ŞUŞADA QALANAN TONQALLAR...

4 Noyabr 2021 14:49 (UTC+04:00)

Oğuz elinin qədim adətinə görə, elin şad günündə, çətin günündə dağların başında tonqal qalanardı: bir, iki, üç... Dədə-babalarımız eli-obanı “tonqal dili”ylə şənliyə, toy-bayrama, düşmənlə mübarizəyə, birliyə, əkin-biçinə çağırarmış...

Azərbaycanın dövlət başçısının Şamaxı və İsmayıllıya səfər proqramını izləyərkən Şamaxımızda, İsmayıllımızda görülən abadlıq-quruculuq işlərinin Şuşa havası, zəfər iqlimi aydın göründü. – Şuşada qalanan zəfər, quruculuq, birlik çağırışlı tonqalların bu bölgələrimizdə necə cavab bulduğunu gördük.

İşğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur layihələri, geniş tikinti-quruculuq, təmir-bərpa işləri gedir. Bunu xalqımız, əlbəttə, alqışlayır. Qarabağda işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə keçidin məsuliyyəti və şərəfi aydındır; bu alqışın bir səbəbi də odur ki, Qarabağdakı işlər ümumazərbaycan inkişafının tərkib hissəsi olub, uyumlu şəkildə aparılır. Yəni Qarabağın Qarabağ yeri var - əzizdir; Qarabağlı, Gündoğar Zəngəzurlu (və Günbatar Zəngəzura inamlı) Azərbaycanın başqa həllivacib işləri də uhulət-suhulətlə yerinə yetirilməlidir, yetirilir də. Zatən Qarabağın azadlığı ümumazərbaycan hadisəsiydi. Bu anlamda, dövlətimizin, şəxsən dövlət başçısının ölkənin bütün bölgələrinin inkişafı məsələlərini biləvasitə nəzarətdə saxlaması, geniş quruculuq, yenidənqurma, təmir-bərpa işlərinə dair ardıcıl, planlı tapşırıqlar, qərarlar verməsi çağdaş Azərbaycanın simasını formalaşdırmaqdadır. – Ölkəmizin bütün bölgələri boyunca geniş quruculuq işləri davam edir.

Azərbaycan Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi, bu səfərlərdə verilən ismarıclar, qəbul edilən hesabatlar, açılışlar və s. onu göstərir ki, dövlətimiz müharibədə də, müharibəsonrasında da sosial proqramları, zəruri öhdəlikləri təxirə salmayıb, ertələməyib. Bu, bizdə vətəndaş qüruru yaradır.

Babadağ kəramətli İsmayıllı

Elə yalnız İsmayıllıdakı Basqal-Sulut avtomobil yolu, son illər ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması yönündə görülmüş işlərin miqyasını gözlər önünə sərmiş olar.

Fiziki, texniki planlı quruculuq işlərinin, infrastruktur layihələrin ümumölkə miqyası öz yerində, dini-mənəvi, əxlaqi, mədəni və təlim-tədris planındakı çiçəklənmələr də gözardı edilə bilməz.

Dövlət başçısının Şuşada olduğu qədər, məsələn, Lahıcda da tarixə, ənənələrin qorunmasına, mədəni həyatın inkişafına həssasiyyəti görünən, bilinən, sevilən hadisədir. Hər il onminlərlə xarici turistin Lahıca gəlməsinin heç də təsadüf əsəri olmadığını bilirik. Bu əsər xalqımızın Lahıc adlı əsərinə dövlətimizin həssaslıq əsərinin təcallasıdır.

Şuşadakı ibadət ocaqlarındakı tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması, bərpası yönündə işlərin eyni şövq, məhəbbət, sevgi (və də peşəkarlıqla!) məsələn, Şamaxıda, İsmayıllıda da aparılması gözardı edilə bilməz. 1791-ci ildə tikilən Bədöyün məscidində Heydər Əliyev Fondunun apardığı bərpa-təmir işləri dediklərimizi daha aydın izah edir.

Yeni binaya qovuşmuş İsmayıllı şəhər N.Behdiyev adına 6 saylı tam orta məktəb, İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzi son illər ölkəmizdə çağdaş təhsil infrastrukturunun təntənəsini təcalla etdirir. Respublikamızda 3 mindən çox məktəb tikilməsi və ya məktəblərin əsaslı təmir-bərpa olunmasını burada xatırlasaq, ümumi mənzərə daha anlaşıqlı olar. Yəni məktəb, təlim-tərbiyə, mənəvi, əxlaqi institutlara qayğı göstərilməsi köklü, sistemli xarakter daşıyır. Abadlıq, quruculuq elə bir kateqoriyadır ki, biri başqasını doğurur, biri o birini tamamlayır. Bu fərdi evlərə, şəxsi həyətlərə və həyatlara da sirayət edir. Quruculuq, abadlıq, səliqə-səhman, nizam elə bir səciyyə daşıyır ki, toplumda başqa gözəlliklərə səbəb olur yaxud belə gözəlliklərə yeni çalarlar, rənglər qatır. Məsələn, bu çalar, bu rəng İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından aparılan xüsusi abadlıq işlərinə tamı tamına aiddir.

Heyran olmuşam axı...

Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı, perspektivdə “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələrinin əlaqələndirilməsi, son illər ölkəmizdə enerji təchizatı sahəsində görülmüş işlərin təkmil təzahürüdür.

Şamaxı şəhər Yaradıcılıq Mərkəzinin, şəhər stadionunun açılması, Şamaxı Üzüm Tingçilik Mərkəzi, Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binası, Pirsaat Baba ziyarətgah-məscid kompleksində bərpa və yenidənqurma işləri müvafiq sahələrdəki dövlət siyasətinin parlaq ifadəsidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!