"Azərbaycan Türkiyə və Avropaya qaz tədarükünü artırmağı planlaşdırır”

14 Oktyabr 2021 18:19 (UTC+04:00)

Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır.

AzNews.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Cənub Qaz Dəhlizi ilə 16 milyard kubmetr qaz tədarük etmək planlaşdırılıb. Son nəticədə illik tədarükü 16 milyard kubmetr həcminə çatdıracağıq. Gələn il Türkiyə və Avropaya qaz ixracı tam həcmdə olacaq. Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz göndəriləcək”, - deyə o bildirib.

Nazir qeyd edib ki, Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə razılığa gəlib.

2021-ci ilin aprelində bitən razılaşmaya əsasən, Türkiyə hər il Bakı-Tbilisi-Ərzurum boru xətti ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından 6.6 milyard kubmetr qaz tədarük edirdi.

Azərbaycan qazı Cənubi Qafqaz Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə ixrac edilir.

Lamiyə Əliyeva