“ATƏT-in Minsk Qrupu qeyri-effektivliyini çoxdan sübut edib“ - MÜSAHİBƏ

25 İyun 2013 09:56 (UTC+04:00)
"Danışıqlarda Ermənistana Dağlıq Qarabağ ətrafında işğal etdiyi rayonlarla bağlı təzyiq etsəniz, onların çoxlu problemi yaranacaq"

Anaxanım Hidayətova-APA. Avropalı siyasi analitik və strateq Frank Şvalba Xotun (Frank Schwalba-Hoth) APA-ya müsahibəsi

- Cənab Frank Şvalba, Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin müasir inkişaf səviyyəsini necə dəyərləndirirsiniz?

- Gəlin əvvəlcə Avropa Birliyini nəzərdən keçirək. Avropa Birliyi nə dövlət, nə federasiya, nə konfederasiyadır, bu tamamilə yeni bir şeydir. Buna görə də Avropa Birliyində dəyərlər maraqlardan vacibdir. ABŞ, Rusiya, Çin və Cənubi Afrikanın siyasəti kimi Azərbaycanın siyasəti milli maraqlara əsaslanır. Avropa Birliyində isə maraqlar çox da üst-üstə düşmür. Almaniya, İtaliya, Fransanın maraqlarının ziddiyyət təşkil etdiyi Balkan böhranına baxın. Buna görə də bizdə dəyərlər siyasəti inkişaf edib, biz müəyyən dəyərləri müdafiə edirik. Avropa Birliyi ilə işləyən ölkələr üçün bir qədər çətindir, çünki maraqlar naminə kompromisə getmək olar. Məsələn, ərəb ölkələrinin dəvə bazarında, Tehranda xalça bazarında. Lakin söhbət dəyərlərdən gedirsə, kompromisə getmək çətindir, buna görə AB ilə əməkdaşlıq etmək asan deyil. Bu, birincisi. İkincisi isə biz öz təcrübəmizdən anladıq ki, transmilli, regional əməkdaşlıq daha sərfəlidir. Boz gördük ki, axmaq almanlar, axmaq fransızlar son yüz ildə üç dəfə müharibə ediblər, lakin bu problemləri əməldaşlıq yolu ilə dəf etmək olardı. Buna görə, Cənubi Qafqaz ölkələrinə əməkdaşlıq təklif edirik. Biz bütün Cənubi Qafqaz ölkələri ilə bərabər səviyyədə münasibətlər qurmaq istəyirik. Bu, Avropa Birliyinin xarici siyasətidir. İndi isə Azərbaycanın xarici siyasətinə keçək. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Azərbaycanda həmçinin ABŞ və İsrailin maraqları mövcuddur. Avropa Birliyinin bir tərəfdən Azərbaycanla energetika sahəsində əməkdaşlıq etməsi, digər tərəfdən insan haqları ilə bağlı bəzi aspektləri tənqid etməsi tamamilə normaldır. Düşünürəm ki, Azərbaycan Avropa Birliyinin tələbə mübadiləsi, təkcə energetika deyil, digər sahələrdə təklif etdiyi əməkdaşlıq imkanlarından istifadə etməlidir. Avropa Birliyi səviyyəsinə daha çox uyğunlaşmaq zəruridir. Axı 28 ölkənin birləşdiyi (tezliklə Xorvatiya da qoşulacaq) AB çox şey təklif edir. AB öz tərəfdaşlarını anlayır, axı siyasətdə dost tapmaq çətindir, qarşılıqlı hörmət səviyyəsində münasibətlər qura biləcəyin adamlar tapmaq zəruridir. Əgər qarşılıqlı hörmət varsa, bir çox problemləri həll etmək olar. O zaman siz ayaqqabı və paltarını tez-tez dəyişən adamlar kimi dostlarını dəyişən ABŞ-dan və təkcə Şimali Qafqazda deyil, bütün Qafqaz regionunda hökmranlıq edən Rusiyadan fərqli olaraq Avropa Birliyinin daha stabil tərəfdaş olacağını görəcəksiniz.

- Bilirsiniz ki, Cənubi Qafqaz regionunda münaqişələr kifayət qədərdir. Siz bu münaqişələrin yaxın vaxtlarda həllini mümkün sayırsınız?

