Anam Qaragöldə tüfəngi Sedraka tuşladı: "Rədd olun buradan!"

12 Noyabr 2021 12:08 (UTC+04:00)

Ana təbiət elə bil bu yeri əzizləmiş, nə qədər gözəlliklər varsa, hamısından Qara gölə pay vermişdi. Əsrarəngiz gözəllik məkanı – Qara göl. Gölün hər tərəfi dağlarla əhatə olunmuşdu. Dağların ətəkləri çəmənlik, çəmənlikdə isə hər növ gülçiçək. Adam baxdıqca doymazdı bu gözəllikdən. Dəniz səviyyəsindən 1500 m yüksəklikdə olan bu yaylağa ən çox yaxın kəndlərin, kolxoz və sovxozların heyvanlarının yay otlaq sahəsi idi. Ən çox ata məkanım olan Qarqışlaq, sonra Sadınlar, Quşçu və.s. kəndlərin heyvanlarının otlaq yeri idi. Bununla bərabər maşın-maşın adamlar istirahətə gəlir, burada olduğu müddətdə təbiətdən zövq alır, çınqıllı bulaqdan heç olmasa ürəyi sərinlədən bir stəkan su içirdilər. Çınqıllı bulaqın suyu o qədər soyuq olurdu ki, heç kim bir stəkan suyu axıra qədər içə bilmirdi. Deyirdilər ki, suyun belə soyuq olmasının səbəbi elə çınqıllardır. Səhərlər qoyun-quzu səsinə yuxudan oyanardıq. Şehli çəməndə ayaqyalın qaçardıq. Deyirdilər ki, ayaqyalın şehin üstü ilə yeriyəndə bu ayaqlara çox xeyirdi. Bütün yay uzunu o yer qalmırdı ki, oranı gəzməmiş olaq. Ancaq «Ayı dərəsi»ndən başqa. Orada qar olurdu. Qarın səbəbinə oraya gedərdik. Ancaq deyirdilər ki, həqiqətən də orada ayı görənlər olub. Qardan əlimizə bir az götürən kimi ayının qorxusundan tez qaçardıq. Gölün hər tərəfi dağ ilə əhatə olunmasına baxmyaraq birdən göldə elə bir ləpə qopurdu ki, heç yaxına da getmək olmurdu. Yaşlı adamlar söyləyirdilər ki, bu göl çox müqəddəsdir. Əgər ora çirkli bir şey atılardısa, onda bu göl belə fəğan edir və ləpələr o çirkləri vurub çıxarır. Gölün suyu qıraqdan baxanda gömgöy görünürdü. Ancaq axşamlar isə sanki qara rəngə boyanırdı. Bəlkə elə buna görə də bu gölə Qara göl adı vermişdilər.

Qara göl haqqında çoxlu rəvayət və əfsanələr söyləyirdilər. Deyirdilər ki, qış aylarında gölün üstündə çoxlu qalın buz təbəqəsi olur. Yaxın kəndlərə gedən adamlar yollarını kəsə etmək üçün buzun üstü ilə gedirmişlər. Oradan keçən Azərbaycanlılar çox asanlıqla keçirlər. Buz tərpənmir. Qara göl Azərbaycanın sərhəddində yerləşir. Oradan Ermənistanın Gorus rayonuna və yaxın kəndlərinə getmək asan idi. Bir neçə erməni də istəyir ki, göldən keçib yollarını yaxın etsinlər. Buz qırılır, ləpə qopur və ermənilər də gölün düz ortasında, ən dərin yerində batırlar. Belə söyləyirdilər ki, həmin il yaz açılır və gölün ləpələnməsi dayanmır. Axır ki, ermənilərin meyidlərini ləpə vurub gölün qırağına çıxarır. Qara gölün suyunda duzluluq yox idi. Bu su həmi şirin həm də ağır idi. Gölün qıraqları dayaz olmağına baxmayaraq suya nə isə düşəndə və adamlar çiməndə su çəkib gölün ortasına aparırdı. Yəqin ki, gölün axacaq yeri var idi.

Belə söyləyirdilər ki, keçmişdə bir nişanlı qız gölün qıraqında paltar yuyurmuş. Birdən qızın nişan üzüyü barmaqından sürüşüb gölə düşür. Qız nə qədər gəzirsə üzüyü tapa bilmir. O, vaxtki adətlərə görə nişan üzüyünü itirmək böyük bir günah və etibarsızlıq sayılırdı. Ancaq qız bu sirri heç kəsə demir. Aradan xeyli keçir. Qızın nişanlısı naxırı otaran zaman Əli bulaqından əyilib su içmək istəyir. Bir də görür ki, onun nişanlısına verdiyi və üzərində müəyyən işarəsi olan nişan üzüyü bulaqın gözündədir. Oğlan üzüyü götürür. Qıza xəbər göndərir ki, sabah onunla görüşsün. Görüşdə oğlan qızdan soruşur ki bəs sənin nişan üzüyün hanı? Qız əvvəlcə qorxusundan heç nə demir. Birdən oğlan cibindən nişan üzüyünü çıxarıb qıza göstərəndə qız tez deyir ki, sən allah məni bağışla. Göldə paltar yuyanda barmağımdan sürüşüb gölə düşdü. Ancaq nə qədər gəzdinsə tapa bilmədim. Bəs necə oldu ki, sən bunu tapa bildin? Oğlan məəttəl qalır. Deyir: -Sən nə danışırsan? Mən üzüyü Əli bulaqından tapmışam. Deməli gölün dibindən sızan su Əli bulaqına gedirmiş.

Gölün qıraqlarında böyük qayalar vardı. O qayaların birində gecələr işıq yandığını görənlər olub. Ona «Çıraq daşı» deyirdilər. Bəlkə də o işıq gecələr qara rəngdə olan gölə işıq verirmiş. Kim bilir, bəlkə də. İşıqlı dağ, Keçəl dağ – hamısını gəzərdik. Gecələr isə dünyagörmüş Nurxanım nənənin söylədiklərini, dediklərini yaxşı-yaxşı dinləyərdik. Nurxanım nənə Qarıqışlaq kəndindən idi. Yaşlı, ancaq nurlu sifətindən həmişə nur yağan bu qadına yəqin ki, bu adı əbəs yerə qoymamışdılar. Nurxanım nənə Qaçaq Nəbini öz gözləri ilə görmüşdü. Söyləyərdi ki, Nəbi bizim kəndə gecələr gələrdi. Özü də atamla dost olduğu üçün bizim evədə qalardı. Onlar səhərə qədər söhbət edər, səhər isə o başdan xoruz səsi eşidilməmiş, heç kim onu görməsin deyə gedərdi. Onun zalım xanlardan, bəylərdən çox, qisas alacağı ermənilər idi. Bəli, Qara göldə, Keçən dağın başında Qaçaq Nəbinin qurduğu səngərləri, oturub dincəlmələri üçün düzəltdikləri yerləri öz gözlərimlə görmüşəm. Dağ başındakı səngər ağır-ağır daşlardan qurulmuşdu. Daşların aralarından isə top atmağa yer qoymuşdular. Yaşlı adamlar söyləyirdilər ki, Qaçaq Nəbi buradan, yüksəklikdən onun üstünə qoşun toplayıb gələn erməni çinovniklərini və onun qoşunlarını top atəşinə tutar, onları darmadağın edərdi. Onun qorxusundan heç kəs cürət edib bu tərəflərə gələ bilməzdi. Maraqlı idi. Sanki Nəbi bu yerlərdə təzəcə olmuşdu. Səngərdən bu yanda yastı-yastı daşlardan stul kimi düzəltdikləri daşların yanında bizi təəccübləndirən bir şey də vardı ki, onu demək istəyirəm. Bütün bunlardan əlavə daşdan bir yüyrük də düzəltmişdilər. Məətəl qalmalı iş idi. Deyirdilər ki, bu yüyrüyü Nəbi özü daşdan hazırlayıb. Bəs necə olub ki, övladı olmayan Nəbi bu uşaq beşiyini hazırlayıb. Mənə elə gəlirdi ki, Qara gölü müqəddəs yer kimi tanıyan Nəbi, bəlkə də övlad ümidini itirməyib. Bir arzu, bir niyyət kimi uşaq beşiyini hazırlayıb ki, gələn ilə qədər onun övladı olsun.

Çünki çox adamlar bayaq söylədiyim kimi «Çıraq daşı»na nəzir qoyardılar, arzularına, niyyətlərinə çatardılar. Ora qoyulan nəzirə isə heç kim əlini də vurmazdı. Bu nəzirləri ya bir imkansıza, ya da şikəstə verərdilər. Ona görə də nəzir qəbul olunardı. Biz üç ay yayı orada, Qara göldə qalardıq. Bayaq dediyim kimi Qara göl Azərbaycanın sərhəddində yerləşirdi. Ermənilər Gorus rayonuna, Gorusun kəndəlrinə və əkin yerəlrinə göldən motor ilə su çəkmişdilər. Gölün suyu şirin olduğu üçün, istifadəyə yararlı idi. Ermənilər gölün qırağında kiçik bir tikili tikib, içinə də motor qoymuşdular. Motor demək olardı ki, sutqanın 20 saatını işləyirdi. Mən hələ onda orta məktəbdə oxuyurdum. Amma, bu mənə çox pis təsir edirdi. Elə hey fikirləşirdim: «necə olur, yaylaq bizim, göl bizim, yer bizim, ancaq gölün suyunu onlar öz xeyirləri üçün istifadə edirlər. Məgər, bunu biz eyləyə bilmərik? Niyə də gözümüz özümüzə bağlıdır?» Elə hey fikirləşərdim… Səhər açılanda uşaqlarla sözü bir yerə qoyardıq ki, gedək motoru qıraq. Ancaq oraya ermənilər növbə ilə keşik çəkirdilər.

