Həyat yoldaşını baltalayan kişi psixiatriya xəstəxanasına göndərildi

6 Oktyabr 2021 19:05 (UTC+04:00)

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatalada həyat yoldaşını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Fazil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aznews.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.İsmayılovun hadisəni törədərkən anlaqsız olduğu sübuta yetirilib və o, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən və cəzadan azad edilərək ixtisaslaşdırılmış psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilib.

Xatırladaq ki, hadisə 2020-ci il oktyabrın 21-də günorta saatlarında Zaqatala rayonunun Yengiyan kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Fazil İsmayılov yaşadığı evin həyətində 1978-ci il təvəllüdlü arvadı Zalxa İsmayılovanın baş nahiyəsindən balta ilə zərbələr endirərək, onu qətlə yetirib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və o hadisədə təqsirli bilinərək həbs olunub.

Tibbi ekspertizanın rəyinə əsasən, Fazil İsmayılova “depressiv tipli şizoaffektiv pozuntu” diaqnozu qoyulub.

Hadisədən sonra həbs olunan Fazil İsmayılov 2021-ci ilin martına qədər istintaq təcridxanasında saxlanılıb. 2021-ci ilin martında Zaqatala Rayon Məhkəməsi onun psixiatriya xəstəxanasına yerləşdirilməsinə qərar verib.