Ermənistanla sərhəd hansı meyarlarla və hansı xəritələrlə çəkilməlidir?

4 Noyabr 2021 00:24 (UTC+04:00)

1828-ci ilin fevral ayında Qafqaz uğrunda savaşan iki imperiya arasında “sülh sazişi” imzalandı. Ondan 15 il öncə bağlanmış “Gülüstan müqaviləsi” ilə Rusiya Cənubi Qafqazı mənşəcə Azərbaycan türkü olan xanədanlar tərəfindən qurulan imperiyadan xeyli dərəcədə qoparmışdı, amma mücadilə bitməmişdi. Xəzər və Azərbaycan uğrunda Qacarlarla Romanovlar arasında ikinci savaş 1826-cı ilin yayında yenidən qızışmışdı. Xüsusilə Şəmkirdə və Uşaqanda çox ağır döyüşlər getmişdi. Təbriz yaxınlığındakı Türkmənçay məntəqəsində imzalanan sözləşmədə Gülüstan müqaviləsi ilə rus imperiyasının nəzarətinə keçən torpaqlardan savayı, Qacarlar Naxçıvan, İrəvan və Talış xanlıqlarından əl çəkməyə boyun oldu. Sərhəd əsasən Arazdan keçəcək, hər iki imperiyaya məxsus gəmilər Xəzərdə üzə biləcək, amma hərbi donanma saxlamağa ancaq rusların ixtiyarı olacaqdı.

Qacar ordusunun son həmləsi və ağır məğlubiyyəti Qafqazda paradiqmanı kökündən dəyişmişdi.

Təxminən üç əsrlik bir müddətdə Cənubi Qafqaz uğrunda ancaq türk imperiyaları- Səfəvi-Əfşar-Qacar xanədanlarının timsalında Azərbaycan oğuzları ilə Bizans səltənətinə “Osmanlı” sülaləsi ilə hakim olmuş oğuzların Qıyı boyu savaşırdı. Qəsri-Şirin andlaşmasından (1639) sonra Səfəvi-Osmanlı sərhədləri müəyyənləşmişdi, ancaq zaman-zaman cəng meydanında təbillər çalınır, sülh müqavilələri təzələnirdi. 1821-23-cü illərdəkı Qacar-Osmanlı savaşı Çaldırandan başlayan tarixi mücadilənin son həlqəsi oldu. Nəticədə tərəflər 1746-cı ildə bağlanmış müqaviləyə- Nadir Şah Əfşarla I Mahmud arasındakı “ikinci Qəsri-Şirin andlaşması”na döndülər.

Azərbaycan oğuzlarının qurduğu imperiyalardan fərqli olaraq, Osmanlılar hələ 1568-ci ildən rus çarları ilə savaş halındaydı. Osmanlıların Astraxan yürüşü başlayan savaşlarda birmənalı qələbə əldə edən olmurdu- bəzən türklər, bəzən ruslar zəfər qazanırdı. 1806-12-cü illərdəki savaşda qazanan Rusiya olmuşdu, müəyyən qədər “torpaq payı” almaqla yanaşı, gürcülər üzərindəki “hakimiyyət haqqını” da möhkəmlətmişdi. Osmanlı ilə ruslar arasındakı müharibənin coğrafiyası ucsuz-bucaqsız, səbəbləri isə, bitib-tükənməzdi. Məsələn, mövzumuz baxımından önəmli bir savaşın- 1828-29 cu illərdəki müharibənin nədəni rusların yunanların müstəqilliyini dəstəkləməsi idi. Amma müharibənin gedişində ruslar təkcə Şərqi Avropada Budapeşti yox, “Qafqaz cəbhəsi”ndə İrəvanı, Qarsı, Ərzurumu da tutmuşdular. “Ədirnə sülhü” ilə Osmanlı ağır yenilgiyə uğramış, erməniləri həvəsə gətirəcək şəkildə yunanların müstəqilliyini tanımağa, İstanbul boğazından rus gəmilərinin keçməsinə imkan yaratmağa, təzminat belə ödəməyə söz vermişdi.

Fotoda: 1828-29-cu illərdəki Osmanlı-Rus savaşı

Beləliklə, Qacarlar kimi, Osmanlılar da Cənubi Qafqazdakı yeni reallığı- Rusiya faktorunu qəbul etməli olmuşdular. Fəqət bu reallığı qəbul etməyən bir güc vardı- Şimali Azərbaycan əhalisi. Dünyanın dəngələri sürətlə dəyişir, orta çağın ənənəvi imperiyaları qüdrətini əlində elmin və texnikanın nailiyyətlərini cəmləyən Avropaya verirdi. Təbriz yaxınlığındakı Xəmnə kəndindən Nuxaya köçmüş bir ailədə Gülüstan müqaviləsindən bir il öncə dünyaya göz açan Mirzə Fətəli Axundzadə rus hakimiyyətinə tabe etdirilmiş Qafqaz müsəlmanlarına elə o çağda yeni bir ideya verdi- modernizm! Şüubiyyənin Qacar imperiyasını içəridən gəmirdiyi bir vaxtda şimali Azərbaycanda ortaya çıxan modernləşmə konsepsiyası millətləşmə, dövlətləşmə, bütövləşmə prosesinin də təməli atırdı. Ruslar nə azərbaycanlıları, nə də gürcüləri assimliyasiya edə bilərdilər. Görünür, bunun mümkünsüzlyünü özləri də başa düşdüyündən öz işğalçılıq siyasətlərinin davamlığını təmin etmək üçün Qafqazı erməniləşdirməyə üstünlük verdilər.

Ermənilər Qafqaz xalqı deyil, ancaq heç Qafqazda formalaşan, ortaya çıxan bir xalq da deyil, hətta dərindən baxanda, ümimiyyətlə xalq deyillər. Bəli, onlar bir sekta olaraq, alban kilsələrini ələ keçirmək üçün missioner qruplar şəklində Qafqazda əsrlər boyu var-gəl ediblər, bunu danmaq olmaz və ört-basdır etməyə gərək də yoxdur. Əgər bizim bu gün adına “erməni” dediyimiz toplum dini sekta deyil, gerçəkdən bir xalq olsaydı, bütün orta əsrlər boyunca dövlətləşmə refleksi göstərməli idi. Yaxşı, bu necə xalqdır ki, İsus Xristosun zühurundən sonrakı iyirmi əsrdə bircə dəfə də olsun öz dövlətini qura, Qafqazda hay mənşəli bircə xanədan ortaya çıxara bilməyib? Başqa bir sual da var: necə oldu ki, Qafqaza aid olmayan bir dini sekta “milli dövlət”ə məhz Şimali Azərbaycan xanlıqlarının ərazisində çevrildi və müstəqilliyini Qafqazda elan etdi?

Qafqazda dini sekta kimi fəaliyyət göstərən və çarın köçürmə siyasəti ilə bölgəmizdə sayı süni surətdə artırılan ermənilərin “dövlət ideyası” başlanğıcda hər nə qədər qəribə görünsə də, üç dövlətə birdən qarşı idi: daha çox Osmanlıya, amma həm də Qacarlara və Romanovlara! İstər Cenevrədə qurulan “Hınçaq”, istərsə də Tiflisdə elan edilən “Daşnaksütyun” sol və radikal örgütlər olmaqla, daha çox Osmanlıdan qoparılacaq torpaqlarda dövlət qurmaq üçün Avropadan verilən vədlərə bel bağlayırdı. Ancaq 1915-ci ilin martında Britaniya, Fransa və Rusiya gizli şəkildə masaya oturaraq “Boğazlar sözləşməsi” imzaladı və az sonra bütün erməni cəmiyyətlərinə məlum oldu ki, onlara verilən vədlər quru sözdən başqa bir şey deyil. Sövdələşən tərəflər “erməni məsələsi”nin üstünə belə gəlməmişdilər. Ardınca may ayında Osmanlı sultanı Mehmet Rəşadın möhürü ilə “Təhcir qanunu” çıxarıldı, Ənvər paşa Anadoluda qaldırılan erməni üsyanlarının mətələrini dağıtdı. Nəticədə erməni təşkilatları “Böyük Ermənistan” xəyallarından əl çəkməsələr də, dövlət qurmaq arzularını Cənubi Qafqaza- Azərbaycan xanlıqlarının rus hakimiyyəti altına düşmüş ərazilərinə transfer etdilər.

