SOS! Su hövzələrimizdə ekoloji fəlakət yaşanır!!! - NAZİRİN DİQQƏTİNƏ!!!

10 Oktyabr 2021 14:47 (UTC+04:00)

Çox hörmətli Muxtar müəllim!

Mən 25 ilən artıqdır ki, jurnalistika sahəsində fəaliyyət göstərirəm və peşə fəaliyyətimə görə, ölkənin siyasi elitasını yaxından tanıyıram. İstər deputat olduğunuz dönəmdə, istərsə də nazir təyin olunduqdan sonra Sizin də fəaliyyətinizi diqqətlə izləmiş, doğrusu, hər zaman təqdir etmişəm. Müşahidələrim Sizin dərin intellektə, uğurlu bioqrafiyaya və yüksək vətənpərvərliyə malik olduğunuzu deyir və bu yöndəki qənaətlərimi Sizi şəxsən tanıyanlar da təsdiq edirlər. Baş redaktoru olduğum AzNews.az analitik- informasiya portalı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında yaxşı əməkdaşlıq münasibətləri mövcuddur. Açıq desəm, bəzi digər dövlət qurumlarından fərqli olaraq Sizin rəhbərlik etdiyiniz nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadan- Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsindən fərqli olaraq- əməkdaşlarımız istənilən suala, informasiya sorğusuna vaxtında və əhatəli cavablar alır, keçirilən mətbuat konfranslarında fəal iştirak edirlər. Odur ki, ilk növbədə bu açıq və qısa məktubun Sizə və rəhbərlik etdiyiniz nazirliyə dərin hörmətlə yazılmasına şübhə etməməyinizi xahiş edirəm.

Foto internetdən götürülüb

Cənab nazir!

Mənim hobbilərimdən biri ovçuluqdur. İşdən macal tapanda balıq ovuna çıxmağa, informasiya zənginliyinin yaratdığı stressi aktiv istirahət vasitəsi ilə dəf etməyə, Azərbaycanımızın gözəl təbiəti ilə ünsiyyətdə olmağa çalışıram. Ölkəmizdə balıq resursları ilə zəngin Xəzər kimi əsrarəngiz dəniz, Kür və Araz başda olmaqla neçə-neçə çay, xeyli göl və kanal var. Ancaq bu qədər geniş su hövzələrində tilovla ovuna icazə verilən ölçülərdə balıq tutmaq ya mümkün deyil, ya da həddən artıq böyük təsadüfdür. Buna səbəb isə, qanunsuz balıq ovu, qanunsuz balıq ovuna qarşı mübarizənin ancaq kağız üzərində olması, yaxud gözdən pərdə asmaq üçün aparılmasıdır. Dünən Salyan rayonunun ərazisindən keçən kanallarda rast gəldiyim mənzərə isə, təkcə bir balıq ovu həvəskarı kimi deyil, fəal vətəndaş və ekoloji problemlərə həssaslıqla yanaşan insan kimi böyük hiddətimə səbəb olub. Kəsə desəm, biabırçılıqdır! Şəxsən özüm şahid oldum ki, Salyanın Sarvan kəndinin yaxınlığından keçən kanalda onlarla qayıq mövcuddur, yüzlərə tor qurulub, gecədən səhərə, səhərdən axşama qədər həmin qayıqlar və torlar vasitəsi ilə hövzədəki balıqların sözün əsl mənasında kökü kəsilir.

Balıq ovu həvəskarları hər zaman bir-biri ilə ünsiyyətdə olur, yaxşı ovlaq soraqlayırlar. Tanış balıq ovu həvəskarlarının dediyinə görə, hazırda təsadüfən tilova bir-iki irilmiş balıq düşə biləcək Azərbaycanın bütün su hövzələrində insanlığa və ekologiyaya qarşı açıq cinayətlər törədilir, suya elektrik buraxılaraq bioloji resurslar qəddarlıqla məhv edilir. Elektriklə bu cür amansızlıqıa balıq ovlayanların adları eynilə narkotacirlər kimi, Azərbaycanın bütün rayonlarında hamıya bəllidir. Onlar ayrı-ayrı vəzifəli şəxslər tərəfindən himayə olunur, çünki “ovladıqları” balıqların ən iriləri və dadlıları məhz onların süfrəsi üçündür. Qalanları isə, restoranlara və kafelərə satılır.

Bütün bunlara baxmayaraq, ekoloji müfəttişlər iri və gur sulu çaylarda, kanallarda quraşdırılmış torları görməzlikdən gəlir, elektriklə balıq tutanlara isə, əksər hallarda göz yumur və təbii ki, bütün bunları təmənnasız etmirlər. Nəticədə, həm Azərbaycanın su hövzələrində ekoloji fəlakət reallaşır, həm də gənclərimiz asudə vaxtlarını normal keçirə bilmədiyindən, alkoqolizmə və narkotizmə yuvarlanır, təbiət və cəmiyyət anormallaşır.

Foto internetdən götürülüb

Azərbaycanda təxminən aktiv 100 min nəfər balıq ovu həvəskarı olsa və onların hər biri müxtəlif su hövzələrindən ayda 5 ədəd çəki (“sazan”) balığı tutsa ( çəkinin sudan çıxarılması ovçulara əsl həyacan yaşadır), bu, 500 min ədəd balıq edir. 500 min işdən agah olmayanlara böyük rəqəm görsənə bilər, amma bu, cəmi iki-üç orta məhsuldarlığa malik ana çəkinin suya tökdüyü təxmini kürü sayıdır. Lütfən diqqət edin, cənab nazir, Azərbaycanın su hövzələrində vəziyyət o qədər dərin fəlakət həddindədir ki, cəmi iki-üç ana balıqdan törəyə biləcək çəkilər belə, ovçuların tilovuna düşmür. Azərbaycanda tilovla balıq ovuna, gənclərin və yaşlıların asudə vaxtının səmərəli təşkilinə, daxili turizmin inkişafına nail olmaq üçün ölkəmizdəki bioloji müxtəliflik şəraitinə uyğun olan cəmi bir neçə min ana balığın su hövzələrimizdə qala və arta bilməsi lazımdır.

Odur ki, Sizdən Azərbaycanda qanunsuz balıq ovuna qarşı ən sərt formada mübarizə tədbirlərinin həyata keçirilməsini təşkil etməyi, Xəzərin sahil hissələrində, çay və kanallarda torla balıq ovlanmasına qarşı medianın və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ardıcıl reydlər gerçəkləşdirilməsini, elektriklə balıq ovlayanların 10 ildən az olmamaqla azadlıqdan məhrum edilməsi üçün Cinayət Məcəlləsində dəyişiklik edilməsi ^məqsədi ilə rəsmi qaydada parlamentə təklif göndərməyinizi vacib hesab edirəm.

Eyni zamanda, xahiş edirəm ki, daha geniş təkliflərimi təqdim və müzakirə edə bilməyimiz üçün məni şəxsən qəbul edəsiniz.

Hörmətlə,

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru