İƏT Ombudsmanlar Assosiasiyası azad edilmiş ərazilərdə dağıntılara dair hesabat hazırlayacaq

8 Sentyabr 2021 19:08 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoç, təşkilatın Baş katibi və digər ombudsman heyəti 14-19 sentyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Aznews.az xəbər verir ki, bu barədə İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç məlumat verib.

O bildirib ki, səfər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında baş tutacaq.

Ş. Malkoçun sözlərinə görə, səfərin məqsədi Ermənistanın işğalından azad edilmiş ərazilərdə mina problemi və həmin ərazilərdə məhv edilən tarix və mədəniyyət obyektləri ilə bağlı hesabat hazırlamaq, bu məsələləri birgə şəkildə hüquqi baxımdan araşdırmaqdır.

Ötən ilin oktyabr ayında Azərbaycanda səfərdə olduğunu xatırladan Türkiyənin Baş Ombudsmanı səfər çərçivəsində hazırlanan hesabatın yüksək effekt doğurduğunu vurğulayıb.

O xatırladıb ki, həm Türkiyənin Baş Ombudsmanı, həm də İƏT Ombudsmanlar Assosiasiyasının rəhbəri olaraq Gəncədə və digər şəhərlərdə Ermənistanın beynəlxalq hüququ pozmasını yerində araşdırıb, qısa zamanda toplanan sənədlər, dəlillər əsasında hesabat hazırlanaraq ingilis dilinə tərcümə edilib, başda BMT, Beynəlxalq Cinayət Məhkəməsi olmaqla bütün insan haqları qurumlarına göndərilib: “İlk hesabatımız təqdir edildi. Bu həm işimizə stimul verdi, həm də onu intensivləşdirdi. Ümid edirəm ki, hazırlanacaq yeni hesabatın da çox böyük əhəmiyyəti olacaq”.

Ş. Malkoç qeyd edib ki, dünyadakı Ombudsman təşkilatları insan haqlarının pozulmasına qarşı mübarizə aparmalıdır: “Mən də həm Türkiyənin Baş Ombudsmanı, həm də İƏT Ombudsmanlar Assosiasiyasının rəhbəri olaraq Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırdığı minalardan ölüm faktları ilə bağlı araşdırma aparacağam. Minalanmış ərazilərin xəritəsinin verilməməsi cinayətdir. Eyni zamanda, zərərçəkmiş mədəni və tarixi abidələrin vəziyyəti obyektiv araşdırılacaq. Ermənistan tərəfindən Azərbaycanda insan haqlarının pozulması, tarixi abidələrin məhv edilməsi və ətraf mühitə vurulan ekoloji zərərlərə görə təzminatların ödənilməsi beynəlxalq hüquq çərçivəsində tələb olunmalıdır”.

Türkiyənin Baş Ombudsmanı vurğulayıb ki, hazırlanacaq ikinci hesabat Ermənistana da göndəriləcək.

Ş. Malkoç onları səfərə dəvət etdiyinə görə Azərbaycanın Ombudsmanı Səbinə Əliyevaya təşəkkür edib.