Alpinistlərimiz 1 saatdan sonra səfirliyə təhvil veriləcək

24 İyun 2013 13:46 (UTC+04:00)
"Pakistandakı Nanqa Parbat zirvəsinə ekspedisiyada olan, son anda ölümdən dönən alpinistlərimiz bir saatdan sonra Pakistan təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən Azərbaycanın İslamabaddakı səfirliyinə təhvil veriləcək"

Bunu Lent.az-a açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

Səfir bildirib ki, 3 azərbaycanlı alpinistlə yanaşı, 2 gürcü alpinist də Pakistandakı səfirliyimizə təhvil veriləcək: "Alpinistlərimiz ya sabah, ya da iyunun 26-da müvafiq reyslə Azərbaycana yola salınacaq".

Xatırladaq ki, Himalay dağlarının Pakistan ərazisində yerləşən Nanqa Parbat zirvəsinə ekspedisiyada olan alpinistlərin baza düşərgəsinə silahlı hücum faciəyə səbəb olmuşdu. "Cindullah" qruplaşmasının hücumu nəticəsində 10 alpinist öldürülmüşdü.

AzNews.az