Qarabağsız Ermənistan-Azərbaycan konflikti - ANALİZ

31 Avqust 2021 20:29 (UTC+04:00)

Qarabağ münaqişəsinin bitməməsi, öz yekun həllini tapmaması barədə iddia birmənalı olaraq Ermənistandakı beyin mərkəzlərinə məxsusdur. Bu iddianı dəstəkləyən beynəlxalq güclər isə, Ermənistanın havadarları, hamiləridirlər. Ermənistanın və onun hamilərinin niyyətlərini oxumaq heç də çətin deyil. Onlar üçün məsələ belədir:

- “Stepanakert”də və ətraf ərazilərdə ermənilər yaşayır.

- Həmin ermənilər hələ ki özünü müstəqil elan etmiş və tanınmamış “DQR”-in sakinləridirlər.

- Münaqişə o zaman həll olunmuş sayıla bilər ki, Azərbaycan ya “DQR”-in müstəqilliyini tanısın (bu daha çox blef məqsədi ilə səsləndirilir), ya da Qarabağdakı ermənilərin statusu müəyyən edilsin, onlara ən azından muxtariyyət verilsin.

Ermənistan bu “məntiq”ə söykənərək ATƏT-in Minsk Qrupunun fəaliyyətinin, başqa sözlə, “Qarabağ danışıqları”nın bərpa edilməsini, bununla da “status” məsələsini yenidən masaya çıxarmaq istəyir.

Azərbaycan bununla razılaşmır və əlbəttə, heç zaman razılaşmayacaq da. Çünki Azərbaycanın buna razılaşması ərazi bütövlüyünü və Qarabağdakı suverenliyini Ermənistanla və onun hamiləri ilə müzakirəyə çıxarması deməkdir. Biz 30 il bu müzakirələri aparmışıq ona görə ki, ərazilərimiz işğal altında idi, Qarabağda suverenliyimizi faktiki olaraq icra edə bilmirdik.

44 günlük müharibədə bir millət və dövlət olaraq qazandığımız tarixi zəfərlə biz bu situasiyanı dəyişdirdik və yeni reallıq yaratdıq. 44 günlük müharibənin nəticələrinə görə:

x) Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Suqovuşan, Xocəvənd rayonları, Şuşa şəhəri işğaldan azad olunub, Azərbaycan ordusu bütün strateji yüksəkliklərə hakim olub.

x) Müstəqil araşdırmaçıların rəyinə görə, işğalçı Ermənistanın ordusunun şəxsi heyətinin (ölən, yaralanan və fərarilərlə birlikdə) və arsenalının təxminən 65-70 %-i məhv edilib.

x) Xankəndi və ətrafında yaşayan ermənilər hərbi baxımdan bizim mühasirəmizdədirlər. Misal üçün, Şuşadan endirilən artilleriya zərbələri ilə Xankəndini nəinki nəzarətə götürməyə, ümumiyyətlə, yer üzündən silməyə cəmi bir neçə saat vaxt lazımdır. O cümlədən “Qırmızı bazar”, Ağdərə və keçmiş Əsgəran rayonları da hərbi baxımdan mühasirəyə düşüb. Əgər Ermənistan Üçtərəfli Bəyanatdan imtina edərsə, Azərbaycanın Laçın dəhlizində hərəkətin sərbəstliyinə verdiyi zəmanət də qüvvədən düşmüş olacaq və koridor tərəfimizdən bağlanacaq.

x) 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatda nə “DQR” ifadəsi var, nə də hər hansı statusdan bəhs edən bircə cümlə.

Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı Üçtərəfli Bəyanatın şərtləri açıqdır. Orada yazılır:

- “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” (IV bənd).

- “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır” (VII bənd).

Bu iki bəndi izah etməyə əlavə lüzum varmı? Zənn etmirəm. Amma madam “Xankəndi nə zaman bizim olacaq”, “Xocalıya nə zaman qayıdacağıq” kimi sualları bəzi müxalif isimlər səmimi maraqdan kənarlaşdırıb, 44 günlük Vətən savaşındakı tarixi qələbəyə gölgə salmaq, bilavasitə İlham Əliyevin “Qarabağ münaqişəsi bitib” bəyanatını erməni maraqlarına uyğun bir şəkildə şübhə altına salmaq, nəhayət, milli maraqlarımıza zidd mövqe tutaraq ATƏT-in Minsk Qrupunun yenidən dirçəldilməsinə dəstək vermək məqsədi ilə səsləndirirlər, bir az xırdalayaq.

Üçtərəfli Bəyanatın yuxarıda təqdim olunan müddəalarına görə, işğalçı Ermənistan ordusunun qalıqları Rusiya sülhməramlılarının bölgədəki 5 illik mövcudluğu müddətində (vaxtın artırılması artıq başqa bənd və məsələdir) ərazilərimizdən tamamilə çıxmalı, daxili qaçqınlar və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar.

İndi birlikdə düşünək:

Xankəndinə, Xocalıya, Ağdərəyə qayıdacaq azərbaycanlı köçkünlər orada Arayikin hakimiyyəti altında yaşayacaq, dramla mübadilə aparacaq, hərbi xuntanın qalıqlarından və ya Ermənistandan sosial yardımlar alacaqlarmı? Əlbəttə, Xankəndində, Xocalıda, Ağdərədə və digər məntəqələrdə Azərbaycanın qanunları və qaydaları işləyəcək!

Bəli, Qarabağ münaqişəsi bitib ona görə ki, biz torpaqlarımızın bir qismini hərbi yolla azad etmişik, bir qismini kapitulyasiya aktı imzalayan Ermənistan bizə döyüşsüz qaytarmağa məcbur olub, qalan az bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsinin modeli isə, yuxarıda bəhs etdiyim şəkildə Üçtərəfli Bəyanatda göstərilib.

Odur ki, Qarabağ məsələsi ilə bağlı Azərbaycanın nə Ermənistanla, nə də ATƏT-in Minsk Qrupu ilə danışacağı hər hansı məsələ var. Əgər şərtlərin icrasında bu və ya digər problemlər üzə çıxarsa, Azərbaycanın yaxasından yapışıb “qarant dövlət kimi ya öhdəliklərini yerinə yetir, ya da “Dəmir yumruq” yenidən işə düşəcək” deyəcəyi ünvan Rusiyadır. Əlbəttə, mən Rusiyanın “sülh göyərçini” olmasına inanmır və onun “sülhyaradanlar”ının əsl məramının sülh olmasını düşünmürəm. İstər Rusiya sülhməramlılarının fəaliyyətindən, istərsə də Kremlin Ermənistana özünü şirin göstərmək üçün arada-bərədə verdiyi bəyanatlardan rəsmi Bakı da məmnun, yaxud tam məmnun deyil. Zira, işlərin bu yerə gələcəyini, yəni Rusiyanın qarant dövlət kimi öhdəliklərinə əməl etməkdən açıq-aşkar boyun qaçıracağını da zənn etmirəm.

Rusiya bəzi dayaz analitiklərin iddia etdiyi kimi, Azərbaycanın icra etdiyi “Dəmir yumruq” əməliyyatının ilk mərhələlərində heç də Vladimir Putinin Nikol Paşinyana şəxsi antipatiyası üzündən neytral qalmayıb. “Dəmir yumruq” əməliyatının Rusiya ilə öncədən razılaşdırılması barədə deyilənlər də erməni cəfəngiyyatından başqa bir şey deyil. Kremlin Azərbaycan ordusunun müzəffər yürüşünə noyabr ayının ilk həftəsinəcən xeyli dərəcədə göz yummasının səbəbi Qara dəniz uğrunda gedən geopolitik savaşda Türkiyənin dəstəyinə ehtiyac duymasına, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra (bu, 2020-ci ilin başlarından bəlli idi) Yaxın və Orta Şərqdə yaranacaq yeni situsiyada Azərbaycan, Türkiyə və Pakistanın artacaq funksionallığı müqabilində Ermənistanın öz əhəmiyyətini böyük ölçüdə itirməsinə bağlı idi. Bu şərtlər yaxın dövrdə, ən azı qarşıdakı 4 ildə nəinki aradan qalxacaq, hətta Azərbaycanın lehinə dərinləşməklə Ermənistanın əyarını Rusiya üçün daha da azaldacaq. Bunun ən bariz örnəklərindən biri “anti-Rusiya hərəkatı” olan "Krım platforması"dır. Azərbaycanın bu platformaya qoşulmaması olduqca düzgün qərardır və Ermənistanın daha da sıxışdırılmasına xidmət edir.

