YAP-da Qarabağ zəfərinə həsr edilən konfrans keçirilib

4 Noyabr 2021 13:27 (UTC+04:00)

Konfransda hakim partiyanın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımov, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans başlamamışdan əvvəl "44 günlük Zəfər salnaməsi" adlı film nümayiş olunub.

Daha sonra T.Budaqov çıxış edib. O bildirib ki, konfransın keçirilməsində məqsəd Zəfərə gedən yolda milli iqtisadiyyatın oynadığı rolu və gələcək hədəfləri dövlət, akademiya və biznes ictimaiyyətinin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.

T.Budaqov qeyd edib ki, qürurla torpaqlarımızın döyüş meydanında Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun işğalçıları tərəfindən darmadağın edilməsi ilə işğaldan azad edildiyi deyilir: "Prezident İlham Əliyevin inkişafa, qələbəyə yönələn siyasəti nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam bərpa edilib. Güclü iqtisadi inkişaf tarixi zəfər üçün mühüm amil olub.

Son 18 ilin iqtisadi göstəriciləri qarşıya qoyulan əsas hədəflərin uğurla reallaşdığını göstərir. Ümumdüxaiki məhsulun 3,2 dəfə artımı dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Həmin dövrdə Azərbaycana 274 milyard investisiya qoyulması mühüm iqtisadi amillərdən biridir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB dövlətləri sırasında ilk yerdə durur. Ordu quruculuğu strategiyası da uğurla davam edib. Bu isə Azərbaycan milli maraqlarını döyüş meydanında təmin etməyə imkan verib.

Dövlət başçısı da deyib ki, iqtisadi potensialımız olmasaydı, bu, çətin olardı. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş bərpa işlərinə başlayıb. Bu, postmüharibə dövründə də Azərbaycanın iqtisadi gücünü əks etdirir. Xüsusi Azərbaycan rayonların yeni iqtisadi bölgüsü milli iqtisadiyyatın inkişafına töhfə verəcək. Qarabağ və Zəngəzur iqtisadi rayonlarının olması isə tarixi, mənəvi, siyasi və iqtisadi baxımdan çox əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması geniş formatlı əməkdaşlıq üçün Azərbaycan başda olmaqla işbirliyində maraqlı olan bir çox dövlətlərin mühüm mənfəət əldə etməsi deməkdir. Bu isə Azərbaycanın milli tərəqqisində yeni dövrün başlanğıcdır".

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri R.Nəbiyev çıxışında vurğulayıb ki, bugünkü reallıqda iqtisadiyyatın əsasını innovasiya və biliklər təşkil edir: "Əgər Azərbaycanın iqtisadiyyatı güclü olmasaydı lazımi texnologiyaları əldə edə bilməzdik. Hesab edirik ki, innovasiyalar ixtiralardan keçməlidir. Hazırda rəqəmsal transformasiya dünyada əsas qüvvə kimi görünür. Rəqəmsal transformasiya bir çox hallarda rəqəmsallaşma kimi görürük. Amma rəqəmsal transformasiya özü-özlüyündə biznes mühitin dəyişməsidir. Bu isə daha çox proqnozla işləyən hökumətə keçiddə əsas rol oynayır".

Nazirin sözlərinə görə, bütün dünyanın aparıcı ölkələrində ümumdaxili məhsulun təxminən 2,3 faizi elmi tədqiqatlara həsr olunur: "Təəssüf ki, bu gün Azərbaycanda bu rəqəm istədiyimiz səviyyədə deyil. Qarşıya qoyulan məqsəd odur ki, elmi tədqiqatlara ayrılan vəsaitlərin həcmi iqtisadiyyatın potensialına xidmət etməsi üçün bir neçə dəfə artırılsın. Əsas hədəf odur ki, elmi tədqiqatlar üçün ayrılan vəsait dövlət büdcəsinin üzərinə düşməməlidir".

Qeyd edək ki, konfransın əsas tərəfdaşı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.