Birinci Dünya Savaşında Osmanlı məğlub oldu, Romanovlar devrildi, Rusiya müharibədən çəkildi, Cənubi Qafqaz, belə demək tam yerinə düşməsə də, ortalıqda qaldı. Osmanlı Rusiyanın yenidən dirçələcəyindən ehtiyyat etdiyi üçün Qafqazı tam olaraq tutmaq, ilhaq etmək istəmirdi. Rusiyada iqtidara gəlmiş bolşeviklər üçün isə, başlanğıcda prioritet məsələ Cənubi Qafqaz deyildi, daxili və xarici siyasətdə üzləşdikləri problemlər bu barədə düşünmələrini ertələyirdi. Brest-Litovsk sülhünə (3 mart 1918) görə, Cənubi Qafqaz faktiki olaraq Osmanlının “nüfuz dairəsi” verilmişdi, ancaq ortada başqa bir problem vardı- Rusiya imperiyasının müvəqqəti hökuməti 9 mart 1917-ci ildə Qafqazdakı çar canişinliyini ləğv edəndən sonra yaranan Zaqafqaziya Komitəsi “hərlənib-fırlanıb” Seym olmuşdu. Gürcülərin daha təsirli olduğu həmin Seymdə Brest- Litovsk sülhünün şərtlərinə əsasən, Anadoludan çəkilən Rusiyanın Qars, Ərdahan və Batumu Osmanlıya verməsi etirazla qarşılanırdı. Məsələnin yoluna qoyulması üçün Osmanlı mayın 11-də işə başlayan “Batum konfransı”nı təşkil etdi.

Fotoda: Erməni nümayəndə heyəti Batum konfransında

Zaqafqaziya seymindən “Batum konfransı”na qatılan və əli ən güclü olan tərəf Azərbaycan nümayəndə heyəti idi. Əvvəla, bizim Milli Şura ilə Osmanlı nümayəndə heyəti arasında etnik ayrılıq yox idi və çıxarlar üst-üstə düşürdü. İkincisi, gürcülərlə Osmanlı arasında ərazi problemi ortaya çıxmışdı, ermənilər isə Xəlil Menteşenin təmsil etdiyi dövlətə daha dərin kinə malik idilər. Əgər konfransda Osmanlının Brest-Litovsk sülhünə dayanaraq irəli sürdüyü tələblər reallaşsaydı, hınçaq-daşnak zehniyyətinin “Ermənistan” deyə bir bdövlət qurması üçün heç bir zəmin qalmayacaqdı. Ancaq konfransın gedişində sanki hər şey dəyişdi. Səbəb isə bu oldu ki, Azərbaycan nümayəndə heyəti “Qafqaz konfederasiyası”nın tərəfdarı kimi çıxış etdilər və Ənvər paşanın ermənilərlə bağlı “çibanı kökündən təmizləmək” mövqeyinə yaxın durmadılar. Tarixin ironiyasına bir baxın: Azərbaycan nümayəndələri İstanbula teleqram vuraraq Osmanlıdan “Qafqazda erməni dövlətinin yaranmasına izn verilməsini” xahiş edirdi. “Qafqaz konfederasiyası” nağılı tez bitdi- Xəlil Menteşenin Zaqafqaziya Federativ Respublikasına verdiyi ultimatumun vədəsi dolmamış gürcülər almanlarla anlaşaraq Seymdən çıxdılar. Ertəsi gün Tiflisdə Azərbaycanın müstəqilliyi elan olundu. Eyni vaxtda erməni Milli Şurası “hökumət olmaq” səlahiyyətini öz üzərinə götürdü, amma əllərində “paytaxt” edə biləcəkləri şəhər olmadığından, eləcə də Osmanlının və AXC-nin qəti reaksiyasını tam bilmədiklərindən müstəqillik elan etməyə tələsmədilər. Xırda və konton formatlı “Ermənistan dövləti”nin yaranması ilə bölgədə sülhün bərqərar olacağını düşünən konfederalist babalarımız paytaxt kimi ermənilərə Gümrünün verilməsini uyğun sayırdı, amma ora artıq Osmanlının “qılınc haqqı” idi. Çanaq yenə bizim başımızda çatladı. 29 may 1918-ci ildə xalqımızın Çar Rusiyasının işğal etdiyi torpaqlarından bir qismi- İrəvan şəhəri və çevrəsi hələ elan olunmamış Ermənistana “güzəşt edildi”. 4 iyunda Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları Osmanlı ilə ayrı-ayrılıqda sülh sazişi imzaladılar. Bu da tarixin başqa bir ironiyası oldu- Ermənistanı tanıyan ilk dövlət Osmanlı olmuşdu... Batum razılaşmasına əsasən, Erməni Cümhuriyyətinin ərazisi 12 min kvadrat kilometr idi. Böyük torpaq iddialarında olan ermənilərcə, bu, ‘olduqca pis’ bir anlaşma idi, amma sevinirdilər ki, nəhayət özlərinə “bir yuva” qura biliblər. Almanlar rişxəndlə deyirdilər ki, türklər ermənilərə Göyçə gölündə çimməyə yer verib, amma qurulanmağa yox. Ermənilərə “qurulanmağa yeri”- Zəngəzurun qərbini AXC süqut etdikdən sonra Nəriman Nərimanov “inqilab hədiyyəsi” olaraq verdi. 12 kv. km ərazidə yaradılan bir dövlət SSRİ dağılanda isə, artıq 29 min kv.km-i adlamışdı. Bu, “ilk sərhədlər”in təxminən 1,5 dəfə böyüdülməsi idi. Amma gözü doymamış, Azərbaycan SSR-nin coğrafi hüdudlarında elan olunmuş müstəqil respublikamızın 20 faizini də işğal etmişdi. 20-ci əsrin əvvəllərində Osmanlının və Çar Rusiyasının dağılma, SSRİ-ni yaranma prosesindən tarixi fürsət kimi istifadə edərək özgənin torpaqlarında dövlətə çevrilmiş ermənilər “yuvanı genişləndirmək” üçün sovet imperiyasının süqutundan və yeni dünya düzənindən bəhrələnmək niyyətinə düşmüşdülər. Azərbaycan ərazilərini işğal etməklə bunu bacardılar da! SSRİ-nin dağıldığı, “müttəfiq respublikalar”ın müstəqil cümhuriyyətlərə çevrildiyi ilk illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal edə bilməsinin xeyli səbəbi var, amma indiki halda onları bir incələmədən,- əslində bu barədə dəfələrlə yazmışam- daxili və xarici amilləri çeşidləmədən, bir mühüm amilə diqqət yetirək. Ermənistan cəmiyyətinin kilsəyə və orijinal əlifbaya söykənən arxayik sosial strukturu Azərbaycan toplumu ilə müqayisədə münaqişəyə daha hazır idi. Azərbaycandan fərqli olaraq, erməni cəmiyyəti müstəqillik refleksi deyil, müstəqillik imitasiyası ilə ərazi genişləndirmək barədə düşünürdü. Azərbaycan xalqı isə, tarixi ənənəsinə uyğun olaraq, müstəqilliyə və dövlət qurmağa can atırdı, ona əngəl olmaq istəyənlər- bu, Rusiya və İrandan bir başqası deyildi- qabağa erməniləri verirdi. Fəqət Ermənistan və hamilərinin unutduğu, hesablaya bilmədiyi çox ciddi bir faktor vardı. Miflər aləmində yaşayan Ermənistan, ideoloji məzhəb dövləti olan İran və imperiya nostalgiyasından ayrıla bilməyən Rusiya bu gerçəkliyi görmək belə istəmirdi. Azərbaycan xalqının tarixi ənənələrindəki dövlət identifikasiyasını toplumun sosial strukturunda modernləşmə əzmi müşayiət edirdi. Mirzə Fətəli Axundzadə erməni keşişlərinə də, fars mollalarında da, çinovniki olduğu imperiyaya da öz ideyası ilə qalib gəlmişdi. Bu qələbə gec-tez Qarabağa da daşınacaqdı.

27 sentyabr 2020-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin “vur” əmri ilə başlayan əks-hücum əməliyyatı 44 gün çəkdi. Modern xalq və toplum, müstəqil respublika arxayik- mifoloji dini sekta və for-post üzərində böyük zəfər qazandı. Erməni cəmiyyətinin miflər üzərində qurulmuş sosial strukturu və dənizdən-dənizə uzanan xəyallar aləmi “Dəmir yumruq”la məhv edildi. 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanatdan- işğalçı tərəf üçün faktiki kapitulyasiya aktından sonra erməni cəmiyyəti Nikol Paşinyanı yenidən iqtidara gətirməklə böyük ölçüdə öz xisləti ilə üzləşdi və çanağına girməyə qərar verdi. Bir dəfə yazmışdım, yenə təkrar edim: İlham Əliyev Ermənistanı çanaqlı bağa kimi arxası üstə çevirib və ABŞ, Fransa, İran, Rusiya kimi bir-birinə zidd olan qüvvələr bu bağanı yenidən ayaqları üstündə qoymağa çalışırlar. Ancaq savaşdan qələbə ilə çıxan dövlət olaraq Azərbaycan Ermənistanın məğlubiyyətini tarixi sənədə çevirmək, gələcəkdə hər hansı iddialara yer verməyəcək şəkildə sərhədləri müəyyənləşdirmək üçün çalışır və Zəngəzur dəhlizini açmaqla yeni paradiqma yaradır.

Azərbaycan üçün Qarabağ məsələsi bitib. Ermənustanın ona tutulan toydan sonra “status” deyib təbil çalması Qarabağın aqibətini müəyyən etməkdən daha çox, özünü Azərbaycanın hər an yeni eskalasiyaya çevrilə biləcək həmlələrindən qorunmaq məqsədi güdür. Ermənistan çox yaxşı başa düşür ki, beynəlxalq səviyyədə ona hansı vəd verilib-verilməməsindən asılı olmayaraq, Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanda erməni separatizminə nöqtə qoyulub və kəsə desək, Qarabağ Azərbaycandır! Zəngəzur dəhlizinin açılması və bu dəhlizdən istifadə edəcək üç imperiyanın hüquqi varisinin (Rusiya, Türkiyə, İran) və üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Ermənistan və Gürcüstan) “6 lıq formatı”nda yeni münasibətlər sistemi qurması tarixi paradiqmaya “refresh” düyməsinin basılmasıdır. Ermənistanı “ənənəvi qaydada” Azərbaycana və Türkiyəyə qarşı oynatmaq İranın arzusu ola bilər, amma Rusiya çox yaxşı başa düşür ki, Qafqazın süni dövləti artıq onun əl-ayağına dolaşır. İrəvanın isə Rusiya və İran arasında seçim etmək lüksü, sadəcə olaraq, yoxdur. Düzdür, Ermənistanda Rusiya əleyhinə ovqat ən yüksək həddədir, ermənilər Moskvanı və Vladimir Putini onları birdəfəlik əşya kimi istifadə edib tullamaqda suçlayır. Ancaq bu gün Xankəndidə erməni icması qalıbsa, daha doğrusu, 44 günlük savaşda qaçdıqları şəhərə yenidən dönə biliblərsə, bunun üçün kimə təşəkkür etməli olduqlarını yəqin ki, yaxşı bilirlər. Rusiya işğal altındakı ərazilərimizin bir çoxunun azad edilməsinə göz yumsa da, Azərbaycan ordusunun Xankəndinə girməsinə imkan vermədi, bununla vaxtilə Azərbaycana köçürdüyü ermənilərin icma şəklində yaşamasını təmin etdi və bölgəyə sülhməramlı göndərməklə təhlükəsizliklərinin təminatını öz üzərinə götürdü. Rusiya son anda Qarabağda erməni etnosunun varlığını qorumaq istədiyi kimi, Ermənistanı da Azərbaycana yem etməyəcək- bu, bəllidir. Amma o da bəllidir ki, Rusiya üçün əhəmiyyətini həm böyük ölçüdə itirmiş, həm də bir əli Corc Sorosun cibində olan Ermənistan Moskva üçün arabanın beşinci təkəridir. Rusiya prezidenti Vladimir Putin bu təkəri hər ehtimala qarşı ehtiyyatda saxlayır, ancaq bu şinlə Yaxın və Orta Şərqin yenidən şəkilləndirilməsi üçün yola çıxarsa, mənzil başına çatmayacağını da dəqiq hesablayır. Odur ki, rəsmi Moskva “Ermənistan” adlı qan çanağının ölçülərinin həm də fiziki baxımdan müəyyən edilməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü təklifi yerində sayır.

