İsraildə səfirliyimiz açılsa, Tehran daha da aqressivləşəcək?

1 Oktyabr 2021 15:03 (UTC+04:00)

Bəhreyn ilin sonunda İsraillə səfirlik məsələsini həll edəcək, yəni açılacaq. Bəs Azərbaycanın İsraildəki səfirliyi? Vaxtı deyilmi? İranın nətərgəldi açıqlamaları, qıcıq doğuran siyasəti də buna səbəb verir. İsraildə səfirliyimiz açılsa, Tehran daha da aqressivləşəcək?

Azərbaycan cəmiyyətində İsraeldə səfirliyimizin olmamasının əsas səbəbi kimi İranın etirazı nəzərə alınması fikiri kimi görsənsə də, bu belə deyil. Azərbaycanın İsraildə indiyədək səfirlik açmamasının tək səbəbi omüsəlman dünyasından özünə yönəlik dəstəyi itirməmək istəyidir. Azərbaycan bu məsələdə Türkiyə nümunəsini də əsas götürmüşdü, çünki Türkiyə 1950-ci illərin axırlarında İsraillə olduqca isti münasibətlər qurduğu üçün 1960-cı illərdə qabaran Kipr məsələsində beynəlxalq arenada müsəlman dövlətlərinin dəstəyini ala bilməmişdi.
Məhz bu fakt üzərindən müsəlman ölkələr həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hər zaman Azərbaycanı dəstəkləyiblər.

Sırf bu fakt üzərindən Azərbaycan daha ağıllı strategiya seçərək İsrail ilə münasibətləri müxtəlif kanallarla ən yüksək səviyyəyə çatdırmış amma səfirliyin açılması məsələsini isə təxirə salmışdır.

Münasibətlərin tarixinə ekskursiya etsək , həmişə dost bağları olan İsrail və Azərbaycan arasında ikitərəfli münasibətlər 1991 ci ildən İsrailin Azərbaycanın müstəqilliyini tanıması ilə başlamış, diplomatik münasibətlər isə 1992 tarixində qurulmuşdur. 1993-ü ilin avqust ayından isə İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.

Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində İsrail həmişə Azərbaycanın yanında olub.
Azərbaycan İsrailin şəbəkə imkanları hesabına Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışdığı illərdə , İran şirkətləri Ermənistanla birgə Qarabağda təbii resurslarımızın talan edilməsində, Qarabağda məscidlərimizin tarixi izlərinin dəyişdirilməsində iştirak edir, məscidlərdə donuz saxlanılmasına göz yumurdu.

Azərbaycan, İsrail ilə ikitərəfli strateji və iqtisadi alqələri geniş olan az saylı müsəlman ölkəsindən biridir,
2007-ci ilin yanvar ayında Azərbaycan və İsrail arasında təhlükəsizlik sahəsində 2 əməkdaşlıq müqaviləsi imzalanıb, 2009 ildə İsrail prezidentinin Bakıya səfəri isə siyasi-diplomatik münasibətlərin yüksək səviyyəyə çatıb.Hər iki ölkə beynəlxalq terrorizmlə mübarizədə eyni mövqedən çıxış edir.

Onu da xatırladım ki, məhz bu səfərdən sonra İran diplomatik təzyiq məqsədilə Bakıdakı səfirini “məsləhətləşmək üçün” geri çağırdı və daha sonra da səfirin “şəxsi səbəblərlə” geri dönməsi kimi bir izah verdi.

Əməkdaşlığın önəmli sahəsi də məhz iki ölkə kəşfiyyatı arasında əməkdaşlıqdır və bunun nəticəsi kimi ölkədə bir sıra terror hadisəsinin qarşısı alınmışdır.

Məsələn, 2008-ci ildə Qəbələ radiolokasiya stansiyasına və Bakıdakı İsrail səfirliyi binasına qarşı təşkil olunmuş terror hücumunun qarşısı məhz İsrail kəşfiyyatı ilə əməkdaşlıq ilə alınmışdır.
2012 ci ildə bir neçə terror hadisəsinin qarşısı alınmışdır. Məhz , bu hadisədən bir neçə həftə öncə isə İran Azərbaycanı İsrailin Mossad kəşfiyyat ilə güya anti-İran fəaliyyətlərinə kömək etdiyi üçün tənqid etmişdi.
2017-ci ildə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu imzalandı.