Qarabağ mövzusu Azərbaycanla Ermənistan arasındakı tarixi münaqişənin bir həlqəsi idi. Ermənistan bir dövlət kimi bizim tarixi torpaqlarımızda, konkret olaraq, Çar Rusiyası tərəfindən aradan qaldırılan şimali Azərbaycan xanlıqlarından birinin- İrəvan xanlığının ərazisində süni şəkildə yaradılıb. Şimali Azərbaycan xanlıqlarından Bakı xanlığı, Şəki xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Qarabağ xanlığı, Naxçıvan xanlığı, Lənkəran xanlığı Azərbaycanın 20-ci əsrin əvvəllərindəki dövlətləşmə prosesində sərhədlərimiz daxilində qalsa da, İrəvan AXC tərəfindən “güzəşt” edilib. O dövrdə Zəngəzur mahalının bir hissəsini kontrola almaq mümkün olmayıb, daha sonra isə ərazi bolşeviklər tərəfindən erməni kommunistlərinə “inqilab hədiyyəsi” olaraq peşkəş olunub. Ermənistanın Qarabağdan kənarda da Azərbaycana, o cümlədən Türkiyəyə torpaq iddiaları var. Eyni zamanda, erməni siyasi texnoloqları çox yaxşı başa düşürlər ki, onlar bir toplum kimi ayaqda qalması üçün hər zaman “xarici düşmən” obrazına möhtacdırlar. Əgər Azərbaycanın və Türkiyənin timsalında bu “düşmən obrazı”ndan məhrum olsalar, ermənilər Qafqaz kimi mürəkkəb bir regionda rəqabətə tab gətirə bilməzlər. Bu rəqabətə davamsızlığın ən əsas səbəbləri isə budur ki, ermənilər Qafqaz və Qafqaz ətrafındakı üç böyük müsəlman dövlətindən- Azərbaycan, Türkiyə, İrandan fərqli olaraq imperiya keçmişinə malik deyil. Bu xalqın dövlətçilik identifikasiyası yoxdur, istehsalçı topluma çevrilməyə yetəcək resurslardan, o cümlədən sekulyarlıqdan məhrumdurlar.

Ermənistan Qafqazın iltihablı kor bağırsağı- apandisitidir. Çeçələ barmaq böyüklüyündəki bu çirkab mənbəyini kəsib atmaq mümkün deyilsə, heç olmazsa, erməni düşüncəsindəki iltihabları müalicə etmək lazımdır. Zənnimcə, İrəvandakı və İrəvandan qıraqdakı bütün erməni beyin mərkəzləri daxilən başa düşür və qəbul edirlər ki, III Qarabağ savaşının başlaması mümkün deyil. Çünki Azərbaycan tədbirini artıq töküb. Şuşa və Bakı bəyannamələri bölgədəki Rusiya sülhməramlılarının Ermənistanın böyük ölçüdə məhv edilmiş ordusunun revanş əməliyyatlarına göz yummasını imkansız hala gətirib. Bitmiş savaşı 1988-92-ci illərdəki vəziyyətə qaytarmağı nəinki Ermənistan, artıq Rusiya belə bacarmaz. İstisna edilməyən yeganə variant Azərbaycan tərəfindən lokal anti-terror əməliyyatları keçirilməsidir. Bu isə geniş miqyaslı eskalasiya riski yaratmır. Həm də ona görə yaratmır ki, Ermənistanın belə riskə getməyə daxili təpəri yoxdur. Erməni cəmiyyəti Nikol Paşinyana müharibə etmək üçün yox, etməmək üçün yenidən mandat verib. Odur ki, istər Qarabağda, istərsə də Azərbaycanla Ermənistanın sovetdənqalma sərhədlərində baş verən təxribatlar torpaqlarımızdan it kimi qovulmuş İrəvanın “qorxusundan hürməsi”dir. Ermənistanın bütün istibleşmenti, o cümlədən militar istibLEŞmenti yaxşı başa düşür ki, hərbi əməliyyatların üçüncü fazası Azərbaycanın tanınmış ərazilərində deyil, tarixi ərazilərində- Qərbi Zəngəzurda gedəcək.

İrəvan bu savaşdan qaça, başqa sözlə, Qarabağsız Ermənistan-Azərbaycan konfliktini sonlandıra, Qafqazda yeni səhifənin açılmasında iştirak edə bilərmi?

Azərbaycanın bu barədə təklifləri artıq dövlət başçısı səviyyəsində səslənib. Rəsmi Bakı Ermənistanla sərhədlərin müəyyənləşməsini, dövlətlərin bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımasını, Sülh Sazişi imzalanmasını və ona əsasən regional proseslərdə birgə iştirakçılıq təklif edir. Eyni təklif Türkiyə tərəfindən də Ermənistana edilir və “5-lik” (Azərbaycan-Ermənistan-Türkiyə- Rusiya-İran), Gürcüstan da daxil olarsa, “6-lıq” formatında yeni səhifə açılmasına təşəbbüs göstərilir. Bu ideyanın reallaşması məntiqlə regionun bütün dövlətlərinin, hətta regiondan bir çox kənar geopolitik oyunçuların mənafelərinə uyğun olmalıdır. Ancaq bir istisna var- Fransa!

Fransa bir zamanlar dünyanın imperalist mərkəzlərindən biri olub. Bu, Paris siyasətçilərində güvən formalaşdırıb. Sözügedən dövlət dünya liderliyi uğrunda mübarizədə davamlı olaraq güc itirib, daxili inqilablar məngənəsinə düşüb. Nəticədə, fransız cəmiyyətində “uduzan tərəf” kompleksi yaranıb. Məhz bu ziddiyyətli psixologiya Fransanın beynəlxalq münasibətlərdə “problem yaradan ölkə” imici qazanmasına gətirib çıxardıb. Azərbaycan öz müstəsna hüququndan istifadə edərək BMT-nin rəsmən tanıdığı sərhədləri daxilində hərbi əməliyyat aparıb, torpaqlarını işğaldan azad edib, işğalçı Ermənistan ordusunun belini qırıb. Ancaq Parisin bütün səyləri ona yönəlib ki, Qafqazdakı münaqişə ocağı sönməsin, problem konservləşsin və bir müddət sonra yenidən alovlansın, bu aralıqdakı heç bir praktiki əhəmiyyəti olmayacaq, imitasiyadan uzağa getməyəcək danışıqlarda Fransa da rol alsın. Soruşmaqda fayda var: Fransa bununla nə udur? Fransanın həmlələri daha çox imperiya nostalgiyası ilə Rusiya və Türkiyəyə qarşı yönəldiyindən, sualı bir qədər də dəqiqləşdirək: Makron Ermənistana süni nəfəs verməklə Qafqazda nə qazanır?

Ermənistanın nə təbii sərvətləri, nə də geostrateji məkanı Fransa üçün cəlbedicilik yaradır. Yelisey sarayının əsas dərdi dünya silah bazarında Rusiyanın önünə keçməkdir. Deyilə bilər ki, Ermənistan silah ixracı üçün kiçik və kasıb ölkədir, məsələn, Fransanın əsas müştərisi olan Səudiyyə Ərəbistanından fərqli olaraq, böyük partiyalar sifariş edəcək deyil. Ancaq məsələ ondadır ki, 44 günlük savaşda Azərbaycan Ermənistandakı sovet-rus texnikasını və ordu formatını darmadağın edib. Bu, Ermənistana silah satacaq, yaxud bağışlayacaq Fransa üçün yuxarıda qeyd etdiyimiz məqsədə çatmaq üçün beynəlxalq bazarda psixoloji dividentlər yaradır. Elə məhz bu iştahın göstəricisidir ki, Fransanın İrəvandakı səfiri Conatan Lakot az qalan hər müsahibəsində təmsil etdiyi dövlətin Ermənistan ordusunun modernləşməsinə və təchizatına yardım göstərməyə həvəslə hazır olması barədə bəyanatlar verir. Üstəlik, Fransa onu da yaxşı başa düşür ki, Azərbaycan 44 günlük savaşda məhz onun təsirində olan Ermənistan prezidentini və baş nazirini məğlub edib. Beləliklə, Ermənistanın savaşda və diplomatik masadakı məğlubiyyəti dolayı yolla Fransanın da Qafqazdakı yenilgisidir. Bu yenilginin daha çox iştirakçısı olan başqa bir “arxa planı” da var.

2003-cü ilin payızını və 2004-cü ilin əvvəllərini əhatə edən zaman aralığında Gürcüstanda “məxməri inqilab” baş verdi və Mixail Saakaşvili hakimiyyətə yiyələndi. İnqilabın axırı o oldu ki, bağlı qapılar arxasında Qərbə, real olaraq isə, Ukraynaya və ABŞ-ın istefada olan zabitlərindən ibarət “Military Professional Resources” adlanan hərbi şirkətə arxalanan M. Saakaşvili 2008-ci ildəki “5 günlük savaş”da Rusiyaya, Cənubi Osetiyaya və Abxaziyaya uduzdu. Seperatçı bölgələrin müstəqilliyi Kreml, hətta Qafqaza heç bir dəxli olmayan Nikaraqua, Venesuala kimi dövlətlər tərəfindən tanındı. Gürcüstanın ərazi bütövlüyü çıxışı olmayan dalana dirəndi. 2004-сü ilin sonları-2005-ci ilin əvvəllərində başqa bir post-sovet ölkəsində- Ukraynada gerçəkləşən “narıncı inqilab” da həmin ölkənin ərazi bütövlüyü baxımından faciə ilə bitdi. Rusiya 2014-cü ildə Krımı tutdu. Nüvə silahından imtina etməsi qarşılığında təhlükəsizliyinə Qərbin qarant olduğu Ukraynaya verilən real dəstək 7 ildən sonra “Krım platforması” adı altında diplomatik bir masa formalaşdırmaqdan uzağa getmədi. 2018-ci ilin aprel- may aylarında Gümrüdən İrəvanacan atılan “inqilabi addımlar” Nikol Paşinyanı iqtidara gətirdi. 2 il sonra Ermənistan SSRİ-nin dağılması fonunda işğal etdiyi və “təhlükəsizlik qapısı” adlandırdığı Qarabağda rüsvayçı məğlubiyyətə düçar oldu. 2005 və 2013-cü illərdə rəngli inqilab ssenarilərdən yayınmış Azərbaycan isə, güclü mərkəzi hakimiyyətə, daxili sabitliyə malik olan və balanslı xarici siyasət yürüdən bir dövlət olaraq ötən il ərazi bütövlüyünü bərpa etdi. Öz növbəsində bu, ABŞ-dan və digər Qərb dövlətlərindən səslənən “demokratiya ixrac olunmaqla təşəkkül tapan sistem deyil” etirafları qarşısında, Saakaşvili bütpərəsətliyinə yuvarlanan, Yuşşenko ikonalarına tapınan Azərbaycan müxalifətinin inqilab xəyallarının alt-üst olması deməkdir. Paşinyanizm “müharibədən qorxu sindromu” kimi Ermənistanda davam edə bilər, amma Azərbaycanda birdəfəlik süquta uğrayıb. Bilmirəm, diqqət etmisiniz ya yox, 2003-cü ildən bəri Azərbaycan müxalifətinin səsləndirdiyi bütün şüarlar zaman-zaman öz əhəmiyyətini itirib və Google-nin köməyi olmadan əksəriyyət, məsələn, birləşmiş müxalifətin prezidentliyə son namizədi Cəmil Həsənlinin seçki lozunqunu xatırlaya bilməz. Azərbaycanı qalib dövlətə çevirən şüar isə, yenə də aktualdır: İLHAMLA İRƏLİ!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru