"Hacı Allahşükür Paşazadənin Qarageni deyiləsi çox sözü olmalıdır"

13 Oktyabr 2021 17:03 (UTC+04:00)

Məlumdur ki, Qaregin fəaliyyəti boyu Ermənistanın işğalçı siyasətini dəstəkləyib, din adamından daha çox siyasi dairələrin dəstəkçisi olub. Dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlər edib. 44 günlük müharibədən sonra da bu ilin yayında Xankəndində olub. Orada qanunsuz erməni birləşmələrinin əsgərlərinə “xeyir-dua” verib. Şeyxin Qareginlə görüşü ilk deyil. Amma bu dəfə onlar uzun fasilədən sonra görüşürlər.

Şeyx Qareginə nə desin?

Siyasi şərhçi Əhəd Məmmədli QMİ rəhbərinin bu dəfə fərqli rolda çıxış edəcəyini qeyd etdi: “Azərbaycandan fərqli olaraq, Ermənistanda din, kilsə, keşişlərin, xüsusilə Qriqoryan kilsəsinin katolikosunun böyük təsiri var. Bu istər I Qarabağ, istərsə də II Qarabağ savaşında belə oldu. Ümumiyyətlə, erməni xalqının var olmasında kilsə həmişə böyük rol oynayıb. Xalq olaraq, dövlət qurmamışdan öncə belə kilsəyə birləşdirici faktor kimi baxıblar. Burada təkcə dini deyil, həm də milli təəssübkeşlik böyük rol oynayır. Bu görüş ilk dəfə deyil.

Əhəd Məmmədli: “Onu deyə bilər ki...”

Səhv etmirəmsə, bu dəfə ilk dəfə Paşazadə qalib bir ölkənin rolunda çıxış edəcək. Rusiya bu məsələdə əsas rol oynadığını göstərmək istəyir. Həmçinin həm də demək istəyir ki, hər iki ölkəyə təsir edə bilərəm. Sülh müqaviləsindən öncə bu görüşlər bir hazırlıq rolunu da oynaya bilər. Nazirlər səviyyəsində görüş oldu, indi də dini liderlər səviyyəsində. Paşazadə nə deyə bilər? Onu deyə bilər ki, sülh o halda mümkündür ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır”.

Akif Nağı: “Onun qarşısına görüş zamanı bu şərt qoyulmalıdır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bunları qeyd etdi: “Belə görünür ki, xalq diplomatiyasının müəyyən elementlərini işə salırlar. Amma hələ tezdir, erməniləri bu yolla düzəltmək çətindir. Torpaqlarımız tam azad olunandan sonra bu cür addımları atmaq olar. Erməni keşişləri həmişə bizə qarşı aqressiv mövqedə olublar. Müharibənin başlanması, əsassız erməni iddialarının kökündə də onlar dayanıblar. Bu gün də sakitləşməyiblər. Xankəndinə səfər edir, həyasız bəyanatlarla çıxış edirlər. Bu cür görüşlərin onlara təsir edəcəyinə, onları ağıllandıracağına ümid azdır. Amma hər halda, görüşürlərsə, onları başa salmağa çalışmalıyıq. Açıq şəkildə bu keşişlərə demək lazımdır ki, münaqişənin, tökülən qanların məsuliyyəti onların üzərinə düşür. Katolikos öz məsuliyyətini başa düşməli, heç olmasa indən sonra düzgün mövqe tutmalı, qızışdırıcı, revanşist açıqlamalarından geri çəkilməlidir. Bizim ermənilərlə münasibətimizin normallaşması üçün ilk addım olaraq tövbə etməlidirlər. Hamıdan əvvəl isə keşişləri tövbə etməli, Azərbaycan xalqından üzr istəməlidir. Onun qarşısına görüş zamanı bu şərt qoyulmalıdır”.

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı görüşlə bağlı ümidli danışdı: “Hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadə bir din xadimi kimi hər zaman Azərbaycanın dövlət və milli maraqlarının qorunmasında fəal iştirak edib. Şeyximizin Ermənistanın din xadimi olan Qareginə deyiləsi çox sözü olmalıdır. Ermənilərin Qarabağda törətdikləri vəhşiliklərin, xüsusən dini ibadət yerlərimizin, Qarabağda 67 məscidin 65-ni dağıtmaları, Allah evində donuz, mal-qara saxlamaları, 200 mindən artıq evimizin darmadağın edilməsi, təbii sərvətlərimizin viran qoyulması faktları Qareginə xatırlatmalıdır. Bu görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək. Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək. Məlumdur ki, Qaregin fəaliyyəti boyu Ermənistanın işğalçı siyasətini dəstəkləyib, din adamından daha çox siyasi dairələrin dəstəkçisi olub. Dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlər edib. 44 günlük müharibədən sonra da bu ilin yayında Xankəndində olub. Orada qanunsuz erməni birləşmələrinin əsgərlərinə ”xeyir-dua" verib. Şeyxin Qareginlə görüşü ilk deyil. Amma bu dəfə onlar uzun fasilədən sonra görüşürlər. Şeyx Qareginə bütün bu əməllərində geri çəkilməyi deməlidir. Şeyximiz Qareginə başa salmalıdır ki, artıq Qarabağ müharibəsi bitib. Xəstə təfəkkürünüzdən əl çəkin. On minlərlə insanın həyatının itirilməsində Qareginin də rolu var. Azərbaycan torpaqlarına göz dikmələrinə görə həmin gənclər həyatını itiriblər. Din bir insanın həyatını itirməsinə qarşıdır. Bundan sonra sülh, barışıq içində yaşamalarını təbliğ etməlidilər. Qaregin öz xalqını sülhə hazırlamalıdır. Düşünürəm ki, Şeyximiz hər zaman olduğu kimi, bu dəfə də dövlətçilik maraqlarımızdan çıxış edib, nə lazım olduğunu Qareginə deyəcək". (musavat.com)