“İki gün əvvəl ruslar oradan endilər, dağ azərbaycanlıların nəzarətinə keçdi...”

20 Oktyabr 2021 16:22 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin Baş qərargahı bundan əvvəl yüksəkliyin Azərbaycanın nəzarətinə keçdiyi haqda xəbərləri təkzib etsə də Qafan şəhərinin meri Gevork Parsyan yeni təfərrüatlar açıqlayıb. Bildirib ki, əslində yüksəklik ötən ilin dekabrında Azərbaycanın nəzarətinə keçmişdi.

Gevork Parsyan oktyabrın 19-da Zəngəzur TV kanalına müsahibəsində bildirib ki, o vaxt yüksəkliyin bir hissəsinə Rusiya sərhədçiləri nəzarət edirdilər. Amma bu günlərdə Parsyana məlum olmayan səbəblərə görə ruslar yüksəklikdən eniblər və ora tamamən Azərbaycanın nəzarətinə keçib: “Bu ərazi – bizim üçün çox mühüm yüksəklikdir. İndi rusların olmamasına görə ərazi azərbaycanlıların nəzarətinə keçib”.

Parsyan deyir ki, ötən ilki müharibədən əvvəl Ağdağ yüksəkliyində Ermənistanın Hava Hücumundan Müdafiə sistemi yerləşdirilmişdi. İndi isə həmin yüksəklikdən Azərbaycan Qafan şəhərini və Aqarak kəndini nəzarət altında saxlaya biləcək, 90-cı illərdə olduğu kimi.

“Bizim Aqaraka (Əkərək), Yeqvarda və Ujanisə getmək üçün istifadə etdiyimiz əsas yol indi tamamən onların nəzarəti altındadır. Alternativ yoldan istifadə edirik. Faktiki olaraq bizim kəndlilərin bu ərazilərə keçməsi artıq qadağan olunub”,- mer deyib.

Qeyd edək ki, Ağdağ yüksəkliyi Zəngilan rayonu ərazisinə daxildir və sovet dövrü xəritələrinə əsasən iki ölkə arasındakı dövlət sərhədi bu yüksəklikdən keçir. Ötən ilin dekabrında Azərbaycan Zəngilan və Qubadlı bu istiqamətdə öz dövlət sərhədlərini bərpa edib, nəticədə Gorus-Qafan yolunun 22 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib. (virtualaz.org)