Arayikdən Bakıya və İrəvana subliminal mesaj - TƏHLİL

2 Sentyabr 2021 22:32 (UTC+04:00)

Sentyabrın 2-də Xankəndində keçiriləcək tədbirlərlə bağlı istər Azərbaycan, istərsə də Ermənistan cəmiyyətində müəyyən suallar vardı. 44 günlük savaşda qazandığımız tarixi zəfəri Azərbaycanda şübhə altına almaq istəyənləri, Ermənistanda isə Nikol Paşinyanı satqınçılıqda ittiham etməyə çalışanları bir kənara qoysaq, hər iki toplumun refleks və gözləntilərini təbii saymaq olar.

Erməni cəmiyyəti son 30 ildə özünü Qarabağ münaqişəsinin qalibi kimi görürdü və işğalçılıq siyasəti ələ keçirilən torpaqlar dövlətçilik identifikasiyasına malik olmayan bir toplum üçün psixoloji güvən yaratmaqla birgə geosiyasi baxımdan təhlükəsizlik zonası sayılırdı. Ancaq ötən il sentyabrın 27-də günəşin doğulması ilə birgə Qarabağ səmalarında Azərbaycan topları da püskürdü və 44 gün içində Ermənistanın işğalçı ordusu darmadağın edildi. Sovet coğrafi terminologiyası ilə desək, “Dağlıq Qarabağ”ın müstəqilliyinin qarantı olan və hazırda yenə bu cür təqdim olunan, yəni Ermənistanın “Müdafiə ordusu” kimi tanıtmağa çalışdığı hərbi cinayətkar dəstələr savaşdan sonra Bakıda salınacaq Qənimətlər Parkında eksponata çevrildilər.

Ermənistan mediası 2 sentyab tarixinin Ermənistanın və 44 günlük savaşdan sonra Xankəndində qalmış hərbi cinayətkar xuntanın qalıqlarının Azərbaycana “gövdə göstərisi” gününə çevriləcəyini iddia edir, bu isə 44 günlük savaşın qalibi olan, Ağdamı, Füzulini, Zəngilanı, Xocavəndi, Suvoquşanı, Cəbrayılı, Kəlbəcəri, Laçını və Şuşanı azad etmiş, ordusu girəcəyindən döndüyü Xankəndini ovcunun içi kimi müşahidə edən bir dövlətin vətəndaşlarında, əlbəttə, qıcıq yaradır, bu qıcıq çılğın çağırışlara dönəcək qədər dərinləşirdi.

Zira erməni mediasının pafoslu iddialarına rəğmən bu gün ermənilər Xankəndində Azərbaycana gövdə göstərə bilmədilər. Köklü, gövdəli, qollu- budaqlı ağac olmayan, Qarabağ torpaqlarında süni şəkildə becərilən xaş-xaş kolunun “bar”ı və “bariqa”sının artıq məstlik vəd etmədiyini Ermənistan siyasi rəhbərliyi hələ 44 günlük savaşın ilk həftəsində- Nikol Paşinyan müxalifləri qarışıq hər kəslə məsləhətləşib telefonlardan asılı qalanda anlamışdı. Əgər Xankəndində ermənilər “həyasızlıq təntənəsi” nümayiş etdirərdilərsə, Azərbaycanın buna cavabı heç şübhəsiz, nə Xankəndini bombalamaq, nə də Laçından keçib Şuşadan ovuc içi kimi görünən şəhərə “bayram”a gələnlərin başına, deyək ki, Qarıkahasında qaya yumalamaq olacaqdı. Cavab asimitrik olacaqdı və kim də bilməsə bu gün Ermənistan rəhbərliyi yaxşı bilir ki, Azərbaycan asimmetrik savaşda hansı resurslara və necə sərrast texnologiyalara malikdir. Əgər düzünü bilmək istəyirsinizsə, zənnimcə, Xankəndində müstəqilliyin 30 illiyinin qara bayrama çevriləcəyinin anonsunu Azərbaycan bir neçə həftə əvvəl- Gorus-Qafan yolunu bağlayanda vermiş, İrəvana “ağıllı olun” mesajını çatdırmışdı.

Nəticədə Xankəndində 2 sentyabr göstəriləri məzarlıq ziyarətindən, Arayik Arutyunyanın açıqlamasından və Ermənistan siyasilərinin “təbrik” məktublarından o tərəfə keçmədi.

Bu ziyarətdəki subliminal mesajı və məktubların məzmununu təhlil edəndə ortaya tam fərqli bir mənzərə çıxır.

Əvvəllər də yazmışdım: Arayik Arutyunyan “maymaq obraz”lı bir fiqur deyil və onun əlində II Qarabağ savaşı ilə bağlı ciddi komromatlar var. Arayik çox yaxşı başa düşür ki, onun uzun müddət Xankəndində qalması mümkün deyil, başçılıq etdiyi hərbi xuntanın qalıqları uzaqbaşı bir neçə ilə Azərbaycan tərəfindən tam aradan qaldırılacaq. Bu vəziyyətdə onun taleyi necə olacaq? Arayik hər nə qədər qəribə olsa da, Azərbaycanla dil tapmağı və Ermənistandakı gələcək karyerası üçün Bakıdan məxfi zəmanət almağı özü üçün zəruri sayır. Odur ki, məzarlıq ziyarəti ilə rəsmi Bakıya “baxın, mən də fikirləşirəm ki, nəinki müstəqillik, hətta status da gorbagor olub” deyə “səsləndi”. Bu addımla Arayik həm də Nikol və tərəfdarlarına etiraz etmiş oldu. Belə ki, Ermənistanda ən yayğın ittihamlardan biri budur ki, Qarabağ erməniləri 44 günlük savaşda vuruşmayıblar, fərarilik ediblər, qırılan Ermənistandan gələnlər olub. Robert Köçəryanın və Serj Sarkisyanın təsirli Qarabağ klanının artıq öncüllüyünü edə bilmədiyini görən Arayik “həlak olan Artsax qəhrəmanları”nın məzarlarını nümayiş etdirməklə Nikol Paşinyana qarşı açıq bir həmlə etdi. Onun bu həmləsini isə, hərbi xuntanın qalıqlarının “xarici işlər naziri” David Babayan “Ermənistanın təhlükəsizliyi Artsaxın mövcudluğundan asılıdır” deyə davam etdirdi. Bu açıqlamanı diplomatik dildən sadə dilə çevirəndə, Qarabağ klanının Ermənistana verdiyi mesaj budur: “Minnət qoymayın, seperatizm olmasa, Azərbaycan Ermənistanı çoxdan qapazaltı etmişdi”. Ermənistanın 3-cü prezidenti, Qarabağ klanının daha bir əsas nümayəndəsi Serj Sarkisyan da “qutlama məktubu”nda “əgər ordu diskriminasiyaya məruz qalmasaydı və orduya ayrılan pullar talan edilməsəydi, 44 günlük müharibənin sonu başqa cür ola bilərdi” deyə Nikol Paşinyana xüsusi ittiham irəli sürməklə estafeti davam etdirdi. Serjdən fərqli olaraq Robert Köçəryan taftoloji bir mətn yaydı. Bu da təsadüf deyil. Arayikin Qarabağ klanının liderinə çevrilməsi Robertin həm Ermənistan siyasətindəki yerini dar etməsi, həm də Rusiya ilə yaxınlıq kartını onun əlindən alması deməkdir. Ermənistan siyasətinin iç dinamitlərinə yaxşı bələd olan Robert o üzdən tədbirli davranmağa üstünlük verib.

