Başçı müavininin şəhidlərə hörmətsizliyi… - Zahid Oruc

8 Sentyabr 2021 16:50 (UTC+04:00)

Hər hansı bir qurumun təmsilçisinin şəhidlərimiz qarşısında tək “rütbəsi” var: onlara ehtiram göstərmək, ailələrini ayaqda saxlamaq, onlara ən yüksək münasibəti nümayiş etdirmək. Cənab Prezident şəhid ailələrini dövlətin məhək daşı hesab edir. Bu, hamı üçün bir əmrdir, qərardır, idarəetmənin ali prinsipidir.

Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc Oğuz rayon icra başçısının müavini Etibar Yusifovun şəhidlərimizə qarşı etdiyi hörmətsizliyə münasibət bildirərkən deyib.

“Bütün hakimiyyət orqanları torpaqlarımızın azadlığı uğrunda həyatından keçən şəhidlərimizə, yaralılarımıza münasibətdə ən yüksək həssaslığı, sevgini, ehtiramı göstərir. Bu, Ali Baş Komandanın bütün görüşlərdə qarşılarında ayağa qalxdığı ən böyük qüvvədir. Bu, öz-özlüyündə dövlət və millət quruculuğunun ayrılmaz hissəsidir. Sadəcə mənəvi borc hadisəsi deyil. Gələcək nəsillərin yetişməsində örnəkverici tədbirlərdir. Şəhid valideyninin bunu böyük ağrı və təəssüf içərisində lentə alması onu göstərir ki, sözügedən hadisəni şübhə altına almaq üçün əsas yoxdur. Lakin müəyyən araşdırmaya şübhəsiz ki, ehtiyac var”, - millət vəkili qeyd edib.

Z.Oruc bildirib ki, sözügedən hadisə həm Oğuz Rayon İH-nin rəhbərliyi, həm də müvafiq rəhbər qurumların diqqətini cəlb edib:

“Bununla bağlı araşdırma aparılır. Əgər təsdiqlənərsə, adekvat addımlar atılacaq. Tutacağımız mövqe yalnız bundan ibarət olmalıdır. Oğuz rayon icra başçısını tanıyıram. Müəyyən dövr parlamentdə çalışıb. O, dövlətə, dövlətçiliyə bağlı, şəhid mövzusuna həssas olan insandır. Oğuz rayonunun bugünədək belə hadisələrdə adı hallanmayıb. İnformasiya məkanının coğrafiyası yoxdur. Bu hadisədən müxtəlif qüvvələrin istifadə etməməsi üçün məsələni elə yoluna qoymalıyıq ki, məsuliyyət tərəfi öz addımının öhdəliyini başa düşsün. Dövlət protokollarına şəhid ailələrinin hər biri daxil olmaqdadır. Bununla sübut edildi ki, dövlətimiz Vətən müharibəsinin iştirakçılarına, yaralılara və bilavasitə o ağırlığı bölüşən insanlara özünün idarəetmə komandasının üzvləri kimi yanaşır. Belə olan təqdirdə bizim ixtiyarımız yoxdur ki, bu cür yanlışlara yol verilsin”.

Qeyd edək ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidlərimizə və dövlət bayrağımıza böyük hörmətsizlik edərək, şəhid məzarları üzərindən əklil və bayraqları götüzdürüb, yaxınlıqdakı zibillik əraziyə tullatdırıb.