Bir gün eşitdik ki, gölə bir qayıq gətiriblər. Biz hamımız ora qaçdıq. Nə görsək yaxşıdır? Sevan-Göyçə gölünün balıq kürüsündən ermənilər oraya – Qara gölə tökürlər. Demək o vaxtdan sən demə oraya yiyələnirmişlər. Elə də oldu. Artıq gələn il balıqlar böyümüşdü. Bütün bu işlərə nəzarət edən Sedrak adlı bir erməni qulduru idi. O, tez-tez gölə gəlir, oralara nəzarət edir, bütün işləri səhmana saldıqdan sonra çıxıb gedərdi. Bir dəfə bir QAZ-51 markalı maşın dolu ermənilər dincəlmək, yeyib-içmək üçün gölün qırağına gəldilər. Mənim qardaşım Rövşən dedi ki, onları qəlbim götürmür ki, gəlib bizim yaylaqda at oynatsınlar. Onalra daş atmaq istəyəndə daş maşının işıq şüşəsinə dəydi və şüşə qırılıb yerə töküldü. Ermənilər tez tökülüşdülər. Daşı atanı axtarmağa başladılar. Birdən quldur Sedrak gəldi, nə gəldi. Dedi ki, daşı kim atıb maşının şüşəsini qırıb, desin! Əgər deməsəniz bütün uşaqları yığıb Gorusa- milis idarəsinə aparacağam. Uşaqlar çox qorxdular. Mən tez alaçığa qaçıb anama xəbər verdim. Anam həmişə evimizdə olan tüfəngi götürdü və uşaqlar olan yerə gəldi. Bir də baxdıq ki, Sedrak uşaqları elə düzüb ki, elə bil almanlar əsir uşaqları düzdüyü kimi. Anamın əlində tüfəngi görən Sedrak özünü itirdi.

- Ay bacı, belə də iş olar? Mən bilirəm sizin uşaq deyil. Amma kimin uşağıdırsa adını da demirlər.

Anam dedi:

- De görüm nə olub axı?

- Nə olacaq, ay bacı. Daş atıb maşının işıq şüşəsini qırıblar.

- Ay Sedrak, bunlar uşaqdırlar. Bilməyiblər, daş atanda maşının şüşəsinə dəyib qırılıb. Böyük bir şey olmayıb ki, uşaqlarla işin olmasın, nə xərci varsa hamısını mən verərəm. Gedib təzə şüşə alıb maşina taxarsınız.

Onda Sedrak qızışdı:

- belə olmaz, gərək bu uşaqları mən milisə aparam ki, bir də belə qələt etməsinlər. Erməninin maşınını, sizin uşaqlar daş ilə vuralar. Anam içi patronla olan tüfəngi Sedraka tərəf çevirdi:

- Götür küçüklərini, tez buradan rədd ol, yoxsa beynini dağıdaram. Hacılar kolxozunun 40 baş quzusunu sən oğurladın, sənə heç nə demədilər. İndi nə var, nə var, uşaq bir şüşə qırıb. Bir də köpək oğlu sənin buradan keçəndə bir də səsini eşitsəm özüm səni öldürəcəyəm. Dinməz-söylənməz tez buradan uzaqlaş. Tülkü kimi hiyləgər və qorxaq olan Sedrak bilmədi nə etsin.

Rəngi ağappaq ağardı:

- Bacı, sənə qurban olum. Mən yazıq nə deyirəm ki, hamısı sizə qurban. Elə o saat da dincəlib, yeyib-içməyə gələn ermənilər maşina doluşaraq çıxıb getdilər. Ondan sonra bir də onun səsini eşitmədik. Qorxaq və hiyləgər olan Sedrak həmişə dilağız edirdi:

- Bacı, mən sakitcə buradan keçirəm – deyirdi...

Afaq ƏSGƏRQIZI,

"Bir ayrılıq" kitabından