“İlk növbədə biz vaksinasiyanın təsirini qeyd etməliyik. Yoluxma sayının azalmasında bu, çox vacib amillərdən biridir. Daha bir amil o ola bilər ki, izdihamlı yerlərdə və havalandırma sistemi zəif, yoluxma riski yüksək olan məkanlarda toplaşanlar, çox güman, artıq infeksiyanı keçirmiş, təbii immunitet qazanmış insanlardır. Ehtimal ki, məhz bu səbəbdən hazırkı izdihamlar, kütləvi toplaşmalar yoluxma sayının artmasına gətirib çıxarmır”.
Kioto Universitetinin professoru Xiroşi Nisiura bu yaxınlarda hökumət yanındakı məşvərət şurasının iclasında deyib ki, vaksinasiya mart ayından sentyabr ayınadək 650 minə yaxın insanı yoluxmadan, 7200-dən çox adamı ölümdən xilas edib.
Bəzi ekspertlər Yaponiyada kafe, bar və restoranlara daha çox gənclər getdiyinə görə virusu da ən çox onların yaydığını düşünürdülər. Ancaq statistika göstərib ki, ölkədə 40-50 yaş arası insanlar da gecələr əyləncə məkanlarını ziyarət edirlər. Ən çox yoluxanlar isə 50 yaşdan aşağı peyvəndlənməmiş insanlardır.
Yaponiyanın Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Takadzi Vakita mediaya açıqlamasında bildirib ki, insanlar infeksiyaya yoluxma sayının kəskin azaldığına araxayınlaşaraq gecə əyləncələrinə müntəzəm şəkildə qatılmağa başlayıblar.
Bundan narahatlığını ifadə edən Takadzi Vakita xəbərdarlıq edib ki, infeksiya yenidən kütləvi yayılsa, xəstə sayını azaltmaq üçün məhdudiyyət tədbirlərinə əl atmaq lazım gələcək.
Yaponiyanın yeni baş naziri Fumio Kişida da noyabr ayının əvvəlinə nəzərdə tutulan tədbirlər planında ciddi məhdudiyyətlərin yer aldığını söyləyib.
Hazırda Yaponiyanın səhiyyə üzrə mütəxəssisləri infeksiyanın azalması səbəbini hərtərəfli araşdırmağa çalışırlar.
Bəzi tədqiqatlara görə, sentyabrın 30-da başa çatmış sonuncu – üçüncü fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu dövrdə əsas əyləncə bölgələrində insanların hərəkəti xeyli səngiyib. Bu da öz növbəsində yoluxmaların sayının azalmasına gətirib.
Tokio Tibb Elmləri İnstitutu nəzdindəki Sosial və Tibb Elmləri Mərkəzinin direktoru Asuşi Nisida hesab edir ki, əyləncə mərkəzlərini ziyarət edənlərin azalması ilə bərabər vaksinasiyanın sürətlənməsi yoluxmaların qarşısının alınmasında mühüm rol oynayıb.
Ancaq Asuşi Nisida vurğulayıb ki, fövqəladə vəziyyət artıq üç həftəyə yaxındır aradan qalxıb və o vaxtdan insanların əyləncə yerlərinə axışması yaxın zamanda yoluxma sayını artıra bilər.