Paytaxt Ağdama köçürülsün - Deputatdan təklif

25 Oktyabr 2021 14:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran Milli Məclisin deputatı Qüdrət Həsənquliyev paytaxtın köçürülməsi təklifinin müxtəlif dövrlərdə bir çox ictimai siyasi xadimlər tərəfindən gündəmə gətirildiyini bildirib:

"Bununla bağlı çox təkliflər olub və müzakirələr aparılıb. Lakin hər kəs bilir ki, paytaxtın köçürülməsi böyük xərc tələb edən bir məsələdir. Bunun üçün mən belə bir təklif irəli sürürəm ki, paytaxt Ağdama köçürülsün. Ağdam şəhəri müasir üslübda yenidən salınır. "Yaşıl şəhər" kimi Ağdam bütün müasir tələblərə cavab verəcək. Hesab edirəm ki, Ağdamda 150-200 min nəfərlik paytaxt şəhəri salmaq olar. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. Demək olar ki, bu şəhəri biz yenidən tikəcəyik. Düşünürəm ki, az xərclə bu işi həyata keçirmək olar”.

Deputat hesab edir ki, Abşeron yarımadası həm iqliminə, həm təhlükəsizlik məsələlərinə görə paytaxt üçün uyğun deyil.

“Bakı həddindən artıq yüklənib. Şəhərdə artıq hərəkət etmək mümkün deyil. Ola bilsin ki, bir sıra dövlət qurumları Bakıda saxlanıla bilər. Milli Məclis, Prezident Adminstrasiyasının binaları Ağdama köçürülə bilər. Bu, həm Qarabağda məskunlaşma, həm də təhülkəsizlik baxımından çox əlverişlidir. Ağdamın iqlimi çox mülayimdir. Bu həm də Bakının yükünü xeyli azaldacaq. Paytaxt köçürülərsə, hamı Bakıya axın etməz. Qazaxıstan bu təcrübədən istifadə etdi və paytaxt Almatıdan Nursultana köçürüldü. Məncə biz də bunu edə bilərik”, - deyə Qüdrət Həsənquliyev bildirib.