"Bilmirəm, QHT-lər qorxudan Maliyyə Nazirliyinə etiraz etmirlər, yoxsa başqa səbəblər var..."

16 Noyabr 2021 16:47 (UTC+04:00)


Bunu BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin rəhbəri Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, parlamentdə gələn ilin dövlət büdcəsinin müzakirəsi getdiyi zamanı maliyə naziri Samir Şərifov QHT ayrılan vəsaitin verilməməsinə aydınlq gətirib:

"Nazir günahı QHT Dövlət Dəstəyi Agentliyinin üzərinə qoydu. Bundan dərhal sonra Agentliyin nümayəndələri açıqlama verdilər ki, Agentlik üzərinə düşən məsələləri həll edib və bütün sənədlərin təsdiq olunması üçün həm Maliyə Nazirliyinə, həm də Nazirlər Kabinetinə göndərib. Cavab gözləyirlər. Vəziyyət məşhur deyimdə deyildiyi kimidir, şap elə bilir şupdadır, şup da elə bilir şapdadır. Artıq 2021-ci ilin bitməsinə cəmi 45 gün qalıb. Bu da o deməkdir ki, 4000 QHT üçün qrant müsabiqəsi elan olunmayacaq və həmin ayrılan vəsait Maliyə Nazirliyinə geri qaytarılacaq."

Niyaməddin Orduxanlının bildirdiyinə görə, ən dəhşətlisi odur ki, yaranmış vəziyyətlə bağlı 4000 QHT içindən cəmi 4 QHT baş vermiş hadisəyə etiraz etmir:

"Bu QHT-lərlə ictimai nəzarəti həyata keçirəcəyik?! Bu QHT-lərlə İctimai Şuralarda təmsil olunuruq? Susurlar. Bimirəm, qorxudan etiraz etmirlər, yoxsa başqa səbəblər var. Siz danışmayandan sonra kim danışacaq?! Axı hər il QHT Dövlət Dəstəyi Şurasının yüzlərlə yüksək səviyyəli, dövlət maraqlarının müdafiəsi istiqamətində, Qarabağın təbliği, beynəlxalq müstəvidə Azərbayacanın maraqlarının qorunması, sosial yönümlü, fiziki qüsurlu şəxslərə dəstək, şəhid ailələrinə dəstək, anti-milli qüvvələrə qarşı fəaliyyət istiqaməti, hətta koronavirusla mübarizəyə həsr edilmiş layihələr icra olunub. 3-6 aylıq layihələrə on minlərlə insan cəlb edilib və bu da o deməkdir ki, 3-6 aylıq on minlərlə insan əmək haqqı alıb. Yüz minlərlə insan layihələrin icrasına cəlb edilib. Bu işləri həyata keçirmək üçün dövlət büdcəsindən vəsait ayrıldığı halda, bu il bu işlər kənarda qaldı. Özü də sizə deyim ki, QHT Agentliyinə ayrılan 6 milyon həddindən artıq azdır. Bunun 4 milyonu 4000 QHT üçün qrant müsabiqəsinə ayrılır və il ərzində bir dəfə QHT müsabiqədə iştirak edə bilər. Ayrılan vəsaitin həcmi də 3-10 min manat olur. Ayrılan və vəsaiti 4000 QHT arasında bölünsə, hər QHT-nin ayına 100 manat düşmür. 100 manata da QHT saxlamaq olar?"

QHT sədri bu il Qarabağda tarixi qələbəmizin əldə olunması faktına da toxunub:

"Möhtəşəm bir qələbə əldə etmişik. 250 illik tarixi qələbədən söhbət gedir. 8 noyabrda bu qələbənin bir illiyini dövlət və xalq olaraq qeyd etdik. Ancaq çox təəssüf ki, vətəndaş cəmiyyətinin 8 noyabr Zəfər Gününün bir illiyinə həsr olunmuş heç bir tədbiri, layihəsi olmadı..."