İki avtoqəza : ölən və yaralanlar var

24 İyun 2013 15:43 (UTC+04:00)
Şəmkir-Gədəbəy yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisələrdən biri bu gün saat 12 radələrində qeydə alınıb. Bərdə rayon sakini, 1959-cu il təvəllüdlü Yaşar Əliyevin idarə etdiyi "VAZ 21015" markalı avtomobillə, Sumqayıt şəhər sakini Anar Rüstəmovun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub. Hadisə zamanı "VAZ 21015"-də olan sərnişin, 1983-cü il təvəllüdlü Valeh Vəliyev hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin, 1983-cü il təvəllüdlü Zamik Əliyev və sürücü isə ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. "Ford" markalı maşının sürücüsü xəsarət almayıb.

Şəmkir-Gədəbəy avtomobil yolunda dünən gecə başqa bir hadisə də qeydə alınıb. Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Xaliq İsgəndərovun idarə etdiyi "Niva" markalı avtomobillin yük avtomobili ilə toqquşması nəticəsində, sərnişin, Gəncədə LOR həkimi işləyən 1954-cü il təvəllüdlü Elman Məmmədov dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hər iki fakt üzrə Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.//apa//

AzNews.az