"Zəngəzur dəhlizinin açılması artıq reallıqdır" - Deputat

2 Noyabr 2021 15:26 (UTC+04:00)

"Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında dünənki telefon danışığı zamanı Güney Qafqazda əlverişli regional əməkdaşlıq, bütün nəqliyyat yollarının açılması, iqtisadi əlaqələrin bərpası, minalalanmış sahələrin xəritəsinin verilməsi, savaşdan sonra tutulub saxlanılanların azad edilməsi, səhrəddəki insidentlərin danışılqar yoluyula həlli məsələlərinə toxunulub ki, məncə, bunlar yüksək səviyyədə keçirilməsi planlaşdırılan üçlü görüşə hazırlıqdan xəbər verir".

AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev özünün feysbuk səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti rəisinin müavini Aram Hakopyanın Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin öz ölkəsinin vətəndaşlarının gediş-gəlişləri üçün tam problemsiz olduğunu vurğulaması da rəsmi İrəvanın hələlik konstruktivliyə kökləndiyini, daha dəqiqi kökləndirildiyini göstərir.

"Fəqət kökdən salınmaları ehtimalı da az deyil. Bu yöndə cəhdlər isə təəssüf ki, var. ABŞ, Fransa və İran Vətən savaşından sonra regionda yaranmış geosiyasi reallığı hələlik həzm etmək istəmirlər.

Əlbəttə, burada həlledici rolu ABŞ oynayır. ABŞ-ın Azərbaycanla Ermənistan arasında yeni geosiyasi reallığa uyğun sülh anlaşmasının bağlanmasına savaşdan bir il keçəndən sonra yanaşmasının dəyişib-dəyişmədiyi isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin yardımçısı Erik Olsonun regiona noyabrın 2-də başlayıb 3 gün davam edəcək səfərindən sonra dəqiq bilinəcək", - deyə S. Alıyev əlavə edib.

Deputat xatırladıb ki, Erik Olsonun rəhbərliyi altında ABŞ-ın Güney Qafqazın üç ölkəsindəki səfirlərinin İrəvanda birgə məsləhətləşmərləri də keçirilməlidir: "Demək olar ki, bu qəbildən olan məsləhətləşmələr ənənəvi xarakter daşıyır və 2019-cu ildə Bakıda, 2018-ci ildə isə Tiflisdə keçirilmişdi. Amma bu dəfə onun da, Olsonun səfərinin də Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının keçirilməsi planlaşdırılan üçlü görüşü öncəsinə salınması düşündürücüdür. Və ola da bilər ki, bu səfərdən sonra Ermənistan rəhbərliyi yenidən öz ampluasına dönəcək".

Millət vəkili sonda vurğulayıb ki, kimin hansı mövqedə olmasına baxmayaraq Zəngəzur dəhlizinin açılacağı artıq reallıqdır: "Xarici təzyiqlərdən dolayı Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının bağlanmasının ləngidilməsinə gəldikdə isə bundan itirən ilk növbədə haylardır. Bu ilin statistikasına görə, Rusiyaya ən çox miqrant axını baş verən ölkələrin ilk üçlüyündə demoqrafik depopulyasiyayla üzləşən, əhalisi elə də çox olmayan Ermənistanın yer alması faktı da bunu təsdiqləmirmi?"