Heç bir qadın yaxşı kişidən boşanmır. Bəylər deyəcək ki, heç bir kişi yaxşı qadına xəyanət etmir. Xeyr, edir. Əvvəldən şərtlərlə evlənmək lazımdır. Sabahı gün uşaqla qalan qadın sıfırdan başlayır, bir işə başlamaq üçün əlində nəsə olmalıdır. Xanımlar özünə dəyər verəndə boşanmalar da azalacaq. Sən çətin əlçatan olsan, kişi də qədrini biləcək. Səni istəyirsə, gözünü bağlayıb "sənə hər şey qurbandır” deyəcək, müqaviləyə razı olacaq. Əks təqdirdə, deməli malı-mülkü daha önəmlidir. Qadında xəyanət məsələsini hara fırlatsan da, kişinin boşluğuna gəlir. Qadın qulağı boş qalmamalıdır. Ayda bir çiçək alsalar, özəl günləri qeyd etsələr, səbəbsiz nələrsə etsələr, könlünü xoş tutsalar, qadın xəyanət etməz. Mütləq kişi boşluğu olur ki, bu yola əl atırlar. Çoxu da peşman olur. Kişilərdə isə xəyanətin milyon səbəbi var. Məsələn, deyir ki, mən çox ehtiraslıyam, xanımım passivdir, ondan nəsə istəyirəm, qəbul etmir. Baxırsan ki, düzdür. Bir kişi qadınına natəmiz olduğuna görə xəyanət edirdi. Kişi təmizkardır, deyir ki, mən evə girirəm, qablar çirklidir, yer yığışdırılmayıb , evə əl gəzdirilməyib, ancaq əlində telefon və s. Həmin kişi boşanmır, amma xəyanət edir və yanına getdiyi qadın təmizkar olur. Bu da düzdür.
Valideynlərinin məcburiyyəti ilə evlənənlər də mütləq xəyanət edir. Mən buna da cinsi istismar deyirəm. Yəni valideyn istəyir deyə, uşağını təcavüzə məcbur edir. İstəmədiyin adamla evlənmək nə deməkdir? Zorlanmaq deməkdir, qəbul etsələr də, etməsələr də - valideynim istəyib deyə mən bu adamla yatmalıyam. Burada yüz faiz xəyanət var, qadın tərəfdən də, kişi tərəfdən də. Xəyanət birinci beyində baş verir. Artıq yatağa girmək məsələsi sondur. Ora çatana kimi beynində qərarını verir. Kişilərdə ani xəyanətlər ola bilər. Ancaq qadın xəyanətə gələnə qədər yüz dəfə ölçüb biçir, nə edəcəyini bilir, ani olmur. Kişi içkili olduğunu deyə bilər, yaxud özünü itirdiyini, onlarda heyvani hislər oyana bilər, nə etdiyini bilməz.
- Kişi bilmədən bu yola gedirsə, onu xəyanət kimi qiymətləndirməməliyik?
- Xəyanətdir. Başqa qadınla mesajlaşması da xəyanətdir. "Flört” başqa şeydir. Bu xəyanət sayılırmı? Yox. Bəzi insanlar flört etməyi sevir. Mən hətta onlara çox ünsiyyətcil adamlar deyərdim. Fərqi yoxdur qadın və ya kişilərlə ünsiyyətə girməyi sevirlər. Birindən nömrəni niyə götürürsən? Deməli bəyənmisən. Dost? Xeyr, qadınla kişinin dostluğu yoxdur. Mümkün deyil. Qadın-kişi dostluğu simpatiya üzərində yaranır, iki tərəfdən birinin mütləq xoşu gəlir, ona görə o dostluqlar baş verir. İstisna ola bilər ki, bir tərəf lezbiyan, ya da geydir. Bəyənmə hissi olmasa, heç vaxt dostluq alınmaz.
- "Kişi evə qaçırsa, səbəbkar qadındır, kişi evdən qaçırsa, səbəbkar yenə qadındır”. Bütün məsuliyyəti qadının üzərinə yükləmək nə dərəcədə doğrudur?
- Qadının üzərinə yükləmək lazımdır. Çünki qadın boğazdır, kişi başdı. Yer üzündə qadın qədər güclü məxluq yoxdur. Hər şeyin təməlini qoyan qadındır. Bəzi qadınlar döyüldüyündən, söyüldüyündən şikayətlənir, halbuki icazə verən də özləridir. İlk başda sən dözməsəydin, cəza tətbiq etsəydin, yerini biləcəkdi. Xəyanətə sən vadar etmisən. Qadın istəsə, kişini evə darta bilər. Bir də var, evə bağlı olmayan kişilər. Söhbət normal insanlardan gedir. Xanımın həm gözəlliyi, zəkası, evdarlığı var, hər şeyi yerindədir, ancaq kişi evə bağlı deyil. Bu artıq kişinin öz problemidir. Bu kişilər uşaq vaxtı həddindən artıq ata-ana davasının şahidi olanlardır. Belə insanlar evə gəlmək istəmirlər. Bir oğlanla evlənəndə onun atası-anası haqqında fikirlərini bilmək lazımdır. Əgər valideynlərinə bağlı deyilsə, öz ailəsinə qarşı da elə olacaq. Həddindən artıq anasına bağlıdırsa, o da yanlışdır. Belə yerdə gəlin-qaynana münasibətləri dəhşətli dərəcəyə çatacaq. Ana ilə oğul məsafəli olmalıdır, amma əlaqə qopmamalıdır.
- Homoseksuallıq məsələsinə toxunmaq istəyirəm bir az. Bu, Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər siyahısında yoxdur. Psixoloq kimi necə düşünürsünüz, homoseksuallıq xəstəlikdir, yoxsa sonradan qazanılan vərdiş?
- Vərdişdir və birbaşa psixoloji pozuntudur. İstəyir lezbiyanlar, transeksuallar olsun, istəyir geylər, biseksuallar olsun, hamısının təməlində uşaqlığı ilə bağlı travmaları var. Ümumi adı valideyn nəzarətsizliyidir. Ya bayaq dediyim yeniyetmə dönəmində başa salanı olmayıb, ya istismara, təcavüzə məruz qalıb, valideynləri tərəfindən atılıb. Tutaq ki, oğlan uşağı kiçik yaşlarında təcavüzə məruz qalıb. Sən niyə sonradan qadın olursan? "Mən kişi olmalı deyildim, yanlış doğulmuşam” deyirsən?
Biri küçəyə çıxıb "prezidentəm, hamınız mənə tabe olmalısınız” desə, onu aparıb dəlixanaya salacaqlar. Amma bir oğlan çıxıb deyir ki, mən qadınam və cinsiyyətini dəyişir, buna normal baxırlar. Niyə? Problem başqa bir şeydədir. Bəziləri təcavüzə məruz qalsa da, kişi kimi həyatını davam edir. Fərq burasındadır. Onsuz da uşaq vaxtı istismara uğrayan oğlan uşağında kişilik mənliyi ölmüş olur. Məsələn, 23 yaşında bir oğlan gəlmişdi, həyatında heç bir münasibəti alınmır, çox aqressivdir, özünə qapanıqdır, insanlarla ünsiyyəti yoxdur. Sonra məlum oldu ki, 11 yaşında olanda 14 yaşlı qonşu oğlan tərəfindən dəfələrlə cinsi istismara məruz qalıb. Amma bu gey deyil, demir ki, içimdə qadın ruhu var, normal kişi kimi həyatını yaşayır, təbii ki travması ilə.
Əvvəllər də bu olub, ancaq internet yox idi, məsələ bu şəkildə qabardılmırdı. Eynicinsli münasibət yaşayanlar əslində heç də elə deyillər. Bu, onların şüuraltıdır. Gördükləri, dinlədikləri təsir edir və həyatında da uşaq vaxtı travması olubsa, artıq yönəlir. Ola bilər, istismar, təcavüz baş verməyib, valideyn hamilə vaxtı oğlunun olmasını çox istəyir, lakin qız övladı olur. Onu uşaqlıqdan oğlan kimi böyütməyə başlayırlar. Uşağın nə etdiyinə valideyn nəzarət etməlidir. Məsələn, mənim iki böyük qardaşımın ardınca mən dünyaya gəlmişəm. Çox açıq bir şey danışacam. Mən görürdüm ki, qardaşım ayaqyolunda ayaqüstə işini görür, mən də onu təkrar etməyə başlamışam. Təbii ki, anam mənə qız olduğumu, bu şəkildə etməməli olduğumu izah edib. Yəni qız uşağı gəlinciklə oynamalıdır, əgər maşına meyllidirsə, bunu valideyn yönləndirir. Yaxud valideyn makiyajdan istifadə edir, oğlan uşağı da onu təkrar etmək istəyir, ana buna icazə verməməlidir. Oğlan uşağını bacıların öhdəsinə buraxmamalısan, çünki qız kimi tərbiyə edəcəklər. Bunun kimi çox nümunə çəkmək olar. Təməli valideyn qoyur. İndiki zamana görə 10 gözün olmalıdır. Bu o demək deyil ki, sıxmaq lazımdır, yox. Sadəcə düzgün izahat verməliyik.
- Son zamanlar gündəmdə olan mövzulardan biri də feminizm və feministlərdir. Bu barədə nə düşünürsünüz?
- Feministlərin bir qismi ya eynicinsli münasibət yaşayanlardır, lezbiyanlar, ya da ki mütləq şəkildə kişilərdən nəsə görüblər – uğursuz nikah, uğursuz münasibət, yaxud dominant ananın qızıdır. Hər şeyi Avropadan götürürük, evlilik öncəsi müqaviləni də götürün də. Çox dəxlisiz şeyləri götürürlər, feministlik filan. Feministlik bizə uyğun deyil, ümumiyyətlə, qəbul etmirəm. Çünki Azərbaycanda kişi bir pillə qadından üstün olmalıdır. Hər bir uğurlu kişinin arxasında güclü qadın var. Və hər bir uğurlu qadının həyatında uğursuz kişi olur.
Bir idarəçi olar, iki nəfərlə olmur. Qadın və kişinin bərabərliyi ortaya çıxdı, ondan sonra bizdə problemlər başladı. Bizdə bərabərliyi düzgün başa düşmürlər. Bu o deməkdir ki, qadın da işləyə bilər, kişi də, uşaq tərbiyəsində qadın da, kişi də eyni iştirak etməlidir. Bizdə axı elə deyil. Qadın tərbiyə verir, sabah gün bir səhv olanda "sənin verdiyin tərbiyədir” sözünü eşidir. Yox əzizim, o uşaq sənə də aiddir, tərbiyədə sən də iştirak etməlisən. Bərabərlik o demək deyil ki, sənə olarsa, mənə də olar. Ona olan sənə də olsaydı, onda ikiniz də eyni cinsiyyət orqanı daşıyardınız.
Niyə birinci kişi yaranıb? Əgər bərabərlik varsa, ikiniz də eyni vaxtda yaranardız da. Birinci kişi yaranıb, sonra qadının badına gedib. Düşünürəm ki, idarəedici bir nəfər var, o da kişidir və ailə ona tabe olmalıdır. Qadın həmişə düzəliş edəndir.
- Son olaraq, əgər bir siyasətçi xalqın hislərinə toxuna bilirsə, çıxışlar edib səs yığırsa, bu artıq psixoloji gedişdir. Sizcə, bir psixoloqdan mükəmməl siyasətçi olarmı?
- Niyə olmur ki. Mən şəxsən gələcəkdə millət vəkili olmağı fikirləşirəm. Xalq arasında olan biri seçilməlidir. Məsələn, bu gün bizdə məişət zorakılığı haqqında qanun qüvvəyə minməyib. Milli Məclisdə oturan bəzi ağsaqqallar hələ də başa düşmürlər ki, necə yəni kişi qadına bir şillə vuracaq, o da gedib şikayət edəcək, kişiyə cəza kəsiləcək. Yaxud uşaq ata-anasından şikayət edəcək, cəza tədbirləri görüləcək.
Bu gün nə qədər həyat yoldaşı tərəfindən öldürülən qadın var. Uzaqdan-uzağa tanış biri var idi, boşanmışdı, 7 ildən sonra keçmiş həyat yoldaşı gəlib üzünə "kislota” tökmüşdü. Axı ailə zəminində baş verən hadisələr var. Bunların heç birinə baxmırlar və deyirlər ki, ailə içində olan söz-söhbətdir. Amma qanun qəbul edilsə, artıq hər kəs öz həddini biləcək.
Bilirsiniz, yanıma nə gündə xanımlar gəlir? Diş yox, döyülüb. Xanım var ki, 6 aydır hava nədir bilmir, çölə çıxmaq icazəsi yoxdur. Məişət zorakılığı haqqında qanun qüvvəyə minsə, həmin kişiyə cəza düşür. Odur ki, riyaziyyat müəllimi gəlib icra başçısı ola bilir, psixoloq yox? Bu arada mən 10 il təyyarə bələdçisi işləmişəm. Çoxları yazır ki, bu axı təyyarə bələdçisi olub, bundan nə psixoloq çıxar? Çox gülünc bir yanaşmadır. Kim anasının qarnında nazir olur? Kim millət vəkili olur? Müəyyən bir yerə gəlmək üçün mərhələlərdən keçməlisən. İnkişaf etmək istəyirəm, niyə sahəmi dəyişməyim? Hələ 2 ildən sonra harada olacam bilmirəm. Siyasət məsələsinə gəlincə, bəlkə 42 yaşımda filan niyə də olmasın? Sınamaq olar.(Sfera.az)