Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib

26 Oktyabr 2021 13:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.

Ərdoğanla birlikdə ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlüd Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Azərbaycana gəlib.

Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin dəvəti əsasında Rəcəb Tayyib Ərdoğan 26 oktyabr 2021-ci il tarixində Azərbaycanda birgünlük səfərdə olacaq.

Türkiyə Prezidenti Azərbaycan dövlət başçısı ilə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda Türkiyənin də dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, hazırkı regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.