“Hadrutun baş planı ilə bağlı bir çox iradlarım olub”

10 Oktyabr 2021 16:26 (UTC+04:00)

“Biz Hadrutu bərpa edəcəyik. Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik”.

Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu gün artıq Hadrutun bərpası işlərinə start verilib, avtomobil yolunun təməli qoyulub:

“Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi.

Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Artıq binaların təmiri ilə bağlı ilkin görüntülər var və eyni zamanda, qəsəbədə müşahidə olunan bu səliqəsizlik adamı incidir. Qəsəbəni bu gündə təsəvvür etmək mümkün deyil. Ona görə biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik.

Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir”.