Bakı Kəndlər Birliyi prezident seçkiləri ilə bağlı bəyanat yaydı

24 İyun 2013 10:03 (UTC+04:00)
Bəzi üzvlərinin Milli Şuraya üzv qəbul edilməsinin ardınca gündəmə gələn Bakı Kəndlər Birliyi qurum ətrafına yaranan situasiya ilə bağlı bəyanat yayıb.

AzNews.az-a daxil olan bəyanatda bildirilir ki, heç kimə təşkilatın adından danışmaq səlahiyyəti verilməyib. Son günlər birlik ətrafında yaşanan söz-söhbətə toxunulan bəyanata qeyd edilir ki, birlik fəaliyyətini dayandırmayıb və müəyyən işlər görməyə davam edir.

Bəyanatda yazılana görə, hazırda birlik ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə bağlı layihə həyata keçirir. Bakı kəndlərinin əhalisinin əsas məşğuliyyəti olan maldarlıq və kənd təsərrüfatı məhsullarının istehsalı olduğu bildirilən bəyanatda deyilir ki, kənd və qəsəbələrin torpaqları bələdiyyələr tərəfindən satıldığı üçün kəndlilər heç bir iş görə bilmir: "İşsizlik baş alıb gedir. İki dəfə Bakı kəndlərinin sosial inkişafına dair dövlət proqramı qəbul edilsə də, bir çox kəndlərdə vəziyyət hələ də bərbaddır. Buna səbəb isə ictimai nəzarətin olmaması, yerli qurumların heç bir iş görməməsidir".

Bəyanatda bildirilir ki, birlik prezident seçkilərində namizədlərin platforması ilə tanış olacaq, Bakı kəndlərinin əhalisinin probleminə ögey münasibət bəsləməyən, onların hüquqlarını dəstəkləyən şəxsi dəstəkləyəcəklər.

AzNews.az