“Oktyabrdan sonra Azərbaycanda Milli Şura adlı qurum olmayacaq“

24 İyun 2013 13:45 (UTC+04:00)
"Vaxtilə İctimai Palata da özünün yol xəritəsini hazırlamışdı, bölgü aparırdılar, təyinat verirdilər, amma heç bir nəticəsi olmadı. Bunların hamısı boş və mənasız şeylərdir".

Bu barədə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın "kölgə kabineti"nin yaradılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib:

"Bütün bunlar özlərinə təskinlik verməkdən başqa bir şey deyil. Çünki Azərbaycanda seçki ilidir, seçkiyə hazırlaşmaq lazımdır. Görünür, bunların heç bir sosial bazası yoxdur, özləri özlərini aldatmaqla məşğul olurlar. Öz aralarında o deyir, mən komissiya sədri olum, bu deyir, mən nə olum. Hələlik vəzifə bölgüsü aparırlar. Qoy etsinlər, bunların hamısı təxminən oktyabrın 20-nə qədərdir. Ondan sonra Milli Şura adlı qurum ümumiyyətlə Azərbaycanda olmayacaq".

Novruzov qeyd edib ki, hətta ona qədər Milli Şurada parçalanmalar olacaq, çünki ora yığışan insanların hamısı iddialı insanlardır və bir çoxları öz partiyasını qoyub, bir kənara gedib hardasa birliklərə qoşulmaqla məşğuldurlar: "Çünki öz partiyalarında onlara inam qalmayıb. Bu yaxınlarda İsa Qəmbər haqqında Arif Hacılı özü bir müsahibə verdi və qeyd etdi ki, əgər İsa Qəmbər Müsavatın namizədi olmayacaqsa, Müsavatdan başqa adam namizədliyini verəcək. Yəni İsa Qəmbəri Müsavatda dəstəkləmirlər, ona görə də istəyir ki, Milli Şuradan öz namizədliyini irəli sürsün".

Millət vəkili vurğulayıb ki, digər partiyalarda da vəziyyət belədir: "Yəni əgər siyasi partiya varsa, cəmiyyətdə yer tutubsa, niyə başqa-başqa adlar altında öz namizədliklərini irəli sürmək istəyirlər? Bu, o deməkdir ki, nə o partiyanın, nə də onun liderinin Azərbaycan cəmiyyətində heç bir nüfuzu yoxdur".//trend//

AzNews.az