Şuşada donan uşaqlığım - BABA YURDUNDAN REPORTAJ

21 Sentyabr 2021 19:09 (UTC+04:00)

Şuşaya gəlmişik.

Əslində bu dəfəki, gəlişimizin məqsədi 29 il sonra ilk dəfə Azərbaycanın Mədəniyyət paytaxtında Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə XIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimini işıqlandırmaq idi. Milli Musiqi Günü ilə bağlı Şuşada keçirilən möhtəşəm tədbiri işıqlandırdan sonra düşündüm ki, uşaqlı illərimin keçdiyi bu müqəddəs torpaqda anamın ata ocağındakı evinə baxım.

Belə də oldu, Şuşaya ilk köçən sakin Fazilə xanım Zeynalovaya müraciət etdim. Çünki indi Şuşanın dünənini bilən və burda yaşayan yeganə sakin məhz o idi. Xahişimizi yerə salmadı, bizi baba evimizin olduğu məhəlləyə apardı.

Burda mənim uşaqlıq illərim keçib. Gecəni səhərə qədər həyəcanla gözləmişəm ki, kaşki anamın, xalalarımın və digər doğmalarında nəfəsi olan bu məhəlləni tapım. Tapdıq. Həyəcanımı yəqin siz də hiss edirsiniz. Burda ayrılan mənim 12-13 yaşım olardı. Bu məhəllə mənim həm uşaqlıq dostlarımla “7 şüşə” oynadığım günlərlə yadımda qalıb. Axtarsan çətin ki, özüm tapa bilərdim.

Bir də bilirsiniz, bura gəlişim məni niyə bu qədər həyəcanlandırıb? Çünki, ailə üzvlərimdən, doğmalarımdan əvvəl bu qisməti ilk yaşayan mən olmuşam.

Şuşanı məcburən tərk edən şuşalılar yaşadıqları mənzilləri qoyub gedəndə hər şey yerli yerində, səliqəli təmiz və gözəlliyi ilə göz oxşayan olub. Amma indi gördüklərimizi sizə də ona görə təqdim edirik ki, ermənilər yaşadıqları illərdə yalnız iz itirməyə, söküb dağıtmağa çalışıblar. Yəqin mənimlə razılaşarsınız ki, Qarabağ torpaqlarında törədilən vandalizmi dünyanın heç bir yerində aparılan müharibələrlə müqayisə etmək olmaz.

Dağıntı, çiliklənmiş şüşələr, yerində çıxarılmış qapı-pəncərə çərçivələri.... Qalan quru divarlar, burda yaşanan xatirələrdir. Hər şey məhv edilib.

Burda gördüyünüz pəncərələrdən 29 il əvvəl mənim doğmalarım ürək açıqlığı ilə baxıb. İndi onların da çoxu Şuşa həsrəti ilə dünyasını dəyişib. Biz burda həmişə ana əvəzi olan xalamın başına toplaşırdıq . Anam deyir ki, o həm də bizə nənə əvəzi idi. Bütün doğmaların əziyyətini Həcər xalam çəkərdi....Kaşki, yaşasaydı mən onu bura gətirə bilsəydim....

Amma yox... Şükür bu günə deyib, otaqları gəzirəm. Gördüklərimi anlatmaqda çətinlik çəksəm də, şükür edirəm. Şükür edirəm ki, bu azad Şuşadayıq. Şükür edirəm ki, Azərbaycan ordusunun şücaəti, Cənab Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və gücü nəticəsində doğma torpaqlarımıza, ocaqlarımıza ayaq basa bilirik.

İnanıram və əminəm ki, tezliklə Şuşada bütün evlərin işıqları yanacaq. Yenə məhəllələrdən uşaqların səsi eşidiləcək. Yenidən qurulan Şuşa daha əzəmətli olacaq. Bir də bu gün reportaj hazırladığımız evlərdə, məhəllələrdə süfrələr açılacaq . Hər kəs öz doğma yurdunda olacaq. Və biz onda sizə səs-küylü Şuşadan reportajlar təqdim edəcəyik.