Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

17 Sentyabr 2021 18:05 (UTC+04:00)

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.

Aznews.az quruma istinadən xəbər verir ki, uçot dərəcəsinə dair qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilmişdir.

Qeyd olunan amillər qiymətlər sabitliyinin risklər balansında inflyasiya amillərinin rolunu gücləndirməklə monetar - fiskal siyasətin neytrallaşdırıcı təsirini zəiflədir.

Proqnoz horizontunda inflyasiyanın hədəfdən kənarlaşmasının qarşısının alınması pul siyasətinin fasilə götürülmə mərhələsindən çıxışını şərtləndirir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir.

İnflyasiya prosesləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə illik inflyasiya tempi yüksəlmişdir. Rəsmi statistikaya görə avqustda inflyasiya səviyyəsi 0.5% olmuş, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6.7% təşkil etmişdir. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4.8% olmuşdur. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3% təşkil etmişdir.

Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0.8% yüksəlmiş, illik ərzaq inflyasiyası 7.8% təşkil etmişdir. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5.4% olmuşdur. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0.8% deflyasiya olmuşdur. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3.1%, son bir ildə isə 32.9% yüksəlmişdir.

Avqustda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 0.3%, xidmətlər üzrə 0.2% yüksəlmişdir. İllik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 5%, xidmətlər üzrə isə 6.4% təşkil etmişdir.

İstehsalçı qiymətləri indeksi də ümumilikdə artıma meyillidir. Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 23%, kənd təsərrüfatında isə 2.6% artmışdır. Qeyd olunanlar onu göstərir ki, xarici və daxili xərc amillərinin qiymətlərə ötürücülüyü iqtisadiyyatın sahələri üzrə fərqlənir. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiyməti indeksinin artım tempinin ərzaq inflyasiyası səviyyəsindən geri qalması ərzaq məhsulları üzrə inflyasiya idxalının yüksək olduğunu göstərir.

Ümumilikdə illik inflyasiyanın yüksəlmə meyilini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.

Hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3%, ABŞ-da 156 ayın maksimumuna çataraq 5.3%, Rusiyada son 60 ayın maksimumuna çataraq 6.7%, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8.7%, Belarusda son 56 ayın maksimumuna çataraq 9.8%, Ukraynada son 39 ayın maksimumuna çataraq 10.2%, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12.8% və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19.3% təşkil etmişdir.

İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri avqustda əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında artmış, qeyri-neft sənayesində və xidmətdə isə azalmışdır. Xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda qiymət gözləntiləri artım zonasında qərarlaşmışdır.

Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilmişdir. Proqnozlara görə cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.

Xarici sektor. Son aylarda dünyada koronavirusa yoluxma hallarının artmasına baxmayaraq aparıcı ölkələrdə sərt məhdudiyyətlərin tətbiq olunmaması və iqtisadi stimul tədbirlərinin davam etdirilməsi iqtisadi aktivliyin yüksək olaraq qalmasına şərait yaratmışdır. Beynəlxalq Valyuta Fondu 2021-ci ildə qlobal iqtisadiyyatın 6% artacağını proqnozlaşdırır. Dünya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə bərpa olunduqca bir sıra ölkələrdə mərkəzi banklar inflyasiya təzyiqlərini nəzərə almaqla pul siyasətini sərtləşdirməkdədirlər. İyulun əvvəlindən indiyədək dünya mərkəzi bankları tərəfindən 29 dəfə əsas faiz dərəcəsinin artırılması haqqında qərar qəbul edilmişdir. Bu dövrdə heç bir mərkəzi bank əsas faiz dərəcəsini azaltmamışdır.

Neftə qlobal tələbin təkliflə müqayisədə daha sürətlə artması qiymətlərin artım meyilinin davam etməsini şərtləndirir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 67 ABŞ dollarını, sentyabrda isə 72 ABŞ dollarını üstələmişdir. Bütövlükdə, cari ilin sonuna qədər qlobal neft bazarında tarazlığın olacağı gözlənilir.

I yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.9 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 8%-i səviyyəsində profisit olmuşdur. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir.

Strateji valyuta ehtiyatları 8 ayda 4.8% (2.4 mlrd. ABŞ dolları) artaraq 53.2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlmişdir. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10.6% artaraq 7 mlrd. ABŞ dollarını üstələmişdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynamışdır.