Rusiya Dövlət Dumasına seçkilər başa çatıb - FOTO

19 Sentyabr 2021 22:03 (UTC+04:00)

VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb.

Aznews.az xəbər verir ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edib.

Moskva vaxtı ilə 20:00-da paytaxtda və ölkənin Mərkəzi regionlarında seçki məntəqələri bağlanıb.

Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, ölkə üzrə seçici aktivliyi 45 faizdən çox olub.

Parlamentin aşağı palatası ilə paralel olaraq Rusiya subyektlərinin regional və yerli hakimiyyət orqanlarına, o cümlədən yerli qanunverici orqanlara seçkilər keçirilib.
Rusiya parlamentinin aşağı palatasına seçilmək üçün partiyalar tərəfindən namizədliyi irəli sürülmüş 3812 nəfər mübarizə aparıb. Təkmandatlı dairələrdən isə parlamentdə üzv seçilmək üçün namizədlərin sayı 2020 nəfər olub.

Rusiyanın Moskva daxil olmaqla 7 regionunda ənənəvi səsvermə formatından başqa məsafədən elketron səsvermə də tətbiq olunub. Paytaxtda olan seçicilərin 2 milyon 14 min 765 nəfəri məsafədən elektron səsvermədə iştirak üçün ərizə verib. Ərizə verənlərin 90 faizi elektron səsvermə hüququndan istifadə edib.

Moskvanın 5 milyon 572 min 235 nəfər seçicisi isə ənənəvi səsvermə formatına üstünlük verib.

Ümumilikdə Moskvada 3486 seçki məntəqəsi fəaliyyət göstərib.