Ağdaşda su kanalında boğulan rəfiqələrlə bağlı yeni TƏFƏRRÜATLAR

7 Sentyabr 2021 19:20 (UTC+04:00)

Ağdaşda şəhərin İstiqlal küçəsindən keçən Ləki su kanalında boğulan 13 və 15 yaşlı qızların meyiti dünən axşam saatlarında FHN-nin əməkdaşları tərəfindən 50 metr aralıdan tapılaraq sudan çıxarılıb və valideynlərinə təhvil verib.

İlkin ehtimala görə, qızlar intihar edib. Hadisə 13 yaşlı Fatimənin yaşadığı evin yaxınlığından keçən su kanalında baş verib. Əgər ölməsəydi ailənin tək övladı olan Fatimə Usubova Ağdaş şəhər 3 saylı tam orta məktəbin 8-ci sinfinə gedəcəkdi.

Fatimənin rəfiqəsi, intihar etdiyi düşünülən digər qız, 15 yaşlı Arifə Niftəliyeva isə Ağdaş rayon musiqi məktəbində təhsil alıb.

Qızların qohumları APA TV-nin yerli bürosuna bildirib ki, onlar sakit təbiətli, dərslərini yaxşı oxuyan, mehriban uşaqlar olub. Rəfiqələrin ölüm xəbərinə üzülən yaxınlarından onların intihar etdiyini düşünən də var, ehtiyatsızlığın qurbanı olduqlarını düşünən də.

Qohumlar bildirir ki, qızların çəkdiyi son videoda danışaraq, gülərək Ləki su kanalının kənarı ilə gedirlər.

Faktla bağlı araşdırma aparılır.