Lənkəran və Sabirabadda yanğın qeydə alındı

24 İyun 2013 06:50 (UTC+04:00)
Bu gecə fərdi yaşayış evlərində yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunub və təcilli yardım tərəfindən yerində ilkin yardım göstərilib.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sabirabad rayonu, Minbaşı kəndində də vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə, 1 otağın yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az