Abituriyentlər üçün yeni sistem hazırlanır

25 İyun 2013 11:18 (UTC+04:00)
Vətəndaşlar bundan sonra çağırış yaşı çatmış abituriyentlərin həqiqi hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlətdirə biləcək.

Bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində iş aparılır. Qurumdan AzNews.az-a bildirilib ki, abituriyentlərin hərbi xidmətdən möhlət üzrə avtomatlaşdırılmış sistemi hazırlanır.

Elektron bazanın yaradılması işləri başa çatdıqdan sonra qeyd olunan məsələ öz həllini tapacaq.

İyulun 1-dən isə Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytında hərbi xidmətə çağırışla bağlı elektron xidmət tətbiq ediləcək.

Belə ki, "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında hazırda fəaliyyətdə olan "Elektron müraciət" və "Sual-cavab" bölümlərindən başqa "hərbi xidmət yeri" bölümü də istifadəyə veriləcək. Bu bölümdən istifadə vətəndaşlara 2013-cü ilin iyul çağırışından başlayaraq hər çağırış vaxtı çağırışçılar haqqında məlumat almaq imkanı yaradacaq.

Ruhiyyə
AzNews.az