Qurban Məmmədovun işi Avropa Məhkəməsinə göndərilir

23 İyun 2013 12:58 (UTC+04:00)
Tanınmış hüquqşünas Qurban Məmmədovun qanunsuz həbsilə əlaqədar Avropa Məhkəməsinə təqdim olunacaq sənədlərin hazırlanma prosesi yekunlaşmaq üzrədir.

Bu barədə "Azadlıq"a onun vəkili Süleyman Qasımov məlumat verib.

Xatırladaq ki, Qurban Məmmədovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə Nəsimi rayon məhkəməsinin çıxardığı qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilsə də, nəticəsi olmayıb. Qətimkan tədbirilə bağlı məsələdə Apelyasiya Məhkəməsi şikayət vermək üçün son instansiyadır. Yəni, bu məsələ ilə əlaqədar Ali Məhkəməyə müraciət qanunda nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, artıq birbaşa Avropa Məhkəməsinə şikayət göndərmək olar. Çünki Avropa Məhkəməsinə şikayət etmək üçün əvvəlcə gərək yerli məhkəmə instansiyalarını keçəsən.

Süleyman Qasımov dünən Kürdəxanıdakı istintaq təcridxanasında Qurban Məmmədovla görüşüb. Onun sözlərinə görə, Qurban Məmmədovun səhhətində heç bir problem yoxdur, saxlanma şəraitindən də narazı deyil.

Vəkil onu da əlavə edib ki, Qurban Məmmədova qarşı qanunsuzluq və adəltsizliklə əlaqədar Ombudsmana da müraciət edəcəklər.

Xatırladaq ki, Qurban Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb.O, avtomobili idarə edərkən ehtiyatsızlıqdan vətəndaşa xəsarət yetirməkdə günahlandırılır.

AzNews.az