Türkiyədə 8 nəfər casusluqda şübhəli bilinərək saxlanılıb

13 Oktyabr 2021 22:13 (UTC+04:00)

Türkiyənin Van vilayətində ikisi İran vətəndaşı olan 8 nəfər casusluqda şübhəli bilinərək yaxalanıb.

Aznews.az xəbər verir ki, Milli İstihbarat Təşkilatı (MİT) və Türkiyənin Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, onlar İrandan olan keçmiş hərbçini qaçaq yolla öz ölkəsinə keçirmək istəyiblər.

MİT İran kəşfiyyatçılarının keçmiş hərbçini qanunsuz yolla ölkələrinə keçirmək üçün Vanda 30 min dollarlıq büdcə ilə şəbəkə yaratmağa cəhd etdiklərini də müəyyənləşdirib. Məlumatda bildirilib ki, Vanda müvəqqəti qeydiyyatda olan keçmiş hərbçinin qaçaq yolla keçirilməsinə dəstək üçün iranlı kəşfiyyatçıların verdiyi təlimat üzrə onun həyat yoldaşına təzyiq də göstərilib. Belə ki, keçmiş hərbçinin həyat yoldaşına İrana keçirilməsinə yardım etməsi üçün 10 min dollar pul təklif edilib, dəstək verməyəcəyi təqdirdə isə İrandakı ailəsinə zərər veriləcəyi bildirilib.