Türkdilli xalqların rus dili

23 İyun 2013 11:45 (UTC+04:00)
Bakıda türk dilli xalqların diaspor təşkilatlarının yığıncağı keçirilir. Çox gərəkli işdir. Xub və Bərəkallah.

Adam ki bir dildə danışdı, gərək bir yerdə də bir iş görə. Mən türkdilli deyəndə, nə və kim nəzərdə tutulur sözünü açığı, anlamıram.
Məsələn, fransıza fransız dilli deyilmir.

Bakıda yaşayan rusla, Kişinyovda yaşayan rusun bir elə də milli fərqi məncə olmamalıdır. Rus, rus olduğu üçün rusca danışır və ona rusca danışan da deyilmir. Bizə kimlərsə, haçansa türk deməsin deyə, türk dilli deyib. İndi biz də, inersiya ilə həmin zadı təkrar edirik. İnşallah bu da keçər.

Mən bir zadı xatırlayıram. Sovet çökəndən sonra türk dilli xalqların bir müştərək dil tədbiri vardı. İstanbulda keçirilirdi. Mən də ora dəvətliydim. Və bu tədbirdə türk dilli xalqların "ortaq dili" rus dili idi. Türk dilli xalqlar rusca konuşurdu. Görəsən, üstündən illər keçməsinə baxmayaraq türk dilli xalqlarının ortaq dili yenədəmi rus dilidir? Belə olsa heç nə. Əsas məsələ dildir. Adam gərək diaspora oldu, ya millət oldu, fərq eləməz, bir-biriylə əvvəlcə bir dil tapa. Bütün birliklərin, o cümlədən türk birliyinin də əsas işi ən əvvəl dildir, ortaq əlifbadır, ortaq etno-mədəni dəyərlərin birlikdə yenidən formalaşdırılmasıdır.
Mən anlayıram ki, buna vaxt yoxdur. Nə dilində olur olsun, bu gün birləşib, siyasi prioritetləri müəyyən edib, çəkici bir körüyə vurmaq lazımdır. Bütün dünya dövlətlərini xarici dövlətlərdə yaşayan donor diaspora təşkilatları maliyyələşdirdiyi halda, Azərbaycan dövləti öz diaspora təşkilatlarını maliyyələşdirir.

Məqsəd, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, dünya çapında haqlı tələblərimizə hüquqi qiymət almaqdır. Bunun üçün türk dilli xalqlarının diaspora təşkilatları ilə düzgün qurulmuş müştərək iş birliyi xüsusiylə əhəmiyyətlidir. Azərbaycanlılar sovetlər çökənə qədər dünyanın heç bir ölkəsində güclü diaspora təşkilatları yaratmamışdılar.
Tale və milli xüsusiyyətlər görünür, buna imkan verməmişdi. Bu gün Azərbaycandan kənarda məskunlaşmış Azərbaycanlıların da içində ideyalı vətənpərvərə sözün açığı, mən çox rast gəlməmişəm. Daha çox hərə özü üçündür. Və ya hərə öz marağı içində nəyinsə marağındadır. Bu səbəbdən də Azərbaycan diasporlarının bir mərkəzdən idarə olunması zərurəti var.

Birincisi ona görə ki, sən bu diasporları idarə etməsən, onları başqa dövlətlər idarə edəcək. İkincisi bu diasporların idealoju talmutu mütləq Azərbaycan dövlətinin marağında yazılmalıdır ki, hərə yorğanı axırda öz tərəfinə çəkməsin. Azərbaycan diasporlarının türk dilli xalqlarla müştərək işi ən əvvəl Azərbaycanlılardan sayca çox olan türklərlə birləşərək yaşadıqları coğrafiyada ciddi nüfuz olmalarından ötrü çox vacibdir.

Məsələn, Almaniyadakı türk diasporu həqiqəti, qəzeti, televiziyası, deputatı və siyasiləri ilə birlikdə bu gün bizim üçün nə qədər vacibdir, siz məndən də yaxşı bilirsiz. İran türklərinin bütün dünyada maliyyə və nüfuz qaynağına sahib olması da bizim üçün işlənməli perspektivdir. Orta Asiya türklərinin Rusiyadakı gerçək çəkisindən də milli maraqlar zəminində istifadə etmək mümkündür. Bunun üçünsə ilk öncə türk diasporlarının ortaq dəyərləri müəyyənləşməlidir.

Türk dilli xalqların ortaq problemləri hansılardır? Qarabağ müşkülü, erməni məsələsi; Türkiyəyə qarşı irəli sürülmüş yalançı soyqırım iddialarının cavablandırılması; Türk Kiprinin statusu; Kərkük petrolunun taleyi; Türkiyənin öz təbii sərvətlərindən istifadə etmə mexanizminin tapılması; Bakı-Qars dəmir yol layihəsinin gerçəkləşməsi; Dünya dövlətləri içində müştərək mədəni dərnəklərin yaradılması; Dünyada hüquqi statusa malik birliklərin gücləndirilməsi; Türk dövlətlərinin iqtisadi azadlıqlarının təminatına nail olmaq; Müştərək bankların, maliyyə institutlarının açılması; Orta Asiyanı Türkiyə ilə birləşdirəcək yolun Azərbaycandan keçmək şərti ilə bərpası, bununla da Çin və Avrasiya məkanlarının ipək yolu trans magistralı ilə yenidən bərpa olunmasını təmin etmək; Türkiyənin ərəb dünyasındakı nüfuzundan yararlanaraq, o coğrafiyanın iqtisadi və siyasi resuslarından da bəhrələnmək; Çində, İranda və Rusiyada yaşayan türklərin mədəni muxtariyyət hüquqlarının bərpa olunmasına çalışmaq.

Gördüyünüz kimi işimiz çoxdur. Sadalamaqla bitməz. Biz bunu gördüyümüz halda camaat iş görür. Bu işləri görməkdən ötrü isə ən əvvəl gərək biri birimizlə dil tapmağı bacaraq. Türklər bir-biriylə rusca deyil, öz dədə dillərində danışsınlar. Ortaq əlifba, ortaq mədəniyyət, ortaq televiziyalar, ədəbi və bədii jurnallar bərpa olunsun. Belə olmur ki, bir Gəzi Parkı işində sən mənimlə dost ol, amma Amu-Dərya işində və ya Qarabağ konusunda mən hansısa bir gücün əleyhinə getməyim. Belə olmur.

Türk dilli xalqların bütün sferalarda, o cümlədən diasporlar şəklində də bir olmağa möhkəm ehtiyacları var. Bilirsizmi niyə? Bizi türk deyib sevmirlər. Topraqlarımızı işğal edirlər .Bizdə türk deyib, özümüzü anlayaq da! Görək dərdimiz nədir? Niyə bizi sevmirlər? Biz bunlara nə etmişik? Bir fikirləşək də! Ya ne prav? Brates, türk?