"Agentlik olaraq qarşımıza qoyulan məqsədə nail olmuşuq" - “Report”un baş redaktoru

27 Oktyabr 2021 13:12 (UTC+04:00)

Agentlik 2014-cü il oktyabrın 27-də fəaliyyətə başlayıb.

“Report”un baş redaktoru Murad Əliyev Modern.az-la söhbət zamanı ötən 7 ilə nəzər salıb.

Baş redaktor bildirib ki, 44 günlük Vətən müharibəsi fəaliyyətlərinin şah damarı olub:

““Report” ötən 7 il ərzində mənalı ömür yaşayıb. Bir media qurumunun öhdəsinə düşən bütün tələbləri yerinə yetirib. 7 il ərzində Azərbaycanda önəmli, mühüm hadisələr baş verib. Bu hadisələrin hər biri “Report” İnformasiya Agentliyində öz əksini tapıb. Beynəlxalq tədbirlərin işıqlandırılmasında da fəal iştirak etmişik. Fəaliyyətimizin şah damarı ötən il bugünlərdə baş verən 44 günlük Vətən müharibəsidir. Azərbaycanın zəfər yürüşünü anbaan izlədik. Qaynar bölgələrdə olan müxbirlərimiz, Bakıdakı əməkdaşlarımız hər biri zəfərimizi işıqlandırmaq üçün əllərindən gələn qədər çalışdılar. Torpaqlarımız azad olunduqdan sonra həyata keçirilən yenidənqurma işlərinin işıqlandırılması da “Report”un əsas fəaliyyəti istiqamətlərini təşkil edir. İnşallah, gələcəkdə müxbirlərimiz gedib Şuşada da yerləşərlər. Hesab edirəm ki, bir agentlik olaraq qarşımıza qoyulan məqsədə nail olmuşuq. Bu da ilk növbədə xəbərin operativliyi, eksklüzivliyi ilə bağlıdır. Bu gün ölkədə çox az sayda sayt, media qurumu var ki, eksklüziv xəbərlərə əhəmiyyət verir, özü xəbər istehsal edir. Şadam ki, xəbər mənbəyi kimi çıxış etməyi bacarmışıq”.

Murad Əliyevin sözlərinə görə, “Report” fəaliyyətə başladığı ilk aydan digər saytlar üçün etibarlı xəbər mənbəyi kimi çıxış edib:

“7 il əvvəl niyyət, məqsəd var idi və görülən odur ki, planlaşdırdığımız bütün məsələləri həyata keçirməyi bacardıq. Ölkənin bütün regionlarını əhatə etmək, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından öz sözümüzü deyirik”.

Baş redaktor auditoriyalarının geniş olmasının səbəbini doğru-dürüst xəbər verməkdə görür:

“Auditoriyamızın yetəri qədər olmasının əsas səbəbi doğru-dürüst xəbər verməkdir. “Report” heç vaxt sensasiya dalınca qaçmayıb, qərəz nümayiş etdirməyib. Hər zaman peşəkar yanaşmanın tərəfdarı olmuşuq, bu da oxucu qazanmaqda böyük rol oynayır. Dəfələrlə olub ki, Facebook-da bir məlumat paylaşılıb, dəqiqliyini öyrənmək üçün deyiblər ki, “görün xəbər “Report”da var?”. Müəyyən şayiələri təsdiqlətmək üçün məhz “Report”a müraciət edirlər. Bu, çox önəmlidir. Nəzərə alsaq ki, sosial şəbəkələrdə dayanmadan doğru və ya yalan məlumatlar paylaşılır, o zaman belə bir şəraitdə etibar edilən internet xəbər resursunun olması hər kəs üçün vacibdir. Konkret olaraq deyə bilmərəm ki, bundan sonra hansı məsələləri yerinə yetirəcəyik. Ümumi inkişaf planı var, ona uyğun istiqamətlənirik. Peşəkar yanaşmanı itirmədən bu istiqamətdə də davam edəcəyik. Oxucunun etibarını itirməməli, onları daha geniş məlumatlarla təmin etməliyik”.