Diplomatik praktikada qayda belədir ki, bir ölkənin müstəqillik günü və digər bu kimi əlamətdar hadisələrlə bağlı təbrik teleqramları dövlət başçısının adına göndərilir. Tutalım, Azərbaycan prezidenti dünyadakı hər hansı bir ölkənin istiqlaliyyət gününü təbrik edirsə, qutlama məktubunu həmin dövlətin siyasi rəhbərinin adına göndirir. Ermənistanın baş naziri Nikol Paşinyan isə “Artsaxın müstəqilliyinin 30 illiyi münasibəti ilə” yaydığı məktubu “prezident” Arayik Arutyunyanın adına yazmayıb. Bu, yuxarıdakı mühakimələrimizi bir daha təsdiq etməklə yanaşı, həm də Ermənistan baş nazirinin Xankəndindəki rejimi leqal saymamasının və müvəqqəti olmasını qəbul etməsinin nəzərə çatdırılmasıdır. Bununla belə, “Artsax”ın bu gün yaralı olduğunu vurğulayan Nikol Paşinyan öz məktubuna bir “kredo” da salıb:

“Artsax xalqının öz müqəddəratını təyin etməsi hüququ müqəddəsdir. Bu, güc tətbiqi yolu ilə dəyişdirilə bilməz. Ona görə də, biz bütün beynəlxalq tribunalardan bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmayıb. Bu qənaət vasitəçi ölkələrin (ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərdə tutulur- T.Ş) bəyanatlarında da bölüşülür. Münaqişə bilinən, ATƏT-in Minsk Qrupu tərəfindən təklif və müdafiə prinsiplər əsasında, dinc prosesdə hərtərəfli həllini gözləyir”.

Buna “ölünün kəfəni yırtmaq cəhdi” deyilə bilər.

Bəli, Ermənistanın əsas məqsədi ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə “Qarabağ danışıqlarını" bərpa etməkdir. Azərbaycan üçün isə Qarabağ məsələsi bitib, ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə bir lüzum qalmayıb. Ortada Üçtərəfli Bəyanat var. Həmin bəyanata əsasən, Ermənistan qoşunlarının qalıqları Xankəndindən çıxmalı, məcburi köçkünlər yurdlarına dönməli, Xankəndində Azərbaycan bayrağı dalğalanmalıdır. Ermənistanın küçə uşağı olan, hətta səriştəsizlikdən Moskvada, erməni ekspertlərinin fikrincə, Nikol Paşinyanın mövqeyinə də zidd bəyanatlar verən baş diplomatı ilə Rusiya XİN rəhbəri Lavrovun görüşündə Kreml bəyan etdi ki, mövzu danışlqların bərpası yox, Üçtərəfli Bəyanatın yerinə yetirilməsidir. Odur ki, Xankəndində “təntənəli tədbirlər” keçirilsəydi belə, bunun proseslərin gedişinə ciddi təsir gücü olmayacaqdı.

Odur ki, bizim üçün əsas məsələ Xankəndində baş verənlər və verməyənlər deyil. ATƏT-in Minsk Qrupunu Azərbaycanın maraqlarına və iradəsinə zidd bir şəkildə yenidən dirçəltmək və dövriyyəyə daxil etmək də mümkün deyil. Hər halda bu qrupa Azərbaycandan, Ermənistandan, həmsədr ölkələrdən savayı, Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya kimi dövlətlər də daxildir. Onlardan bircəciyinin prosesdən rəsmi şəkildə çıxması ATƏT-in Minsk Qrupunun dağılması və öz mandatını itirməsi deməkdir. Ancaq Azərbaycan bu qrupun dağılması üçün hərəkətə keçmir, bununla Qarabağda qeyri-müəyyən statusda saxladığı rus sülhməramlılarını “diqqətli olmağa” sövq edir. Azərbaycan diplomatiyasının hazırkı əsas hədəfi Ermənistanla sərhədlərin müəyyənləşməsi və tanınmasıdır. Azərbaycan üçün bitmiş münaqişə bununla Ermənistan üçün də bitəcək. Əks halda, Nikol Paşinyan nəzərə almalıdır ki, Azərbaycanın Ermənistanda hakimiyyət dəyişikliyinə yön vermək təcrübəsi var. Ermənistan cəmiyyətinin Nikol Paşinyana tapmadığı alternativi Bakı İrəvana Xankəndindən də göndərə bilər.

Asimmetrik savaşdan danışırdıq axı...

Taleh ŞAHSUVARLI