlif formalarda) daha yaxşı, daha effektiv çalışıblar. Bunun ən bariz simptomlarından biri Nikol Paşinyanın ötən ilin mayında Şuşada "Yallı" getməsindən sonra üzə çıxdı. Erməni siyasi texnoloqları çox yaxşı başa düşürdü ki, bu olay Azərbaycan cəmiyyətinin və hakimiyyətinin böyük hiddətinə səbəb olacaq. Odur ki, cəmiyyətin hiddətini hakimiyyətin üstünə yönəldib Azərbaycan rəhbərliyini çiy hərbi əməliyyata başlamağa sövq etmək istədilər. Əminəm ki, xatirinizdədir, sosial şəbəkələr "Şuşanı vur" deyə Ali Baş Komandana səslənir, müxalifətçilər İlham Əliyevi, yumşaq desək, cəsarətsizlikdə suçlayırdılar. Ancaq bağban tələsmədi, armudun yetişməsini gözlədi, mahiyyətdə erməni küyünə gedən sosial şəbəkəçilərə sentyabrın 27-də başlayan əks-hücumla başa saldı ki, Azərbaycan dövləti “Facebook”dakı qıyla idarə olunmur, hətta savaşa başlayan bir ölkədə sosial şəbəkələrə çıxış məhdud olsa yaxşıdır! Nəticə göz qabağındadır. Hər ağızdan bir avaz gəlmədi, sosial şəbəkə qəhrəmanları ordumuza necə döyüşmək lazım olduğu barədə moizələr oxuya bilmədilər, Prezident İlham Əliyev ölkədə formalaşan həmrəylikdən arxayın bir şəkildə haqlı mövqeyimizi beynəlxalq tribunalardan dünyaya ərz etdi. Dünya da, ermənilər də gördülər ki, İlham Əliyev savaşa başlayan bir ordunun sərkərdəsi olaraq Azərbaycan xalqının milli iradəsindən güc alır. İndi "erməni refleksi"ni idarə edən siyasi texnoloqların ən başlıca hədəfi odur ki, Azərbaycan xalqının milli iradasi ilə İham Əliyevin tarixi şüurdan doğan hədəfləri arasında ziddiyyət yaratsınlar. Onlar bunu, əlbəttə, birbaşa etmirlər. Bəzi istisnalar xaricində, İlham Əliyevin bayraqdarı olduğu milli iradə və milli hədəflərə qarşı məhz ermənilərin hazırladığı siyasi kombinasiyaları gerçəkləşdirdiyini prosesin əksər iştirakçıları heç zaman başa düşmürlər.

Deməli, ilk növbədə "dolayı yollar" kəsilməli, ardınca "Azərbaycanlı refleksləri"nin ifadəçisi olan yeni siyasi qüvvə üzə çıxmalı, Azərbaycanın iç siyasi sistemi dəyişməlidir. Yeni Azərbaycan Partiyası oturuşmuş və xeyli dərəcədə də bürokratikləşmiş siyasi mərkəzdir, dominant qüvvədir, onun sosial-siyasi funksiyaları hakim partiya olaraq bəllidir. Ölkəmizdə Türkiyədəki MHP sayaq bir siyasi mərkəzin olmaması "milli siyasi hüceyrə sistemi"mizi yad viruslara açıq hala gətirir. Nəticədə qeyri-sistematik müxalifətin- nurçuların, xomeyniçilərin, feministlərin, LGBT qruplarının, mühacirlərin, "kapitan Qrantın uşaqları"nın, Rusiyadakı azərbaycanlı milyarderlərin maddi dəstək alaraq 2013-cü ildə bir andaca "Milli Şura" çətiri altında toplaşan psevdo-ziyalıların əli ilə erməni diasporu Azərbaycanda de-sentralizasiyaya nail olmaq üçün hərəkətə keçirlər. Hazırda 44 günlük savaşın nəticələrini Ermənistana qarşı siyasi təzyiq kimi istifadə edə bilirik. Odur ki, "MHP zərurəti" çox açıq hiss olunmur. Amma re-inteqrasiya sürəcində bu gün atmadığımız addımların acısını çəkəcəyik.

Taleh ŞAHSUVARLI