Paşinyan kimə və nəyə arxayın olub Azərbaycanı müharibəyə təhrik edirdi?

29 Sentyabr 2021 12:30 (UTC+04:00)

44 günlük savaşın başlanmasının ildönümündə İctimai televiziyanın efirində intellektual həmkarım, peşəkar telejurnalist Murad Hüseynovun çox samballı qonaqları vardı.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, sabiq prezident köməkçisi Eldar Namazov, millət vəkili Rasim Musabəyov, uzun illər dövlətimiz üçün strateji araşdırmalar aparılmasına rəhbərlik etmiş politoloq Fərhad Məmmədov 44 günlük savaşda Azərbaycanın qələbəsini, Ermənistanın məğlubiyyətini geniş təhlil etdilər.

Azərbaycanın 44 günlük savaşda qazandığı tarixi zəfərin lirik və emosional ibarələrdən uzaqlaşdırılıb soyuqqanlı təhlil edilməsi baxımından yaxşı bir veriliş oldu.

Proqramda hər biri Azərbaycanın gerçəkdən böyük intellektual potensiala və siyasi təcrübəyə malik olan önəmli analitiki olan, vaxtilə dövlət vəzifələri tutduqları, millət vəkili mandatı daşıdıqları üçün “mətbəx”ə yaxşı bələd olan məlumatlı fiqurlara “Paşinyan öz təxribatları ilə Azərbaycanı niyə müharibəyə çəkirdi” sualı verildi.

Eldar Namazov bu suala cavabında Ermənistan baş nazirinin küçə siyasətçisi olaraq populizmə meyli ilə izah etdi.

Doğrudur!

Tofiq Zülfüqarov cavabı daha dərin məsələlərdə- Paşinyanın anti-Rusiya ovqatı yaratmaq istəməsində aradı.

Doğrudur!

Fərhad Məmmədov diqqəti Paşinyanın 44 günlük müharibədən öncə daxili siyasi səhnədə üzləşdiyi problemlərə çəkdi.

Doğrudur!

Bu deyilənləri, əslində, bir-birini inkar etməyən, əksinə, tamamlayan yanaşmalar kimi götürəndə müəyyən təsəvvürün formalaşması ortaya bir xeyli məqam çıxır, amma əsas suala cavab vermir.

Eldar Namazov bir məsələni çox yerində vurğuladı ki, bu suala Ermənistanda da ciddi-cəhdlə cavab axtarırlar, amma həqiqəti tapa bilmirlər.

Bəli, keçmiş prezident, Paşinyanın əsas müxalifi Robert Köçəryan Ermənistan baş nazirini danışıqlar prosesini pozmaqda, Azərbaycanı təxribata çəkərək müharibəni qaçılmaz etməkdə suçlayır və çox maraqlı bir fakt açıqlayır. Onun bildirdiyinə görə, 2020-ci ilin iyun ayında Ermənistan Müdafiə nazirliyinin baş qərargahı Paşinyana xüsusi raport verərək ordunun müharibəyə hazır olmaması, döyüşlər başlayarsa, məğlub olacaqları barədə xəbərdarlıq edib.

“Belə bir xəbərdarlıqdan sonra Paşinyan hansı ağılla Azərbaycanı savaşa təhrik edirdi”- Robert sualı təxminən belə qoyur.

Daha sonra əlavə edir ki, Paşinyanın təhrikedici addımları şüurlu şəkildə atıb-atmadığı, nəyə arxalandığı barədə həqiqətlər yalnızca, hakimiyyət dəyişsə, üzə çıxacaq.

Azərbaycan prezidenti İlham Əliyev də Nikol Paşinyanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları faktiki olaraq boykot etdiyini, Qarabağı Ermənistanın tərkib hissəsi elan edərək Azərbaycana həyasızcasına meydan oxuduğunu dəfələrlə vurğulayıb.

Bu sıraya Ermənistan baş nazirinin Şuşada “Yallı” oynamasını, onun xanımının isə, Azərbaycana snayper tuşlayaraq hədyan açıqlamalar verməsini də əlavə etmək olar.

Ən başlıcası isə, 2020-ci ilin 12 iyulunda tarixə “Tovuz döyüşləri” adı ilə düşən, Azərbaycan ordusunun yüksək rütbəli hərbiçilərini itirdiyi sərhəd provokasiyası baş vermişdi.

Əgər xatırlayırsınızsa, həmin döyüşlərdən bir müddət öncə Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının bir qulluqçusu ölü tapılmış, elə həmin ərəfədə rus qoşunlarının ölkədən çıxarılması barədə Ermənistanda təbliğat güclənmiş, məsələ xeyli böyümüşdü. Paşinyan parlament tribunasından Rusiyanı ittiham edir, araya salıb Türkiyəyə də ultimatum verirdi.

İndi situasiyanı bir daha nəzərdən keçirək: Paşinyan 44 günlük müharibədən sonra “Ermənistanın təhlükəsizliyinin qarantı” adlandıracağı Rusiyanın qoşunlarını çıxarmaq istəyir, Azərbaycana meydan oxuyur, ATƏT-in Minsk Qrupunun fəaliyyətini faktiki olaraq tormozlayır, Silahlı Qüvvələrdən “müharibəyə hazır deyilik” mesajı alır, amma Tovuzda sərhəd təxribatı törədir. Döyüşlər dayandıqdan sonra “biz qalib gəldik” deyə əsassız və populist bəyanat verir, bununla kifayətlənib, 50-dən çox hərbçinin sinəsinə orden və medallar düzür.

Paşinyan və komandasının “Sorosçu” olması heç kimə sirr deyil. Amma Sorosun kalan pulu olsa da, rus qoşunlarının çıxmasından sonra, Ermənistanı qoruyacaq silahlı gücü yoxdur. Hər nə qədər populist olsa belə, Nikol Paşinyan reallıq hissini bunu anlamayacaq qədər itirməyib.

O zaman kimə və nəyə arxalanırdı, əcəba?

2020-ci ilin fevral ayının son günlərində Ermənistanın baş naziri İrana səfər edir və ali dini lider Ayətullah Xamneyi də daxil olmaqla, yüksək səviyyəli görüşlər keçirir, İsfahanda “Böyük Ermənistan”dan dəm vurur.

İstisna etmək olmaz ki, Paşinyan Qərbdən aldığı “rus qoşunlarını çıxart” təlimatını yerinə yetirmək üçün İrandan Azərbaycan və Türkiyəyə qarşı hərbi təminat istəyib, Tehran isə ona bu yöndə geniş vədlər verib.

Bu ehtimalı gücləndirən başqa bir dəlil də var.

Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında demişdi ki, Türkiyənin qırıcı təyyarələri 44 günlük savaş günlərində Bakıda ona görə hazır vəziyyətdə qalmışdı ki, üçüncü bir dövlət Azərbaycana hücum etməsin. Azərbaycana hücum edə biləcək dövlət, əlbəttə, Rusiya deyildi, çünki müharibənin bəlli bir mərhələsində neytral qalmışdı.

NATO qoşunlarının da Ermənistan tərəfindən Azərbaycanla döyüşə girməsi gözlənilmirdi.

Deyəsən, ortada İrandan başqa kimsə qalmır axı...

Azərbaycanın iç siyasətinə ən çox müdaxilənin İrandan edildiyini də nəzərə alanda, Tehranın Paşinyana Bakıda “müsəlman inqilabı ssenariləri”ni işə salmağı da vəd etməsi inandırıcı görünür.

Plan baş tutsa, Azərbaycan şərq bataqlığına yuvarlanacaq, Ermənistan qərbpərəst olacaq, Qarabağ da Rusiyanın buxovlarından qurtulmuş Ermənistanın olacaqdı. İranla bağlı məsələ gec-tez Qərbin hərbi gündəmində olacağına görə, Tehrandan qurtulmaq isə, zaman məsələsinə dönəcəkdi.

Taleh ŞAHSUVARLI