Komissiyanın məqsədi qarşılıqlı maraq doğuran sahələrdə ixtisaslaşmış işçi qrupları yaradaraq müvafiq məsələlərə dair qərarlar qəbul etməkdir. Komissiya tərkibində hər iki tərəfdən müxtəlif nazirliklər və dövlət idarələri təmsil olunur.

Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydalılığa əsaslanır. İlk olaraq enerji və təhlükəsizlik sahələrində iki ölkə arası münasibətlər strateji müttəfiqlik səviyyəsindədir.

İki ölkə arası əməkdaşlığın əsas dayaq nöqtəsi isə əlbəttə hərbi sahədə əməkdaşlıqdır. 1992 ci ildə ABŞ erməni lobbisinin təşviq etdiyi Azadlığa Dəstək Qanunu çərçivəsində qəbul olunmuş 907-ci düzəlişi etməklə Azərbaycana silah satışı qadağası qoyulmasından sonra belə İsrail Azərbaycanı müasir silahlar vermişdi.

Onu da qeyd edim ki, İsrail lobbisi Azadlığa Dəstək Qanununa 907-ci düzəlişin 2002-ci ildən etibarən hər il davamlı olaraq durdurulması üçün Azərbaycana yardım edir.

Birinci Dağlıq Qarabağ müharibəsi zamanı İsrail Azərbaycana "Stinger" raketləri vermişdi.
44 günlük Vətən müharibəsində isə İsraildən aldığımız silahların müharibədəki rolu gözümüzün önündədir.
Ermənistanın döyüş zonasında məğlubiyyətinin əvəzini Gəncə, Tərtər və Bərdədə mülki insanların raket atəşinə tutaraq çıxmaq cəhdlərində, daha sonrakı dağıntı və faciələrin qarşısının alınması məhz İsrail istehsalı olan havadan müdafiə sistemi önəmli rol oynadı.

İranın etirazlarına gəlincə, məhz bu tip əməkdaşlıq İran tərəfindən sərt etiraz və narahatlıqla qarşılanır və zaman-zaman İran-Azərbaycan münasibətlərində soyuqluğa səbəb olur. Məsələn, 2011-ci ildən Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək, nəzarətdə saxlamaq üçün İsraildən aldığı dronlardan istifadə edir, 2011-ci ildən sonra İran mediasında Azərbaycan əleyhinə yazılar məhz bununla bağlıdır.
44 günlük Vətən müharibəsindən sonra Qarabağa sərmayə qoyacaq şirkətlər arasında İsrail şirkətləri də var. Azərbaycan işğaldan azad edilmiş ərazilərimizin qurulması strategiyasında ağıllı kənd layihələrinə daha çoz üstünlük verir.

Bu ərazilərdə yeni texnologiyaya əsaslanan sənaye sahələrinin və kənd təsərrüfatın inkişafına dəstək verəcək.

Əlbəttə , bütün bunlar 21 ci əsrdə öz vətəndaşlarını mövhumat və nağıllarla bəsləyərək ölkənin resurslarını talayan İran hakimiyyət daxili qruplarının xoşuna gəlmir. Çünki yaxınlıqda yaşayan İran vətəndaşları da eynisini öz ölkəsində görmək arzusunda olacaqlar.

Məhz buna görə İran bu proseslərdən məqsədli şəkildə özünütəcrid yolunu tutub və bunun əsası İran hakimiyyətindəki ənənəvi dini-hərbi dairələrin ölkənin resursları üzərində nəzarəti itirmək qorxusu durur.
Səfirliyin açılması ilə bağlı fikirlərə gəlsək , bu il ərzində Azərbaycan İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik formalaşdırıb. Azərbaycanın İsraildə səfirlik açması məsələsi sadəcə zaman məsələsidir.