Fotoda: Putin "Valdey Kulubu"nda

Rusiya prezidenti Vladimir Putini dinləyək:

"İndi ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.

Göründüyü kimi, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədləri Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanılan xəritələrə əsasən müəyyən ediləcək. Bu iki baxımdan zəruridir. Əvvəla, mülki xəritələr mübahisəlidir. İkincisi, Rusiyadan başqa bu cür dəqiq xəritələr başqa heç bir ölkədə, yəni ATƏT Minsk Qrupunun digər həmsədr ölkələrində yoxdur. Bu isə o deməkdir ki, Minsk Qrupu demarkasiya və delimitasiya məsələsində praktiki əhəmiyyət daşıyan rol oynaya bilməyəcək. Ortaya başqa sual çıxır: əsas götürülən xəritələr hansı ilə və ya illərə aid olacaq? Bunun bir meyarı, həm də obyektiv meyarı olmalıdır.

Ağıla gələn ilk meyar, əlbəttə, Azərbaycan və Ermənistanın BMT-yə üzv olarkən qəbul olunan sərhədləridir. Gürcüstandan fərqli olaraq, Azərbaycan və Ermənistan BMT-yə daha tez və eyni gündə- 2 mart 1992-ci ildə üzv qəbul olunublar. Dövlət başçısı sayılan prezidentlərinin saytında, həmçinin Rusiyanın Böyük Ensiklopediyasında Ermənistanın ərazi həcminin 29.743 kv. km. olduğu göstərilir. Ancaq bu, nisbi və keçərsiz rəqəmdir. İlk növbədə ona görə ki, Ermənistan hələ 1990-cı ildə, yəni SSRİ rəsmən dağılmamış Azərbaycanın bir sıra məntəqələrini, həm də Qarabağ səmtindən xeyli uzaqda, məsələn, Qazax və Naxçıvan istiqamətində işğal etmişdi. İkincisi, Ermənistan Qarabağı işğal edərkən qondarma “DRQ”-lə öz “dövlət sərhədləri”ni SSRİ-dən çıxma anındakı konturlarla deyil, daha irəlidən çizib. Odur ki, BMT-nin əlində sovet dövrünün tikanlı məftillərinə əsasən Türkiyə və İranla Ermənistanın dövlət sərhədlərinin haradan keçməsi barədə dəqiq məlumatlar olduğu halda, Azərbaycanla, eləcə də Gürcüstanla hüdudları barədə dəqiq məlumatlar yoxdur. Aralarında silahlı münaqişə baş verməsə də, Ermənistan və Gürcüstan sərhədlərinin uzunluğu belə bu iki ölkə arasında mübahisəlidir. Ermənistan hesab edir ki, Gürcüstanla 196, Gürcüstan hesab edir ki, Ermənistanla 224 km-lik sərhədi var. Mübahisələrə son qoyulması üçün 1995-ci ildə yaradılan birgə komissiya təxminən 160 km.-lik uzunluqda sərhədi dəqiqləşdirə bilib, qalan hissədə, Gürcüstan XİN-in iki il öncəki məlumatına görə, 95 kilometr məsafədə işlər davam etdirilirdi. Bu fakt bir daha təsdiq edir ki, BMT-yə qəbul zamanı keçmiş SSRİ-yə daxil olan ölkələr arasındakı sərhədlər konkret olmadığından, yeganə və xüsusi meyar kimi də götürülə bilməz. Deməli, əvvələ- onilliklər öncəsinə qayıtmaq lazım gələcək.

Foto internetdən götürülüb

ABŞ SSRİ-ni 1933-cü ildə tanımışdı. Qərb bloku bütün soyuq müharibə illərində və ondan sonra, elə indi də SSRİ və Rusiyaya Baltikyanı ölkələrlə bağlı təzyiqlər edir. “Soyuq müharibə” çağında ABŞ bildirirdi ki, o, SSRİ- ni dövlət kimi tanıyanda Baltik sahilindəki ölkələr sovetlərin sırasına daxil olmadığından onların Moskvanın tabeçiliyində qalması yolverilməzdir. Bu fakt bizə ilk kriteriyanı müəyyənləşdirməkdə kömək edir. Azərbaycanla Ermənistanın sərhədləri 1933-cü ildən sonra tərtib olunmuş xəritələrlə müəyyən edilə bilməz. Çünki həm Azərbaycan SSR, həm də Ermənistan SSR keçmiş SSRİ-nin beynəlxalq sərhədlərini formal şəkildə olsa da, müəyyən edən respublikalardandır. ABŞ SSRİ-ni məhz Azərbaycan və Ermənistan SSR-lərin sərhədlərinin müəyyənləşdirdiyi xətt boyunca SSRİ-nin ərazi hüdudlarını tanıyıb. Həmin konturun bir hissəsi- İran və Türkiyə xətti- bəllidirsə, digər hissənin bəlirlənməsində də eyni vaxtın atlasları masaya qoyulmalıdır. Başlanğıc tarixi olaraq Cənubi Qafqazın sovet respublikalarının Türkiyə ilə sərhədlərini müəyyən edən Qars müqaviləsini götürmək mümkündür. Beləliklə, Azərbaycanla Ermənistanın sərhəd bazasının Qars müqaviləsinin imzalandığı 13 oktyabr 1921-ci illə ABŞ-ın SSRİ-ni dövlət kimi tanıdığı 16 noyabr 1933-cü il aralığında müəyyənləşdirilməsi qaçılmazdır. Bu aralıqda isə, Güney Qafqazın hər üç ölkəsi Zaqafqaziya Sovet Sosialist Respublikasında birləşmiş, 30 dekabr 1922-ci ildə SSRİ-nin təsis olunmasında da məhz bu respublika iştirak etmişdi.

Zaqafqaziya Federativ Sovet Sosialist Respublikası 1927-1929-cu illərdə Azərbaycan SSR və Ermənistan SSR arasında sərhəd xəttini müəyyən etmiş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiqlənmişdi. Həmin qərarlar arxivlərdə, həmin dövrün xəritələri isə, necə deyərlər, hərbi dəqiqliklə Rusiyada mövcuddur. Bu xəritələrin masaya qoyulması Azərbaycanın hərbi qələbəsinin tarixi sülh müqaviləsinə çevrilməsi üçün ilkin şərtdir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru