Ermənistana tutulan toydan sonra İran mollalarının nağara səsi çıxartmaqlığı - ŞƏRH

5 Oktyabr 2021 12:26 (UTC+04:00)

Hələ 1989-cu ildə dünyadakı bütün uzaqgörən siyasətçilərə və proqnozlaşdırma qabiliyyəti yüksək olan eskpertlərə məlum idi ki, SSRİ dağılacaq, sovet imperiyasının tərkibinə daxil olan müttəfiq respublikalar Moskvadan qopacaq. Bu, “soyuq savaş”ın Qərb blokunun lehinə bitməsi demək idi, amma Rusiyanın SSRİ-nin hüquqi varisi kimi tanınmasından və Baltikyanı ölkələrin Avropanın bir parçası hesab edilməsindən savayı, qalan respublikalarla bağlı aydın bir mövqe yox idi. Bu qeyri-müəyyənlikdən ən çox əziyyət çəkən, bəla görən məhz Azərbaycan olacaqdı. SSRİ-nin son rəhbəri Mixalil Qorboçov iqtidara gələr-gəlməz çevrəsində erməni bürokratlar cəmlənmişdi. Qorboçovun elan etdiyi yenidənqurma və aşkarlıq siyasəti, çevrəsindəki erməni mənşəli bürokratlar, eyni zamanda, SSRİ-nin dağılmasını sürətləndirmək üçün erməni diasporundan istifadə edən qərb dövlətləri Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində seperatizmi körükləyirdilər. 1991-ci ildə Azərbaycan müstəqil olanda Dağlıq Qarabağı Azərbaycan qoparıb Ermənistana birləşdirmək məqsədini güdən, tədricən qanlı etnik münaqişəyə çevrilən təhlükəli prosesin içinə düşdü. Bu prosesdə Azərbaycanın dəstək almağa ümid etdiyi dövlətlərdən biri də cənub qonşumuz İran İslam Respublikası idi.

Azərbaycan SSRİ-nin dağılması ərəfəsində 1918-20-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin izi gedəcəyini ortaya qoymuş, “Dövlət müstəqilliyi haqqında Konstitusiya aktında” özünü ADR-in varisi adlandırmışdı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan tam 7 il sonra İranda türk mənşəli Qacarlar xanədanı devrilmiş, Pəhləvilərin 54 il sürən iqtidarına isə İslam İnqilabı ilə son verilmişdi. İslam Respublikası məntiqlə ortaq tarix, ortaq mədəniyyət, dini-məzhəbi eynilik, nəhayət xalqımızın daha çox hissəsinin məhz İranda yaşaması kimi amilləri əsas götürərək yeni Azərbaycan dövlətinin yanında olmalı idi. Amma tam əksi baş verdi. İran Azərbaycanın qarşısına dikilərək Ermənistana qahmar çıxdı. Ermənistanın bütün hakimiyyətləri İranın timsalında özlərinə simsar tapdılar, Tehrandan da pul, neft-qaz, ərzaq, silah-sursat alaraq Azərbaycan torpaqlarını zəbt etdilər və ərazilərimizi işğal altında saxladılar. Ermənilərin əlinə keçmiş şəhər və kəndlərimizin var-dövləti qəbir daşlarına qədər İrana daşındı. Tehrandakı molla rejiminin Azərbaycana qarşı necə düşmən münasibət bəslədiyini aydınlatmaq üçün bircə onu xatırlatmaq kifayətdir ki, 1992-ci ildə Şuşa işğal olunanda Azərbaycanın rəhbəri Yaqub Məmmədov Levon Ter-Petrosyanla İranda guya danışıqlar aparırdı. İran Azərbaycanın siyasi hakimiyyət böhranı ilə üzləşdiyi bir məqamda ölkəyə təsadüfən rəhbərlik etməyə başlamış Məmmədovu Şuşanın işğalına şərait yaratmaq üçün danışıqlar adı ilə paytaxtına çağırmış, Qarabağın alınmaz qalasının müdafiəsinin təşkili üçün elementar addımlar atılmasına da imkan verməmişdi.

Adətən, “Soyuq savaş” sonrası İranın Azərbaycanın qarşısında, Ermənistanın yanında yer almasını şərh edən analitiklər və tədqiqatçılar Tehranın strategiyasını bir neçə amillə əlaqələndirirlər:

Azərbaycan müsəlman dünyasında bir sekulyar dövlət olaraq İranın teokratik rejimi ilə ziddiyyət yaradır. İran İslam Respublikasında sayları 50 milyona çatmış azərbaycanlı var, Tehran mollaları Azərbaycanın onlar üçün modelə çevrilməsindən narahatdır. İran qonşuluğunda iki müstəqil və güclü türk dövləti görmək istəmir. Azərbaycan praktikada daha çox müstəqil ola bilmək üçün Rusiyadan maksimum uzaqlaşmağa çalışır, İran isə Qafqaz siyasətini Rusiya ilə uzlaşdırır. Azərbaycan Qərbə açılmaq istəyir, İsraillə yaxınlıq edir, İran isə Ermənistana dəstək verməklə onun xristian dövləti olmasından və diasporasından Qərblə münasibətlərdə öz lehinə istifadə edir.

Əgər bu amilləri aradan qaldırsaq, gərək Azərbaycan nə müstəqil, nə də dövlət ola. Deməli, İranın Azərbaycana yanaşmasında ən böyük qüsur odur ki, Tehrandakı molla zehniyyəti Azərbaycanın dövlət varlığını, dünyadakı reallıqları, yeni dünya düzənində Azərbaycanın müstəqil oyunçu kimi çıxışını həzm etmək istəmir. Bu zaman ortaya başqa bir sual meydana çıxır: o zaman Ermənistanın mövcudluğunu niyə qəbul edir və dəstəkləyir?

Axı məntiqlə baxsaq, Ermənistan dini-ideoloji baxımdan İranla Azərbaycandan daha dərin ziddiyyət içində olmalıdır?

Axı Erməınistanın Azərbaycana qarşı, Türkiyəyə qarşı ərazi iddialarının bir sonrakı dayanacağı da məhz bu gün İran İslam Respublikasına daxil olan torpaqlardır?

Axı qonşuluğunda güclü türk və müsəlman yox, işğalçılıq siyasətini tamamlayacaq gücdə olan xristian dövlətinin mövcudluğu İran üçün “ikinci İsrail” deməkdir...

Axı Ermənistan İsraildən silah almasa da, ABŞ-dan böyük maliyyə dəstəyi alır. Məgər ABŞ İrana İsraildən az və daha zəif düşməndir?

Axı Ermənistanın ikinci və üçüncü hakimiyyətlərindən fərqli olaraq, Nikol Paşinyan heç də Rusiyayönümlü siyasət yürütmür?!.

Axı Ermənistan 44 günlük savaşda işğalçı dövlət kimi Azərbaycan tərəfindən qəti məğlubiyyətə uğradıldı və bu həm də o demək oldu ki, İranın 30 illik siyasəti yanlış və nəticəsiz imiş...

Bəli, bu gün İran məhz bu cür məntiqsiz və irrasional siyasəti ilə nəinki bütün dünyada, hətta böyük bir regionu əhatə edən qonşuluq müstəvisində tək, çarəsiz, kasıb, azsaylı, məğlub Ermənistanın dəstəyinə möhtac qalıb. Özünə umac ova bilməyən yesir bir ölkə dünya güclərinin hər gün Tehrana artan basqısından necə qoruyacaq İranı? Məsələnin kökü daha dərindədir. İranın və Ermənistanın özünü yeniləyə, dünyaya və tərəqqiyə sağlam məntiqlə yanaşa, xislətlərindən əl çəkə bilməmələri yaradır regiondakı problemləri.

Əgər xatırlayırsınızsa, Azərbaycan, Türkiyə və Rusiya prezidentləri İran üçün qapı aralamış, Tehranı “6-lıq formatı”nda əməkdaşlığa dəvət etmişdi. Hətta Azərbaycan prezidenti İlham Əliyev diplomatik bir şəkildə İranın yeni prezidentinə səslənmiş, onu sələflərinin səhvlərini təkrarlamamağa dəvət etmişdi. Bəs, Seyid İbrahim Rəisi nə etdi? Əvvəlcə İran rejimi aftafasını itirmiş bir əyalət mollasını ortaya atdı, o da xorladı, gurladı, ardınca Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə heç zaman Araz sahilində keçirilməmiş hərbi təlimlərə başladı. Düzdür, bu təlimlər İran ordusunun döyüş hazırlığını deyil, hazırlıqsızlığını nümayiş etdirdi. Bombalar hətta təlimdə belə öz başlarına düşdü, Azərbaycana əba altından zopa göstərmək istəyənlər “boz qurd” işarələri ilə qarşılaşdılar. Belə bir ordu ilə Azərbaycana hədə gəlməyin, III dünya savaşı başlatmağın bədəlini Türkiyə, Rusiya, Pakistan, Böyük Britaniya, ABŞ, İsrail kimi qüdrətli dövlətlərin də aktiv müdaxiləsi ilə Tehran paytaxt funksiyasını itirməklə ödəyər. Azərbaycan ən zəif zamanlarında belə heç bir dövlətə daxili işlərinə qarışmağa, inkişaf dinamikasını əngəlləməyə imkan verməyibsə, bütün təzyiqlərə düzgün diplomatik fəaliyyət yürüdərək sinə gəlibsə, Ermənistana tutulan toydan sonra İranın nağara da yox, plastik vedrə arxası döyəcləməsini vecinə almayacaq. Ancaq gerçəkdən maraqlıdır: İran Azərbaycana hərbi təlimlərə hədə gəldiyi, mollalarının şirin quyruğunu quyuya atdığı bir ərəfədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana Tehranda bəh-bəhlə “ordan oturma, burdan otur” deyənlər nəyə nail olmaq istəyir? Doğrudanmı İran hələ anlamayıb ki, bundan sonra ermənilər Şuşanın bir çınqılını da Azərbaycandan ala, “Zəngəzur dəhlizi”nin açılmasına isə, kimsə mane ola bilməz?

Bu qəbildən olan sualları sonsuza qədər uzatmaq olar. Amma nə yazsaq, Mirzə Ələkbər Sabirdən sərrast ifadə edə bilməyəcəyik:

Hər nə еləsə, başda var əmmamə, a Mоlla!

Dinmə, tоxunur aləmi-islamə, a Mоlla!

Gahi yağışı, gahi müsəllanı danırsan,

Gahi öküzün üstə bu dünyanı danırsan,

Gahi buludu, ərşi-müəllanı danırsan,

Gəh cinni, gəhi quli-biyabanı danırsan,

Təsxirə girib çоx оxudun, azdın, a Mоlla!

Hər nə gəlib öz əqlinə sən yazdın, a Mоlla!

Taleh ŞAHSUVARLI