Müqəddəs günə hazırlıq və Əliyevin dəmir yumruğu

27 Sentyabr 2021 09:52 (UTC+04:00)

2018-ci il, 26 iyun: Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Azadlıq meydanında hərbi parad keçirilir.

Paradda çıxış edən Ali Baş Komandan, Prezident İlham Əliyev bəyan etdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Ali Baş Komandanın bu sözlərindən cəmi iki il sonra – 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlandı və 44 gün davam edən döyüşlər Azərbaycanın tam qələbəsi ilə başa çatdı: Şuşada ucaldılan üçrəngli bayraq Azadlıq meydanına gətirildi və hərbi paradda göstərildi.

Hər şey dəqiqliyi ilə Prezident İlham Əliyevin dediyi kimi oldu. Bu təsadüf idimi? Xeyr, Azərbaycan lideri uzun illər ölkəni Vətən müharibəsinə hazırlayır, torpaqlarımızın azad olunması üçün diplomatik cəbhədə fəaliyyətini davam etdirməklə yanaşı, hərbi cəbhədə ordunu gücləndirirdi.

2016-cı ilin “aprel müharibəsin”də ağır zərbə alan Ermənistan danışıqlar masasına gəlməyə və işğal altındakı torpaqların təklif olunan sülh planına uyğun boşaldılması ilə bağlı öhdəlik götürməyə məcbur oldu. Lakin xunta rejiminin rəhbəri Serj Sarkisyan öhdəliyini yerinə yetirmədi və ATƏT-in Minsk qrupu başda olmaqla beynəlxalq ictimaiyyətin laqeyd münasibəti Ermənistanın işğal siyasətini davam etdirməsi üçün imkanlarını genişləndirdi. Aprel müharibəsinin ardınca Azərbaycan və Ermənistan prezidentlərinin keçirdiyi Vyana və Sankt-Peterburq görüşündən sonra proses dalana dirəndi. Bir il sonra – 2017-ci ilin oktyabr ayında Cenevrədə keçirilən görüş münaqişənin həllinə nail olmaqdan daha çox, Minsk qrupu həmsədrlərinin hesabat xarakterli addımından başqa bir şey deyildi.

Bütün yollar müharibəyə aparırdı: danışıqlar faktiki dayanmışdı, işğalçı ölkə təxribatlarına ara vermir, xüsusilə mülki əhaliyə qarşı terror hücumları törədirdi; 2017-ci ildə 2 yaşlı körə Zəhra Quliyevə və nənəsi, 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın qətlə yetirilməsi erməni terrorunun ən qanlı səhifələrindən biridir;

2018-ci il Azadlıq meydanında keçirilən hərbi paradda Ali Baş Komandan İlham Əliyev Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” deyəndə artıq Serj Sarkisyan devrilmiş, Ermənistanda hakimiyyət küçədən gələn Nikol Paşinyana keçmişdi. Danışıqlarla bağlı yeni ümidlər yaranmışdı, həm Paşinyanın keçmişi, həm beynəlxalq oyunçuların “həll” məsələsində maraqlı olması və s.

Ermənistan faktiki olaraq xaos yaşayırdı və baş verənlər ərazilərin azad olunması üçün hərbi zərbə vurmaq üçün unikla şərait kimi görünürdü. Lakin İlham Əliyev uzlaşma yolunu seçdi: səbəbini çox sonralar anlayacaqdıq...

2018-ci ilin 28 sentyabrı: İlham Əliyev və Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclası zamanı ilk dəfə görüşdü. “Lift diplomatiyası” olaraq təqvimə düşən bu görüşdə cəbhədə “atəşkəs rejimi”nə əməl edilməsi ilə bağlı razılıq əldə olundu. Sonrakı aylarda təmas xəttində itkilərin sayı demək olar ki, sıfırlandı.

Sual açıq qalırdı: Azərbaycan Ermənistandakı xaos vəziyyətindən niyə istifadə etmədi?

Əliyev “Qambit gedişi” (şahmatda tərəflərdən birinin oyunu inkişaf etdirmək, daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi) edir, həlledici zərbəni müvəqqəti təxirə salırdı və bu səbəbsiz deyildi:

Birincisi, getdikcə dalana dirənən danışıqların düz yola çıxması üçün “nəfəslik açır”: ordunun hərəkətini müvəqqəti təxirə salır və Moskvanın qarşısında alternativ qoyurdu.

Düşənbə görüşü nə qədər Moskvanın planı kimi görünsə də, Qərb layihəsi ilə siyasi Olimpə yüksələn Paşinyan hakimiyyətinin möhkəmlənməsinə hesablanmış “atəşkəsin davam etdirilməsi” və üçüncü tərəfi oyundan kənarlaşdıran “tərəflər arasında operativ əlaqənin qurulması” razılaşması rusların marağında deyildi. Bu baxımdan, Bakı İrəvanla birbaşa razılaşma ilə ABŞ-a ötürmə verir, münaqişənin həllini inhisarda saxlayan Rusiyaya alternativin olduğunu nümayiş etdirirdi. Bu, iki tərəfin də - ABŞ və Rusiyanın həll variantları təklif etməsini aktivləşdirəcək və Azərbaycanın imkanlarını genişləndirəcəkdi. Sonrakı proseslər – ABŞ və Rusiyanın görüşlərin təşkili üçün yarışa girməsi, bir sıra razılaşmaların olması da Bakının atdığı topun qapıdan keçdiyini göstərirdi.

İkincisi, Bakının “daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi” cəbhədə ordumuzun mövqelərinin möhkəmləndirilməsinə, gözlənilən real danışıqların olmayacağı təqdirdə, başlaya biləcək müharibədə maddi üstünlüyünün təmin edilməsinə hesablanmışdı.

Azərbaycan ordunun cəbhədə mövqelərini həqiqətən də gücləndirirdi. Erməni ekspertlər müharibədən sonra yazırdılar: “Əliyev böyük oynadı, Paşinyana vaxt verdi və ordusunu döyüşə hazırladı”.

Prezident İlham Əliyevin bu günlərdə Rusiyanın “Nasionalnaya oborona” deyir: “Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu”.

Ali Baş Komandan torpaqlarımızda işğala son qoymaq üçün əməliyyat planının həmişə mövcud olduğunu, daim yeniləndiyini açıqlayır və bu, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olduğunun sübutudur.

Sonralar – müharibəyə sayılı günlər qalmış İlham Əliyev Paşinyanın Düşənbədə ondan hakimiyyətini möhkəmləndirmək üçün vaxt istədiyini açıqlayacaqdı və bu da Azərbaycan liderinin strateji manevrlərindən biri idi.

Düşənbə görüşündən sonra Nikol Paşinyan hakimiyyətini möhkəmləndirmək, İlham Əliyev mümkün hərbi əməliyyatın üzərindən bir daha keçmək, ordunun mövqelərini gücləndirmək üçün vaxt qazandı. Əliyev Paşinyana həm də ona görə vaxt vermişdi ki:

- həmin dövrdə geosiyasi və regional şərtlər hərbi həll variantı üçün unikal deyildi;
- münaqişənin danışıqlar masasında həlli ümidləri yaranmışdı, xüsusilə beynəlxalq oyunçuların istəkləri fonunda;


Dekabr ayında – Ermənistanda seçkilərdən öncə ABŞ prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dedikləri sözlər də münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.

“İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq”, – Bolton belə deyirdi.

2019-cu ilin yanvarında Azərbaycan və Ermənistan XİN rəhbərləri Parisdə üç saatlıq müzakirə apardı, “xalqları sülhə hazırlamaq” üzərində razılıq əldə olundu. 23 yanvar tarixində isə Prezident İlham Əliyevlə Nikol Paşinyanın Davosda görüşü keçirildi.

Proseslər pozitiv istiqamətdə inkişaf edirdi, lakin hakimiyyətini möhkəmləndirmək üçün Düşənbədə Əliyevdən vaxt istəyən Paşinyan buna nail olan kimi təxribatlara başladı.

2019-cu ilin 26 fevralında - Xocalı soyqırımının 27-ci ildönümü günü soyqırımın müəllifi olan Ermənistanın müdafiə naziri Davod Tonoyan “yeni müharibə yeni ərazilər” iddiası ilə gerçək niyyətlərini ortaya qoydu.

Martın əvvəlində Nikol Paşinyan danışıqlar masasında “format dəyişikliyi” iddiasını irəli sürdü: Qarabağdakı separatçı-terrorçuları münaqişənin “tərəfi” olaraq qəbul etdirmək istəyirdi.

Martın 12-də Ermənistan Təhlükəsizlik Şurasının iclası tarixdə ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində – Xankəndidə separatçıların iştirakı ilə keçirildi və iclasda “Qarabağın tərəf olması” tezisi yenidən gündəmə gətirdi.

Martın 26-da erməni hərbi birləşmələri Azərbaycan əsgərini şəhid etdi. Bu, Düşənbədə “lift diplomatiyası”nan sonra cəbhədə verilən ilk şəhid idi.

Martın 29-da Azərbaycan Prezidenti ilə erməni baş nazir Vyanada bir araya gəldi. Əslində Tonoyanın hərbi ritorikaya müraciət etməsi və Azərbaycan əsgərinin şəhid edilməsi bu görüşün də digərləri kimi nəticəsiz olmasına hesablanmışdı.

Vyana görüşündə Ermənistanın separatçıları danışıqlara “tərəf” kimi daxil etmək iddiası alt-üst edildi, lakin bu, həmsədrlərin yox, Azərbaycan liderinin siyasi iradəsinin nəticəsi idi. Minsk qrupu sadəcə nəticəsiz bəyanatlar vermək vərdişini davam etdirərkən, Nikol Paşinyan Vyanadan qayıdandan sonra da sülh danışıqlarını baltalamağa başladı.

Mayın 30-da cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun mayoru şəhid edildi. Bu, atəşkəsin pozulması nəticəsində hərbi qulluqçunun düşmən gülləsinə tuş gəlməsi kimi işğalçının adi hala çevrilmiş təxribatı deyildi, snayperlə Azərbaycan Ordusunun zabiti, batalyon komandirinin şəhid edilməsi gərginliyin yaradılmasına, danışıqları pozmağa hesablanmışdı.

İyul ayından başlayaraq, işğalçı ölkə təxribat hücumlarını təmas xəttindən dövlət sərhədinə - Qazax istiqamətinə keçirdi.

Avqustun 5-də Paşinyan işğal altındakı torpaqlarda “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını gündəmə gətirdi və iddia etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Prezident İlham Əliyev işğalçı ölkənin rəhbərinin cavabını tarixi “Qarabağ Azərbaycanındır və Nida” bəyanatı ilə verdi.

Azərbaycan lideri bu iddiaya cavab vermək üçün iki ay gözlədi. Niyə?

Həmin vaxt iki mühüm hadisə gözlənilirdi: biri, BMT Baş Assambleyasının 74-cü sessiyası, digəri Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək zirvə toplantısı. Bu, iki qütbün – Şərqlə Qərbin Ermənistana münasibətini ortaya qoyacaqdı və Azərbaycan lideri siyasi şahmat taxtasında gedişlərini buna görə müəyyənləşdirəcəkdi. Ermənistanın baş nazirinin “Amerika arzuları” çin olmadı, Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclası, daha doğrusu, Putinin İrəvana gəlişi də Ermənistan üçün heç nə qazandırmadı.

Azərbaycan lideri məhz siyasi prosesləri analiz edərək, cavab üçün vaxtı və məkanı dəqiq seçdi: “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən iclası.

“Qarabağ Azərbaycandır və NİDA”. İlham Əliyevin cavabı proseslərin inkişafını da müəyyənləşdirirdi.

2020-ci ilin ilk ayından etibarən Ermənistan separatçı rejimi danışıqlarda “tərəf” kimi iştirak etmək iddiasını daha da genişləndirdi və sülh prosesini pozmaq üçün təxribatlarını davam etdirdi.

15 fevralda İlham Əliyev və Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında canlı debata çıxdı: bu, münaqişə tarixində ilk idi və Azərbaycan lideri tarixi faktlarla erməni baş naziri dünyanın gözü önündə alt-üst etdi, bununla həm də beynəlxalq ictimaiyyətə haqlının kim, haqsızın kim olduğunu, işğalla məruz qalanla işğalçı arasındakı fərqi nümayiş etdirdi.

Masada məğlub olan Ermənistan təxribatlarını gennişləndirirdi. Mayın 22-də işğal altındakı ərazilərdə separatçı rejimin yeni “rəhbəri”nin qondarma “andiçmə” mərasimi Şuşada keçirildi. Mərasimin baş qonağı Ermənistanın baş naziri Nikol Paşinyan idi.

İyulun 12-də Ermənistan Tovuz istiqamətində - dövlət sərhədində təxrubat hücumuna keçdi: işğalçı ölkə “yeni müharibə, yeni ərazilər” prinsipini praktiki müstəviyə keçirməyə cəhd etdi. Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi. Artıq ox yaydan çıxmışdı və bütün yollar müharibəyə aparırdı.

Ermənistanın bu qədər rahatlıqla təxribat törətməsinin əsas səbəblərindən biri də cəzasızlıq mühiti idi: nə Minsk qrupu, nə də beynəlxalq ictimaiyyət işğlalçının aqressiyasının önünə keçmir, keçmək istəmirdi.

2020-ci ilin sentyabr ayı: Azərbaycan lideri iki strateji gediş etdi.

Birincisi, Düşənbə görüşünün bütün detallarını itimaiyyətə açıqladı. Bu, Ermənistanın daxili siyasətində partlayışın yaradılması məqsədi “minaların döşənməsi” gedişi idi:

- Bununla Nikolun Azərbaycanla razılaşmaqda ittiham etdiyi rəqibləri ona qarşı eyni ittihamı irəli sürmək imkanı qazandı;

- Müxalifət “Paşinyan İrəvanda hakimiyyətini quranda, Əliyev Qarabağda güclənirdi” ittihamlarını irəli sürməyə, onu Bakı ilə gizli razılaşmada günahlandırmağa başladı;

- Ermənistan daxilində siyasi qarşıdurmanın güclənəcəyi, atmosferin daha da pisləşəcəyi şübhəsizdir və bu, mümkün müharibədə Azərbaycanın istəyinə uyğun idi;

Müharibə üstünlüyü ələ almağın yollarından biri düşmənin içində inamsızlıq, qarışıqlıq yaratmaqdır. Bakıdan İrəvana atılan “güllə” hədəfə dəymişdi.

İkincisi, beynəlxalq ictimaiyyətə sonuncu xəbərdarlığı etdi: Azərbaycan Prezidenti 2020-ci ilin 24 sentyabrında BMT Baş Assambleyasında sonuncu çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyindən, Ermənistanın təxribatlarından, mülki əhalini hədəfə almasından, silahlanmasından bəhs etdi və baş verə biləcək hərbi toqquşmanın məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü bildirdi;

Azərbaycan bütün dünyaya mümkün müharibənin səbəbkarını və səbəblərini göstərmişdi.

Bu xəbərdarlıqdan üç gün sonra Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı terror hücumlarına genişmiqyaslı şəkildə start verdi. Və illərdir müqəddəs günü yaxınlaşmaq istiqamətində fəaliyyət göstərən Ali Baş Komandan İlham Əliyev Orduya əks-hücum əmri verdi.

27 sentyabr: Azərbaycanın son 250 illik tarixində məğlubiyyət sindromunun qırıldığı, 30 il sonra torpaqlarımızdakı işğala son qoyulduğu müqəddəs gün.

Azərbaycan Ordusu düşmənin 4 ilə işğal etdiyi torpaqları cəmi 44 günə azad etdi. Cəmi 44 günə Ermənistan darmadağın edildi, 300-dən artıq yaşayış məntəqəsi azad olundu, Şuşaya üçrəngli bayrağımız sancıldı və işğalçı ölkə kapitulyasiyaya məcbur oldu: işğal altındakı ərazilərin digər qismi – Laçın, Kəlbəcər, Ağdam bir güllə atılmadan, bir şəhid verilmədən azad olundu.

Bu Azərbaycanın tarixi Qələbəsi, milli oyanışı, məğlubiyyət sindromundn xilası və Ermənistanın işğal dövründə uydurduğu miflərinin darmadağın edilməsi idi. Azərbaycanın “Dəmir Yumruğu” işğalçının başına endirilmişdi.

Və Ali Baş Komandan Vətən müharibəsinin ildönümü ərəfəsində döyüş əməliyyatının niyə “Dəmir Yumruq” adının verilməsinin səbəbini belə izah edir.

“Hərbi əməliyyatların başlanğıcında bizim əməliyyatın heç bir adı yox idi. Mən Azərbaycan xalqına müraciətlərim zamanı azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə “dəmir yumruq” ifadəsindən istifadə etmişəm. Mən bu termindən bir neçə dəfə istifadə edir və deyirdim ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, bizim “dəmir yumruq” onun başını əzəcək. Bu termin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edildi və sonra mən qərara aldım ki, həmin termin, necə deyərlər, formallaşdırılsın və əməliyyatın adı olsun. Lakin bir daha deyirəm, bu, hərbi əməliyyatların gedişində olub”, - Əliyev bildirir.

Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib, üç onillikdən sonra böyük zəfərlə torpaqlarını işğaldan azad edib və post-münaqişə dövrü ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. Lakin Azərbaycanın “Dəmir Yumruğu” hələ də yerindədir və ölkəmizə qarşı istənilən təhdidə qarşı yenidən işə düşə bilər.

Asif Nərimanlı