“Şuşada olanda demək olar ki, yatmırdıq”- Baba Vəziroğlu

2 Sentyabr 2021 12:27 (UTC+04:00)

Şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu Şuşa səfəri ilə bağlı AzNews.az analitik-informasiya portalına müsahibə verib.

- Baba bəy, ölkə başçısının iştirakı ilə Şuşaya baş tutan səfərdə mədəniyyət xadimləri arasında siz də var idiniz. İstəyərdik ki, Şuşa səfəri ilə bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.

- Çox səmimi deyirəm ki, Şuşa səfəri ilə bağlı təəssüratlarımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Düşünürəm ki, sizdə mənim yerimdə olsanız bu çətinliyi yaşayarsınız. 39 il öncə , 1982-ci ilin qarlı yanvar günündə Şuşada Vaqif Məqbərəsinin açılışı olmuşdu. Gənc yeniyetmə yazıçı Baba Vəziroğlu da orada iştirak edirdi. Mən o vaxt Yazıçılar Birliyində çalışırdım. Bizim nümayəndə heyətinə dövrümüzün ən görkəmli siyasətçisi Heydər Əliyev başçılıq edirdi. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bütün qaymaqları bu mərasimdə idi. Tale elə gətirmişdi ki, mən də orada iştirak edirdim. İndi isə 39 il sonra yenidən ədəbiyyatda mövqeyi olan yazıçı kimi mən o məqbərənin yeni açılışında, Vaqif Poeziya günündə iştirak edirəm. Bu təəssüratı demək mümkündürmü? Əlbəttə ki yox. Ulu öndərimizin siyasi, ideoloji kursunun davamçısı olan qalib Ali Baş Komandanın rəhbərliyi ilə təşkil olunan nümayəndə heyətində mən də varam. Bu səbəbdən doğurdan da çox qəribə hisslər, ikili duyğular keçirdim. 39 il öncəki günləri xatırlayaraq bu günün fərəhini yaşadım. Həm kədərləndim, həm qürurlandım. Əsl xoşbəxtliyin nə olduğunu anladım.

- Qeyd etdiyiniz kimi, həm 1982-ci ildə, həm də indi Şuşada Vaqif məqbərəsinin açılışında iştirak etmisiniz. O zamankı Şuşa ilə bugünkü Şuşa arasında hansı fərqləri gördünüz?

- O zaman biz Dağlıq Qarabağ Muxtar Vilayətinin bir parçası olan sovet Şuşasına getmişdik. Biz qonaq idik orada. O zaman Dağlıq Qarabağ rəhbərlərinin böyük bir əksəriyyəti, demək olar ki, hamısı erməni idi. Buna görə də biz orada özümüzü qonaq kimi hiss edirdik. Ancaq bu səfərimizdə biz ev yiyəsi idik. Özümüz qonaq qarşılayırdıq. Bu dəfə biz sözün bütün mənalarında azad Şuşaya səfər etmişdik. Qalib ölkənin yazarı, azad ölkənin ziyalısı kimi Şuşada olmaqdan ancaq qürur duymaq olar. Mən orada da qeyd etdim ki, möcüzələr ancaq nağıllarda olur. Real həyatda isə möcüzələri insanlar yaradır. Mən ona görə fərəhli idim ki, bu real möcüzəni bizə bəxş edən insanla yanaşı əyləşmişdim. Dəyərli Prezidentimizlə yanaşı oturmuşdum. Söhbət edirdik, fikirləşimizi bölüşürdük. Azərbaycan ədəbiyyatının ən nəhəng simalarında olan Vaqifin ruhunu yad etməyə gəlmişdik. Artıq 30 ildən sonra yenidən Şuşaya qədəm qoyurduq.

- Prezident İlham Əliyevin çıxışı barədə nə deyə bilərsiniz?

- Cənab Prezident çıxış edərək qeyd etdi ki, 1982-ci ildə bura gələndə atamın 59 yaşı var idi, bu gün mən bura gəlmişəm, mənim də 59 yaşım var. 15 dəqiqə ərzində cənab Prezident elə məntiqli, hərtərəfli , gözəl çıxış etdi ki, mən özümü ədəbiyyatın professoru sayırdım, bu çıxışa heyran qaldım. Azərbacan dilində bu qədər doğru, dürüst, səlis danışmaq həsəd aparılasıdır. Prezidentin nitqində hətta yazıçıların belə həsəd apardığı keyfiyyətləri gördüm. Təbii ki, cənab Prezident öz çıxışında hər kəsə mesajlar çatdırdı. Dostlarımıza da , düşmənlərimizə də. Azərbaycan mədəniyyət xadimlərinə də öz fikirlərini bildirdi. Bu çıxış mənim üçün tarixi çıxış oldu. Həmin çıxış mənim yaddaşımda öz möhtəşəmliyi və dərinliyi ilə qalacaq.

- İki gün davam edən Şuşa səfəri çərçivəsində nələr etdiniz?

- Şuşada olduğumuz müddət ərzində biz demək olar ki, yatmırdıq. Gecəni də gəzirdik. Şuşanın gündüzləri də gecələri kimi zövqvericidir. Komendant saatı olsa da, bizim üçün güzəştlər var idi. Biz bütün Şuşanı gəzib, dolaşdıq. Hər dağını, dərəsini, salamat, uçuq-sökük evlərini, yeni tikilən obyektlərini. Cıdır düzündə, İsa bulağında , Xalça Muzeyində, Təsviri İncəsənət Muzeyində olduq. 30 il o qədər həsrət qalmışdıq ki, bu gözəl yerlərdəki keçən zaman bizim üçün başqa dəyərə sahib idi. Çalışırdıq ki, hər şeyi görə, gəzə bilək. Şuşa səfərinin bizim üçün ən gözəl xüsusiyyətindən biri də o oldu ki, çoxdan görmədiyimiz dostlarımız , qələm yoldaşlarımız ilə məhz Şuşada qarşılaşdıq. Saatlarla Xarıbülbül hotelinin eyvanında oturub, çay içə-içə söhbətlər etdik. Xalqımızın bu gününə, gələcəyinə dair maraqlı müzakirələr etdik.Mənim üçün unudulmaz görüş oldu. Bu o vaxt Heydər Əliyevlə məqbərənin açılışında olan insanlar üçün xüsusi missiya idi. Yaşlı insanlar kövrək olur, onlar keçən günləri xatırlayıb, kövrəlirdilər. Anar müəllim, Elçin müəllim orada gözəl çıxış etdi. Nəriman müəllim gözəl şeir oxudu. Daha sonra Prezidentlə səmimi söhbətlərimiz oldu.

- “Vaqif Poeziya Günlərinin” bərpası ədəbiyyatımız üçün əlamətdar hadisədir. Bəs sizin Şuşa ilə bağlı yeni şeirləriniz olacaqmı?

- Bəli, “Vaqif poeziya günləri”nin bərpası gənclərin ədəbiyyata marağının artmasına və poeziyanın inkişafına böyük töhfə verəcək. Şuşa haqqında mənim çoxlu şeirlərim var. Həm işğaldan əvvəl, həm də sonra Şuşayla bağlı şeirlər yazmışam. Şuşa vəsf olunub bitən deyil. İnşallah ki, Şuşa haqqında , Qarabağ zəfəri haqqında ən gözəl şeirimi yazacam. Mən bütün çıxışlarımda dedim ki, mərasim üçün tamam başqa şeirlər oxuyacaqdım, amma yeridir ki, bu möcüzəni bizə bəxş edən İlham Əliyevə həsr olunan “Cənab Ali Baş Komandan” şeirini oxuyum. Bu şeirdən bir hissəni sizə də söyləmək istəyirəm:

Sənin kimi fatehi zaman yetirməz bir də,
Haqq-ədalət carçısı, tarix yazan sərkərdə.
Səndən ilham, güc alır zabit, əsgər səngərdə,
Hərb və sülh meydanında qələbə çalan adam -
Cənab Ali Baş Komandan!

Sən yalnız, tək deyilsən, dağ kimi millətin var,
Sabaha addımlayan müstəqil dövlətin var.
Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,
Səninlə Azərbaycan - bir könüldə iki can -
Cənab Ali baş Komandan!

Bu böyük gün , Vaqif Poeziya Günlərinin bərpası , şeir bayramı münasibətli ilə sizi, soydaşlarımızı, xalqımız təbrik edirəm. Bir daha Prezidentin sözünü təkrar edirəm ki, Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir!

Şəbnəm Zahir