Gövhər Ağa məscidini ziyarət edirəm. Şuşanın azad olunmasına bu məscidin azan səsindən sonra inanmışdım. O səs ki, xainlər onu Gövhər Ağa məscidinin minarəsindən əsir götürmüşdülər. Burada qəhrəman şəhid qardaşlarımın ruhunu görürəm. Sanki ruhu sevinən şəhid qan qardaşımın baxışlarıyla danışıram. Baxışları gülən cənnət qardaşımın "sizə bu xoşbəxtliyi biz bəxş etdik” pıçıltısını eşidirəm. Gözlərim dolur. Dua edirəm, amma o şəhid qardaşımız üçün yox, xalqımız üçün! Şəhidlərə dua olunmur, çünki onlar cənnət sakinləridir. Bir az qürurlu, bir az kədərli göz yaşlarımla özümə hakim ola bilmirəm, Allah ocağından bu şəhərin böyük sakinlərinin evinə doğru addımlayıram. Məşhur heykəlləri deyirəm, onlar həm də bizim üçün evdir. Bu heykəllər gözündən vurulmuşdu, Vətənin acı taleyinə aglaya bilmirdilər. İndi onlar gözləriylə gəlişimizə sevinirlər. Bu sevinc əbədidir. Bu sevinci bizə bəxş edənləri minnətdarlıq və şükranlıqla alqışlayıram. Bu torpağın bütövləşməsi uğrunda qan tökən, can verən qəhrəmanlarımızın uyuduğu torpağa Vətən deyirəm. İndi mənimçün Vətən onların uyuduğu torpaqdan başlayır.
Şuşa tarixinin misli görünməyən qəhrəmanlığına, eləcə də xain işğalına şahidlik edən qalanın ətrafındayam. Hər daşıyla, qayasıyla böyük tarixə yoldaşlıq edən məğrurluq qalasının kövrəklik izi artıq yaddaşımızdan silinir. Yaddaşımıza ucalığıyla bizi riqqətə gətirən Şuşamız və qalamız yazılır. Bu qala bizimdir. Biz tikmişik, düşmən üçün yox, özümüz üçün! O qalada izimiz var, həmişə də olacaq.
… Şəhəri gəzirəm, bu gözəl yerlərə həyat qayıdır. Gündə yüzlərlə vətəndaş bu məkanı ziyarət edir. Adam bu yerlərdən qayıtmaq belə istəmir. Şəhər füsunkarlığı ilə göz oxşayır, əsrarəngizliyi ilə sanki təbiətin qeyri-adi təsviridir. O təsviri Bakıya ürəyimdə gətirirəm.
Qayıdanda yolboyu düşünürəm: Şuşasız Qarabağ necə olardı? Ali Baş Komandan haqlıymış, Şuşasız bizim işimiz yarımçıq olardı…
P.S. Bir daha onun şahidi oldum ki, hər oxuyan Molla Pənah, hər şəhər də Şuşa olmaz!
Günel Səfərova
"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri