Ağdərənin girovluqdakı azərbaycanlı 2-ci katibini ruslar erməni terrorçularla dəyişdi…

23 Sentyabr 2021 20:20 (UTC+04:00)
“Əli avtomatlı erməni kənardakılar hiss etməsin deyə, sakitcə Arif müəllimə yaxınlaşdı. Əlinin arxası ilə üz-gözünün qanını sildi və...”

31 il öncə bu günlərdə erməni separatçı və terrorçularıyla qarşıdurmalar əsasən keçmiş Dağlıq Qarabağ ərazisində gedirdi. O zaman da indiki kimi Ermənistanla sərhəd və Qarabağda, eləcə də Laçın rayonu ərazisində keçmiş sovet-rus ordusu dayanırdı. Düzdü, o vaxt həmin ordu Azərbaycan SSR torpağında sülhməramlı statusunda yox, hüquqi cəhətdən öz ərazilərində(yəni keçmiş SSRİ) sabitliyin “qarantı” kimi fəaliyyət göstərirdi. Amma bu günkü kimi, onda da azərbaycanlılarla ermənilər arasında mübahisəli məsələləri; girov dəyişdirilməsi, meyitlərin alınması və s. rus hərbçiləri həll edirdi…

Belə hadisələrin biri də məhz sovet ordu birləşmələrinin gözü qarşısında baş vermiş və onların vasitəsilə sonuclanmışdı. 1990-cı ilin sentyabr günlərində o vaxt rəsmən “Mardakert” adlanan keçmiş Ağdərə rayon partiya komitəsinin 2-ci katibi Arif Əliyev ermənilər tərəfindən girov götürülmüşdü…

Moderator.az bu günümüz üçün ibrətamiz olan həmin tarixçəni tanınmış mərhum həmkarımız Ziyəddin Sultanovun 1990-cı ilin noyabrında “Kommunist” qəzetində dərc edilmiş “İşıq həsrəti” adlı məqaləsi əsasında təqdim edib. (Qeyd edək ki, materialda Qarabağdakı bəzi yer adları o vaxtın rəsmi adlarıyla verilib: “Stepanakert” – Xankəndi, “Mardakert”- Ağdərə, “Martuni”- Xocavənd):

(Əvvəli burada: //moderator.az/qarabagh/394613/aderenin-azerbaycanli-2-ci-katibi-z-torpainda-nece-girov-gturuldu-tarixi-ibret/)

"...Yaxşı deyiblər ki, mərdlik də, kişilik də, qəhrəmanlıq da çətin anda, dar gündə sınanır. Bir dəfə hərbi geyimli iki saqqallı erməni onlara yaxınlaşdı:

-Sizdən birinizi öldürməliyik- dedilər, - özünüz qərara gəlin...”

...Bir anlıq dünya Arifin gözlərində qaraldı. Uşaqlıq, ilk gənclik illəri, övladları, doğma adamları bir-bir gəlib gözləri önündən keçdi. Övladları sarıdan arxayın idi. Hamısının pis-yaxşı əli çörəyə çatmışdı. Bircə sonbeşiyi Anar... Cəmi 10 yaşı var. “Nə etmək olar, görünür, mənimki bura qədərmiş...” Arif tərəddüd etmədən ayağa qalxdı.

-Siz hələ cavansınız, yaşamalısınız- dedi, - mən isə... Salamat qalın...

Ölüm anı... İnsan onu bircə dəfə - ömrünün sonunda yaşayır. Arif isə bu anı bəlkə yüz dəfə yaşayıb. Özü də cəmi 12 gündə...

“Əsirlər”i əlləri, gözləri bağlı vəziyyətdə divara söykədilər.

“İndicə sizi güllələyəcəyik – dedilər – sizin də canınız qurtarsın, bizim də”. Avtomatlar şaqqıldadı, ancaq güllələr onların başı üzərindən havaya sovruldu...

Girov götürüldüklərinin ikinci günü idi. “Müstəntiq”lər Arif Əliyevdən soruşurdular: “Nə üçün Artsaxdan köçüb getmirsiniz? Niyə başa düşmürsünüz ki, artıq məsələ həll edilib, torpaq bizimdir. Azərbaycan kəndlərində niyə tikinti-abadlıq işləri aparırsınız?”...

Alçaq boylu, saqqalı az qala sinəsinə tökülən biri isə ucadan qışqıra-qışqıra onun üstünə yeridi. Başına, sol böyrünə təpiklə, yumruqla güclü zərbələr endirdi:

“İşin təşkilatçılarından da biri sənsən. Bax, indicə səni o dünyaya göndərəcəyəm”...

Əlləri sıx bağlanmış “müqəssir” bir saata yaxın böyrü üstə palçığın içində uzanıb inildədi...

Axşam “istintaq”ında isə Arif Əliyevi daha ciddi işgəncələr gözləyirdi... Çünki o, bir az əvvəl saqqallılara ürəyindən keçən sözlərin hamısını söyləmişdi...

- Nahaq özünüzə əziyyət verirsiniz. Yel qayadan heç nə aparmaz. Biz Qarabağın bir qarışını da sizə verən deyilik. Gedin bu sözləri başçınıza da deyin. Qoyun o da bilsin... Nə qədər ki, gec deyil, ölçüb-biçin, götür-qoy edin. Yoxsa gələcək nəsillər sizi bağışlamaz...

9-cu gün... Deyəsən, Arif Əliyevin və Bayram Misirovun yerini dəyişdirmək istəyirdilər. Qarayanız, hündürboy erməni əlində avtomat içəri girdi:

- Çölə çıxın, gedirik...

Onları maşına mindirdilər və təxminən yarım saat yol getdilər. Sonra da meşənin kənarındakı kilsəyə gətirdilər. Maşından düşəndə bir anlıq baxışları toqquşdu. Əli avtomatlı adam Arif Əliyevi tanımışdı. Duman içində olsa da, Arif müəllim də onu xatırlaya bildi. Ötən illərin haqqı-sayınımı, ya da duz-çörək ağrısımı, ya da sadəcə, insanlıq hissimi baş qaldırmışdı. Əli avtomatlı erməni kənardakılar hiss etməsin deyə, sakitcə Arif müəllimə yaxınlaşdı. Əlinin arxası ilə üz-gözünün qanını sildi və az qala pıçıltı ilə:

-Bir-iki gün də dözün, -dedi. –Sizi öldürmək fikirləri yoxdur. Bəlkə dəyişdirdilər...

Quldurlar bir neçə gün Arif Əliyevdən təkidlə eyni suala cavab verməyi tələb edirdilər:

-Təşkilat komitəsi səni Martuni rayon komitəsininn birinci katibi qoymaq istəyir. Bizdə dəqiq məlumat var. De görək bu nə vaxt olacaq...

Arif qəlbində istehza ilə gülümsündü:

“Bütün məlumatlarınız bu qədər dəqiqdirsə, onda vay sizin halınıza”. Sonra da təmkinini pozmadan:

-Yalandır, nə təşkilat komitəsinin, nə də mənim belə fikrim yoxdur...

“İstintaq” bəzən 5-6 saat davam edirdi. Özü də müxtəlif vaxtlarda: gündüz də, səhər tezdən də, gecə yarısı da...

Meşənin dərin yerlərində, hərbi düşərgələrdə saqqallılar güclü radiostansiyalar quraşdırmışdılar. Onlar burada azərbaycanlılar yaşayan qonşu rayonlardakı ratsiya ilə danışıqlara asanlıqla qulaq asa bilirdilər...

Düzdür, cinayətkar dəstə üzvləri girov götürülənlərin hamısına əzab verir, döyürdülər. Lakin onlar diqqəti daha çox Arif Əliyevə yönəltmişdilər. Bu, heç də təsadüfi deyildi. O, 10 ilə yaxın Mardakert rayon partiya komitəsinin ikinci katibi işləmişdi. Son vaxtlar isə respublika təşkilat komitəsinin işində ardıcıl və qətiyyətli fəaliyyət göstərirdi. Bununla belə, Arif ruhdan düşmür, ağır mənəvi və fiziki əzablara mərdliklə dözür, yoldaşlarına da ürək-dirək verirdi...

Bir gün növbəti “istintaq” zamanı Arif Əliyev quldurların danışığından başa düşdü ki, onları ələ keçmiş erməni cinayətkarları ilə dəyişmək istəyirlər. Həmin canilər bir neçə gün əvvəl Füzuli rayonunun Divanalılar kəndinə basqın etmişdilər... Çox götür-qoydan, məsləhətləşmədən sonra onları maşına mindirib xeyli apardılar. Əlləri və gözləri bağlı olduğundan hansı istiqamətə getdiklərini dəqiqləşdirə bilmədilər. Ümumiyyətlə, 12 gün ərzində “əsir”lərin əllərini, gözlərini elə möhkəm sıxıb bağlayırdılar ki, az qala bədənlərində qan işləmirdi. Yara yerləri indi də qalmaqdadır...

Deyəsən, quldurların başçısı idi, xırıltılı səslə dilləndi:

- Burada gözləyin, indi gəlib sizi aparacaqlar...

Saqqallılar bunu deyib tələsik dağlara çəkildilər. Aradan çox keçmədi ki, Martuni rayonunda yerləşən sovet hərbi qulluqçuları gəlib çıxdılar. Əlləri, gözləri bəlkə də yüz yerdən qalın məftil və kəndirlərlə bağlanmış adamları açdılar. Sonra da maşına mindirib Martuni rayonu ərazisindəki nəzarət-buraxılış məntəqəsinə gətirdilər. Burada onları Divanalılar kəndinə hücum etmiş canilərlə dəyişdilər....

Arif Əliyev acı-acı xatırlayır:

- Gözlərimizi elə sıx bağlamışdılar ki, bir müddət işığa alışa bilmirdik...

Hazırda(1990-cı ilin noyabrı-S.L.) Arif Əliyevin səhhəti yaxşıdır. Həkimlərin rəyinə görə bu yaxınlarda işə çıxa biləcək. O, yenə də ön cəbhəyə, iş yoldaşlarının yanına tələsir. Axı, burada Arif müəllimi başladığı mühüm işlər, həlli vacib məsələlər, ciddi qayğılar gözləyir

Sağollaşdıq. Gözlərində yenə də sakit, təmkinli, işıqlı bir ifadə vardı – 5 il, 10 il əvvəl olduğu kimi. Gülümsündü. Çöhrəsinə xoş bir təbəssüm yayıldı:

-Gələn həftə gəlirəm,- dedi – birlikdə Umudluya (hazırda Tərtər rayonunun Rusiya hərbi kontingentinin himayəsindəki erməni separatçılarının nəzarətində qalan kəndi-S.L) gedərik...”

Zəruri şərh:

Rəhmətlik həmkarımızın bu hekayəti Azərbaycanın Qarabağ münaqişəsinin tədricən hərbi əməliyyatlar mərhələsinə keçdiyi ziddiyyətli dövründən kiçik bir epizod idi. 1988-1994-cü illər ərzində yüzlərlə belə, bundan da dəhşətli olaylar olub. Lakin 1990-cı ildə hələ sovet dövrü idi, müstəqil deyildik. Hələ Azərbaycan rəhbərliyi Moskvanın bir çox diqtələrini icra etməyə məcbur idi. Lakin bununla belə, Arif Əlıyev kimi fədakar, qəhrəman məmurlarımız da var idi ki, bütün çətinliklərə, təhlükələrə, əzab-əziyyətlərə rəğmən o vaxtkı imkanlar çərçivəsində Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində, o cümlədən Ağdərə və Xocavənd rayonlarındakı idarəçiliyini, yurisdiksiyasını bərpa etməyə çalışırdılar. Təəssüf ki, Bakıdakı respublika rəhbərliyi kimi Xankəndində fəaliyyət göstərən Polyaniçkonun rəhbərlik etdiyi respublika təşkilat komitəsinin də Kremlin qərar və göstərişlərindən asılılığı, həmçinin həm paytaxtımızda, həm də rayonlarda bəzilərinin hakimiyyət, kürsü davası, eləcə də bir sıra rəhbər məmurların laqeydliyi, səhlənkarlığı sayəsində Azərbaycan xalqı öz işini başa çatdıra bilmədi. Nəticədə həmin vaxtlar “əşşi, bu dığalar, bizə nə edəcək” dediyimiz erməni işğalçı, separatçı və terrorçuları arxalarındakı Moskvaya, Parusə, Vaşinqtona güvənərək birləşib, güclənib meşələrdəki, dağlardakı təxribat, diversiya və terror aktlarından birbaşa hərbi əməliyyatlara keçərək nəinki keçmiş Dağlıq Qarabağ ərazisini, eyni zamanda ətraf 6 rayonu, eləcə də Ermənistanla sərhəddə 10-a yaxın kəndimizi işğal etdilər... Onda, yəni 1988-1990-cı illərdə də indiki kimi pərakəndə erməni silahlı birləşmələri Ağdərənin, Xocavəndin, Xocalının, Əsgəranın dağlarında, dərələrində, meşələrində gizli bazalar yaradıb gələcək planlar üçün hazırlıq görürdülər. Onda da Ağdərə ərazisinə daxil olan azərbaycanlı məmur, döyüşşü girov götürülürdü, indi də... Onda da girovları, əsirləri Rusiya hərbçiləri dəyişirdi indi də... Amma indi müstəqilik və 44 günlük savaş sayəsində torpaqlarımızın böyük hissəsini azad etmiş güclü, qalib dövlətimiz, ordumuz var, etibarlı qardaşlarımız, dostlarımız var. Odur ki, Qarabağın digər ərazilərindəki erməni terrorçu qruplaşlmalarının yenidən dirçəlib güclənməsinə imkan verməməli, həmin ərazilər üzərində yurisdiksiyamızı mümkün qədər tez bərpa etməliyik...

Təqdim etdi: Sultan Laçın

AzNews.az