“Terror təşkilatlarını himayə edən ABŞ “Ülkü ocaqları”na belə davranmaqla özünü ifşa edir”

1 Oktyabr 2021 17:21 (UTC+04:00)

Məsələ ilə bağlı İnterpress.az-a fikirlərini bildirən Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı ABŞ-ın mövqeyinin heç bir ədalət və hüquq kriteriyalarına uyğun olmadığını bildirdi:” Türkiyənin ən yaxın tarixinə bələd olanlar bilir ki, “Ülkü ocaqları” və Milliyyətçi Hərəkat Partiyası “soyuq savaş” dönəmində kommunist ideologiyasına qarşı bütün gücü ilə mübarizə aparan bir qüvvət olub. Türkiyənin milli dövlət olaraq ayaqda durmasında və güclənməsində müstəsna rolu olub. İndi belə bir ideoloji kəsimin terrora bağlanması kimi cəfəng bir iddiada bulunmaq özünü dünya nəhəngi göstərən dövlətin nə qədər cılız düşüncəyə malik olduğunu göstərir”.

Tənzilə xanım ABŞ-dan gələn son məlumatların Türkiyə və Azərbaycanın birgəliyi və güclənməsini həzm edə bilməyən anti-Türk qüvvələrin əsəbi qərəz nümayişi olduğunu qeyd etdi:” Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, Ermənistan kimi marienetka kimi dövləti qarşısında diz çökdürmüş və regionda birmənalı olaraq liderə çevrilmiş bir dövlətdir. Bütün bu proses Türkiyə ilə “ bir millət iki dövlət” prinsipinə söykənərək aparılıb. Eyni zamanda Türkiyə də Qafqaz, orta Asiya,islam dünyası üzərində haqq etdiyi nüfuzu və gücü əlində cəmləşdirməkdədir. Bir sözlə, Türkün dostu da düşməni də “ İyirmi birinci əsr Türk əsri olacaq” fikrinin gerçəkləşəcəyinin fərqindədir. ABŞ-da çıxarılan qərar artıq düşmənlərin hərəkətə gəldiyini göstərir. Çünki düşmənlərimiz bizi bizim özümüzdən daha yaxşı öyrənirlər və indiki məsələdə gözəl başa düşürlər ki, Türk dünyasının ümid yeri olan Atatürk Cümhuriyyətinin gücü və qüdrəti millətçilik və ülküçülük üzərindədir. Buna görə də, həmin məqamların üzərinə gedirlər”.

T.Rüstəmxanlı ABŞ seçimlilərinin çıxardığı qərarın əks-effekt verəcəyini bildirdi:”Özünü demokratiya beşiyi kimi təqdim edən ABŞ ASALA ,PKK kimi Türk millətinə qənim kəsilən gerçək terror təşkilatlarına siyasi, bəzən isə maddi dəstək göstərdiyi halda, indi “Ülkü ocaqları” kimi tək məqsədi millətinə hizmət olan bir ideoloji quruma belə davranmaqla özünü ifşa etmiş olur. Türklər hər zaman dostluq və əməkdaşlıq istəyində olublar. Böyük Mustafa Kamalın “ Yurdda barış, Cahanda barış” şüarı millətimiz üçün hər zaman keçərli olub. Amma bizə savaş açmaq istəyənlərin də cavabını 100 il öncə elə Qazi Paşamızın rəhbərliyi altında və bu gün də Qarabağda 44 günlük Vətən Savaşında göstərmişik”.