- Çin atalar sözündə deyilir: "Daşı yalnız onun üzərinə daim düşən su damcıları deşə bilər". Bir tərəfdə müqəddəratı təyinetmə, digər tərəfdə ərazi bütövlüyü dayanan Qarabağ münaqişəsində də eyni vəziyyətdir. Bütün qətnamələrdə ərazi bütövlüyünə, həmçinin millətlərin öz müqəddəratını təyin etmə prinsipinə hörmətlə yanaşmanın zəruriliyi vurğulanır. Düşünürəm ki, münaqişənin həlli üçün kiçik addımlardan - tərəflər arasında etimad mühiti formalaşdırmaqdan başlamaq lazımdır. Hər iki tərəf snayperləri cəbhə xəttindən uzaqlaşdırmalıdır. Həmçinin Dağlıq Qarabağa bitişik rayonlar barədə razılaşmaq lazımdır. Əgər sizə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağa bitişik rayonlar barədə razılığa gəlsəniz, bu hələ Dağlıq Qarabağda ermənilərin dominantlığı ilə barışmaq deyil. Lakin ilk addım Dağlıq Qarabağa daxil olmayan rayonlar üzrə danışıqlara başlamaqdır. Əgər Sizə Ermənistana bu məsələdə təzyiq etsəniz, onda onların Dağlıq Qarabağ ətrafında bu qədər çox rayonu niyə işğal etdiklərini izah etməsində çoxlu problemlər yaranacaq. Həmçinin Dağlıq Qarabağın erməni əhalisi üçün də qarantiyalar lazımdır. Onların bu torpaqlarda yaşaması, öz dilində danışması üçün qarantiyalar. Dünyada birgə yaşayışın çox modeli var, Aland adalarına baxın. 20-ci illərdə bu, münaqişəni həll etməyə möcüzəli nümunədir. Bu onu göstərir ki, beynəlxalq siyasətdə həll olunmayan situasiyalar yoxdur.

- Avropa Birliyinin ərazi bütövlüyü, həmçinin millətlərin öz müqəddəratını təyinetmə prinsiplərini dəstəklədiyini dediniz. Belə olan halda Sizə elə gəlmir ki, AB Azərbaycana münasibətdə ikili standartlar siyasəti yürüdür. Axı ermənilər niyə öz müqəddəratını Azərbaycan ərazilərində müəyyən etməlidir?

- AB həmişə bu iki prinsipi dəstəkləyəcək, əlbəttə ki, erməni tərəfi də Azərbaycan tərəfi kimi bu prinsiplərdən birini istisna etmək istəyir. Lakin siz AB-nin Cənubi Qafqazla bağlı hər qətnaməsində bu iki prinsipə rast gələ bilərsiniz. Lakin münaqişənin həlli üçün tərəflərin iradə nümayiş etdirməsi vacibdir.

- Münaqişənin nizamlanması üçün ATƏT-in Minsk Qrupuna hələ də ehtiyac var?

- Düşünürəm ki, Minsk Qrupu qeyri-effektivliyini çoxdan sübut edib, ona görə də bu mexanizm daha yaşlı və təcrübəli şəxslərdən təşkil olunmuş digər mexanizmlə əvəzlənməlidir.

- Bu gün Azərbaycan Avropa dəyərləri və standartlarına nə dərəcədə yaxındır?

- Mən bunu Avropa standartları adlandırmazdım, bu, qlobal standartlar və dəyərlərdir – insan haqları, şəffaflıq. Dünyada heç bir ölkə mükəmməl deyil. Almaniyada etməməli olduğu çox şeyi edir. Lakin istənilən ölkə öz rəhbərliyinin səmərəsiz fəaliyyətini tənqid edə bilər. Öz rəhbərliyinə qarşı ədalətsiz olmaq üçün tənqid etmək lazım deyil, istənilən rəhbərliyi daha effektli fəaliyyət göstərmək üçün tənqid etmək lazımdır. Əminəm ki, Azərbaycan doğru yoldadır. Almaniyaya nasist rejimindən sonra malik olduğumuz strukturu qurmaq üçün 50 il lazım gəldi. Prinsipcə, sabiq sovet respublikasında bu niyə daha tez baş verməlidir? Bu, zaman məsələsidir.

AzNews.az